Media

“Parlamentdə onun çox qızğın və parlaq müzakirəsi gedəcək”

“Parlamentdə onun çox qızğın və parlaq müzakirəsi gedəcək”

“1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilsə də hazırda müasir çağırışlara cavab vermir. Buna görə də, mediada yeni qanun layihəsinin hazırlanması zəruri idi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, bu qanun layihəsinin hazırlanması prosesində çoxsaylı media nümayəndələri də iştirak edib:

“Yeni media qanununda bir çox sahələrə toxunulub. Yeni qanunla sosial şəbəkələrin, bloggerlərin fəaliyyəti tənzimlənəcək. Yeni qanun layihəsi bir neçə media nümayəndələri tərəfindən tənqid olundu və təbii ki, bu da anlaşılandır. Qeyd edim ki, bu, növbəti dəfə komitələrin birgə iclasında müzakirə olunub, parlamentin iclasına çıxarılacaq. Əlbəttə ki, qanuna yeni düzəlişlərin olması da mümkündür. Lakin ümumi baxsaq, deyə bilərik ki, qanun müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanıb və burada beynəlxalq təcrübə də nəzərə alınıb”.

V.İskəndərov diqqətə çatdırıb ki, qanun layihəsinin maraqlı tərəflərindən biri də vahid jurnalist vəsiqələrinin verilməsidir:

“Qeyd edim ki, yeni qanunda statusundan sui-istifadə halların qarşısını almaq üçün yeni maddələr əlavə olunub. Bundan başqa çox vacib məsələlərdən biri də keyfiyyətli xəbər istehsalı ilə bağlıdır. Media reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalının vacibliyi üzə çıxıb. Bununla bağlı güzəştlər, imtiyazlar tətbiq olunacaq və media subyektlərinin, jurnalistlərin dairəsi müəyyənləşəcək. Ən əsası da bu istiqamətdə fəaliyyətin həcmi və əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Müəllif hüquqlarının qorunması məsələsi də yeni qanunda əks olunub. Artıq media subyektlərinin bir-birindən xəbər oğurlamaq vərdişləri aradan qaldırılacaq. Bununla da, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı stimullaşdırılacaq. Ümumiyyətlə, bu, media sahəsində daha effektli fəaliyyəti təşkil edən və yeniliklərlə əhatə olunan bir qanun layihəsidir. Düşünürəm ki, parlamentdə onun çox qızğın və parlaq müzakirəsi gedəcək. Ümumiyyətlə, qanun layihəsi müasir çağırışlara səslənir. Çünki dövrümüz dəyişir və bu sürətdə media geridə qala bilməz. Buna görə də media bu sahədə iri addımlarla irəliləməli və cəmiyyətin aparıcı qüvvəsi olduğunu sübut etməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az