Gündəm

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın dünyada artan reytinqindən xəbər verir

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın dünyada artan reytinqindən xəbər verir

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın mövqeyini getdikcə möhkəmləndirir, reytinqini yüksəldir. Ötən il Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində qazandığı parlaq qələbə ölkəmizin dünya birliyindəki nüfuzunu daha da artırdı. Artıq dünya ictimaiyyəti Azərbaycanı qalib ölkə kimi qəbul edir. Bu günlərdə ölkəmizin daha bir diplomatik uğuru hər kəsi sevindirdi.

Xəbər verildiyi kimi, dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəfə alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Bildirilib ki, məhkəmə, əsaslı olaraq, Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib.

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı bu qərarını şərh etmək üçün Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə müraciət etdik. O dedi:

– Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasətinin növbəti nümunəsidir. Biz bu qərarı alqışlayır və Ermənistanın məhkəmənin qərarını dərhal yerinə yetirməsini tələb edirik. Bildiyimiz kimi, bu il sent­yabrın 14- də Ermənistan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın pozulması ilə bağlı Azərbaycana qarşı iddia qaldırmışdı. Bundan bir həftə sonra – sentyabrın 21- də Azərbaycan tərəfi “İrqi ayrı-seçkiliyin bütün for­malarının ləğv edilməsi haqqında” Konvensiyanın tələblərinin Ermənistan tərəfindən pozulması ilə bağlı qarşılıqlı iddia qaldırmışdı. Oktyabrın 14- dən dekabrın 7- dək , təxminən 1 ay 20 gün ərzində BMT –nin Beynəlxalq Ədalət Məhkəməsində hər iki dövlətin qaldırdığı iddialar əsasında məhkəmə baxışı olmuş, eyni zamanda, təqdim edilmiş sübutların qiymətləndirilməsi ilə bağlı Məhkəmə Kollegiyası müzakirələr aparmışdı.

7 dekabr 2021- ci il tarixdə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarının əsassız olması ilə bağlı qərar qəbul etmişdir. Məhkəmə baxışı zamanı Ermənistanın iddialarının heç bir fakta və sübutlara söykənmədiyi əsas gətirilərək qərar qəbul olunmuşdur.

Ermənistan Azərbaycana qarşı əsas üç istiqamət üzrə iddia qaldır­mışdı. Birinci müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair idi. Digər iddiaları Bakıda mövcud olan Hərbi Qənimətlər Parkının bağlanılması və Azərbaycan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşadırılması ilə əlaqədar idi. Məhkəmə hər üç iddi­anı ləğv etməklə Ermənistan üzərinə öhdəlik qoymuşdur. Məhkəmə etnik zəmində zorakılıqla bağlı çağırışlar edən qruplaşmalara və fərdi şəxslərə qarşı Ermənistan dövləti tərəfindən təcili tədbirlər görülməsi barədə qərar qəbul etmişdi. Məhkəmənin qərarları, yəni Azərbaycana qarşı qaldırılan iddiaların ləğv edilməsi və Ermənistan üzərinə öhdəlik qoyması bunu göstərir ki, Ermənistan tələm-tələsik, heç bir fakta və sübuta əsaslanmadan Azərbaycana qarşı iddia qaldırmaq­la çirkin niyyətlərinə nail olacağına ümid bəsləyirmiş. Amma Azərbaycan tərəfinin bir həftə sonra – sentyabrın 21- də Ermənistana qarşı qaldırdığı iddia fakt və sübutlarla zəngin olduğun­dan Beynəlxalq Ədalət Məhkəməsinin Hakimlər Kollegiyası haqq-ədalət qarşısında aciz qalaraq, belə bir ədalətli qərarın qəbul olunmasını təmin etmişdir.

Bu, onu göstərir ki, Qarabağda baş verən hadisələr, Ermənistanın işğalçı­lıq siyasəti, eyni zamanda, bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vandalizm bütün beynəlxalq təşkilatlar tərəfindən, bəzən hətta dilə gətirməsələr də, diqqət mərkəzindədir. Onlar bu cinayətlərin, vəhşiliyin nədən ibarət olduğunu artıq dərk edirlər. Dünya ictimaiyyəti də Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir, Ermənistanın yalanlarına inanmır. Hazırda Azərbyacan reallıqları dünya­ya olduğu kimi çatdırılır və beynəlxalq ictimaiyyət Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətini pisləyir. Bu, diplomatik fəaliyyətimizin uğurlarının növbəti təzahürüdür.

Məsələyə başqa bir formatdan da yanaşmaq mümkündür. Bu gün Ermənistanın ictimai-siyasi həyatında olduqca ağır vəziyyət yaranıb. Yəni, görünən budur ki, Paşinyan və onun komandası bölgədə sülhün bərpa olun­ması üçün 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarını icra etməyə məhkumdur. Çünki Soçi görüşündən sonra bu, artıq açıq-aydın hiss olu­nurdu. Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarka­siyası böyük sülh sazişinə hazırlıqdır. Amma Ermənistandakı revanşist meyillilər birmənalı olaraq, buna qarşı çıxaraq ölkədə qarşıdurma yaratmağa cəhd edir, sülh sazişinin imzalanması­na süni əngəllər törətməyə çalışırlar. Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı Paşinyan hakimiyyətinə və onun komandasına revanşist qüvvələrə qarşı qanuni mübarizənin yolunu tapmağa imkan verəcək. Çünki bəzi qüvvələr Paşinyanı Vətənə xəyanətdə, türklərə, Rusiyaya satılmaqda və Emənistanın milli maraqlarına zərbə vurmaqda ittiham edirlər. Artıq bu qərar revan­şist qüvvələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə imkan verəcək. Bu qərardan sonra Ermənistan tərəfi bölgədə sülhün bərqərar və 10 noyabr 2020- ci il tarixli üçtərəfli bəyanatın bütün müddəalarının icra olunması istiqamətində cəsarətli addımlar atma­ğa nail olacaq.

Ermənistanın üzərinə qoyu­lan tələblərdən biri də fərdi şəxslər və müxtəlif qruplar tərəfindən azərbaycanlılara qarşı nifrət və kin üzərində fikirlərin yayılmasının qarşısı­nın alınması ilə bağlıdır. Bu maddə də Paşinyan hakimiyyətinə əsas verəcək ki, ölkədə və regionda bu istiqamətdə təbliğat aparan qeyri–hökumət təşkilatlarına qarşı qanuni tədbirlər görsün. Çünki Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bütün dövlətlər üçün məcburidir.(xalqqazeti.com)

Demokrat.az

D
demokrat.az