Xəbər verdiyimiz kimi, ixtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bu qərar Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" Qanun təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qeyd edək ki, layihə üçüncü oxunuşda qəbul olunub.
Avtomobil satışı üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsinə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, bu, ilk növbədə vergi ödənişlərinin artmasına kömək edəcək. Ekspertin fikrincə, eyni zamanda bu yenilik müəyyən qədər qiymətlərə də təsir edəcək:
“Hesab edirəm ki, bu, satışın rəsmiləşməsində müştərilərin aldadılması kimi problemləri azaldacaq. Amma gələn ildən bütün satışların rəsmi olacağını düşünmək o qədər də düzgün olmaz. Qeyd edim ki, daşınmaz əmlakda bu tətbiq edilsə də, alıcı ilə satıcının anlaşaraq qiyməti az göstərmələri faktları çox idi. Fikrimcə, indi də işbazlar satış qiymətini azaldaraq vergidən yayınmağa çalışacaq”.
Aynurə Pənahqızı Demokrat.az


