Zəngəzurun qara gələn qarlı qışı ... Mən hər dəfə Qərbi Zəngəzurdakı Salvartı dağının ətəyindəki yurd yerlərimizi xəyalımda canlandıranda təkcə uşaqlığımın, gəncliyimin kəndini, insanlarını xatırlamıram, o torpağın hər daşı, ağacı, çayı da gözlərim önündən çəkilmir. Yazda novruzgülünün ətrini, yayda günortanın rahatlıq gətirən qara kölgəsini, payızda bağ-bağçaların bar-bərəkətini, qışda şaxtanın iliyə işləyən buz nəfəsini, nə illah eləyirəm, unuda bilmirəm...
... Bu yazını hazırlayanda neçə illərdi yağı tapdağında inləyən kəndimizin indiki hüznlü kimsəsizliyinin dəhşətini təsəvvürümə gətirdim; məhəlləmizə uzanan yol – yolağaları, cığırları kol-kos basıb. Fərəhli günlərimin şahidi olan həyət-bacamız, sanki dərdə tab gətirməyib, ot-ələf içində itib-batıb… “Bir qarış boyu, yarım qarış eni olan, tək-tənha qalan, gələni, gedəni görünməyən”, ətrafında bir ins-cins gözə dəyməyən evimizsə beş addımlıqdakı köhnə qəbiristanlığın qaramatına bürünüb, miskin görkəmilə ürək dağlayır…
Bu məqamda yadıma görkəmli şairimiz Fikrət Qocanın bir şeirindən: “…Mən yollara baxaram, Yollar əliboş gələr…” misraları düşür. Düşüncələrimdə həmin “əliboş gələn yollar”la geri dönüb kəndimizin baharını, yayını, payızını və dərd, kədər gətirən qışını xatırlayıram… ***
...Torpağa buğ gəlirdi. Dağlar-dərələr duman-çiskinə bürünürdü. Əsrlərin dərinliyindən qopub gələn ulu bir söz xatırlanırdı: Qışın çəni qar gətirər, Yazın çəni bar gətirər.
Beləcə qışın qarlı-şaxtalı, ot-ələf“dərdli” günləri sona çatırdı. Çöl-çəmən gül-çiçəkdən al-qırmızı rəngə boyanırdı. Baharın yolunu intizarla gözləyən bağrı qan lalələr, boynu bükük bənövşələr qar altından çıxaraq yaz günəşinə sarı boylanırdı. Dərələrdən şırıldayıb axan sular düzlərə yayılıb torpağın yaşıl ümidi olan otlara ruh verirdi. Arxların qırağında yarpız, cincilim, Arpa, Buğda təpələrində qırxbuğum, göbələk, Bazarçayı sahillərində baldırğan gəl-gəl deyirdi.
Novruza bir neçə gün qalanda həyət-baca, bağ-baxçatəmizlənir, səliqə-sahmana salınırdı. Evlər şirələnir, paltar-palaz təmiz suya çəkilir, səməni göyərdilir, səməni halvası bişirilirdi, hər evdə sac asılır, buğda-qarğıdalı qovrulur, sonra kirkirədən keçirilib qovut hazırlanırdı. Oğul-uşağa, ev-eşiyə, mal-qaraya üzərrik tüstüsü verilirdi.
Axır çərşənbə və Novruz axşamı hüznü olanların qapısı döyülür, həyətlərində tonqal yandırılıb, “qara bayram”dan çıxarılır, sonra isə içinə göyərdilmiş səməni, bəhməz, meyvə, noğul və s. qoyulan səməni xonçası verilirdi. Gündüzlər isə bayram keçirməyən o qüssəli evlərin həyətlərində oynayan uşaqlara qoz-fındıq, yumurta, kişmiş, qovurğa paylanılırdı. Bununla da sınıq, qəmli qəlblər ovundurulur, yasda olan insanların könlü alınırdı.
Küsülülər barışır, bütün ağrı -acılar unudulurdu. Qonum-qonşularda xeyir-dua səsləri eşidilirdi. Doğmalar bir-birini ziyarət edir, evlərdə bayram süfrələri açılırdı.
Nənələrinocaq başı yığnaqlı olurdu: uzaq şəhərlərə “səpələnən” nəvələr yeddi ilin ayrılığından qorxub Novruzbayramına tələsirdilər. Uşaqlar axır çərşənbədə axşamın düşməsini, həyətlərdə, damlarda həftələrlə düzəltdikləri küləş, saman, çır-çırpı topalarını alovlandıracaqları, tonqalların ətrafında halay vuracaqları anı səbirsizliklə gözləyirdilər.
Qaş qaralanda qalanan tonqallar üstündən üç dəfə hoppanıb “Ağırlığım, uğurluğum odlara, yazda mənlə hoppanmayan yadlara”,– deyilir, köhnə ilin azar-bezarının elə köhnə ildə də qalması arzulanırdı.
Tonqallar sönür, hamı dağılışır, həyətlərdən səs-səmir kəsilir, cavanlar isə qulaq falına çıxır, şal sallayırdılar.
Çöl-bayırdan əl-ayaq yığışılandan sonra isə evlərdə axır çərşənbə süfrəsi açılırdı. ***
…Yay aylarında zirvəsi dümağ qar olan dağlar qəlbə sərinlik gətirirdi. Dərələrdə, yamaclarda boy verən gül-çiçəyin ətri adamı məst edirdi. Bulaqların zümzüməsi kövrək bir mahnını xatırladırdı. Qəfil buludların toqquşması, şimşək çaxması, göyün dəhşətli nəriltisi adamda qorxu yaratsa da, binələrin çadırlarını döyəcləyən iri yağış damlalarının ahəngi bu narahatlığı sovuşdururdu. Qəfil başlayıb, qəfil də kəsənyağıntıdan sonra üzə çıxan Günəşin isindirdiyi könüllərdə çoban tütəyinin dağ-daş inlədən səsi izaholunmaz bir kövrəklik yaradırdı. Elə ki,“quyruq doğurdu”, hava get-gedə sərinləyirdi, bax, o zaman elat geri-qışlağa hazırlaşırdı: quzu qırxımına başlanırdı, arxac, axtarma pendirləri tutulub motala vurulurdu. Arıçıların da əsl işi bundan sonra özünü göstərirdi- bal süzülürdi… ***
…Vaxt-vədə ötdükcə çöl-çəmən payız rənginə bələnirdi. Köçün geri dönüşündə Gülgəz nənəm “Dağ yeri-duman yeri, yurd yeri-güman yeri” sözlərini dilə gətirirdi. Əhməd babam sinəsində sazaq qışlaq yolundaAşıq Ələsgərin sözlərini xatırlayaraq, bir daha dağlara baxıb köks ötürürdü: Hanı bu yaylaqda yaylayan ellər? Görəndə köksümdən car oldu sellər. Seyr etmir köksündə türfə gözəllər, Sancılmır buxağa güllərin, dağlar.
Elat arana yetişəndə payız toyları başlayırdı. Qara zurnada çalınan “Cəngi”nin sədaları altında pəhləvan cüssəli oğullar güləşir, sonrasa bər-bəzəkli gözəllər özlərini yorğun salınca oynayırdılar.
Axırda “Yaylığı” havası üstdə: Cavan oğlan, ver yaylığı, aylıq salar ayrılığı...
mahnısı oxunurdu…
Ötən Novruz günlərinin birində bu yaylıq iki istək qəlbi bir-birinə bağlamışdı. Bu payız axşamında isə “ayrılıq salmasın” deyə yaylıq oğlandan geri alınırdı…
*** ...O barlı-bəhərli, toylu-büsatlı payızdan sonrakəndimizin qışı gələcəkdi, dağlar, düzlər ağ yorğana bürünəcəkdi. Uzun şaxtalı gecələrdə soba ətrafında gecə yarıya qədər dastan söhbətləri qonum-qonşunun yaddaşından uzun illər silinməyəcəkdi.
Nənələr corab, xalça toxumaqdan bir az rahatlıq tapan kimi nəvələrini başına yığıb tapmaca söyləyəcək, nağıl deyəcək, uçan xalça onları dünyanın sehrli bir aləminə aparacaqdı. Zümrüd quşu Məlikməmmədi dardan qurtaracaq, işıqlı dünyaya çıxaracaqdı.
Amma belə olmadı-o qış özüylə dərd-bəla gətirdi: el-obaya yağı təpildi. Qarşı gələn, arxa duran tapılmadı. İgidlər şəhid oldular, qalanlarının da qolları kürəklərinə çatıldı.
…Ümid hər yerdən üzüləndən sonra qürbətə yollar açıldı. Camaat ev-eşiklə, yol-rizlə, dağ-daşla halallaşdı. Gülgəz nənəmin ev-eşiyindən, kənd-kəsəyindən ayrılması onun üçün ağır, bundan sonrakı ömüründə çəkə bilməyəcəyi bir dərd idi. Ona görə səssiz-səmirsiz ağlayırdı, gözlərindən həsrət yaşı sel kimi axırdı–düşmən kələyi, fitnəsi daşa çevrilib bir azdan ümid-arzularını çilik-çilik eləyəcəkdi, doğma od-ocağı əlçatmaz, ünyetməz olacaqdı. *** Dağların yastı yolu, Qar yağdı basdı yolu. Gavur əlindən qaçdım, Qar, boran kəsdi yolu.
…1988-ci il dekabrın 25-i gecəsiZəngəzurdan–Qərbi Azərbaycanın Qarakilsə raonunun Şəki kəndində yaşayan azərbaycanlı ailələr müsibətlə qarşılaşdılar- azğınlaşmış ermənilər evlərə hücum çəkdilər. Qaraxan kişinidəmir linglə başından vurub ölümcül hala saldılar. Bununla ürəkləri soyumayıb işgəncə verdilər. Sevindik kişinin od-ocağını söndürüb, yer-yurdunu xaraba qoydular. Yorğan-döşəyini, xalça-palazını, avadanlığını yandırdılar. Qaniçənlər: -səhərə kimi kəndi tərk etməsəniz , meyidlərinzi də yandıracağıq,- dedilər.
…Sübhün ala toranlığında iki kişi, beş qadın kənddən çıxıb İşıqlı dağına üz tuturlar. Oradan Laçının Minkəndinə gedəcəkdilər... Şaxta qılınc kimi kəsir. Bir tərəfdən də göydən ələnən qar. Göz-gözü görmür, beş-on addım atmaq, irəliləmək olmur. Minkənd aşırımında daha Xəlis arvadın yeriməyə taqəti qalmır. Qızı Gularə, gəlini Qaratel qarını tək qoymurlar. O birilər isə sürünə-sürünə yolsuz, izsiz aşırımdan keçib kəndə gedib çatırlar. Vəziyyətdənhali olan minkəndlilər Allahyarla - Xəlis arvadın qardaşı ilə geri dağ aşırımına qayıdırlar. Burada dəhşətli xəbər onları sarsıdır: Gülarə, Qaratel Xəlis arvadı itiriblər. Nə qədər axtarsalar da tapılmır…
Beləcə, İşıqlı dağı bir ananı öz qoynunda gizlədir…
Beləcə , bir qardaş bacısından uzaq düşür. O qardaşın səsi, naləsi heç hara çatmır. O qardaş neçə ay üzünü dağlara tutub bacı soraqlayır. Nəhayət, boranda itkin düşən Xəlis arvadın meyidini Allahyar 1989-cu ilin yayında – “dağların lala vaxtında” tapır.
Deyirlər ki, Allahyar kişi hər gecə yuxusunda bacısının o qanlı aşırımda, qarlı-boranlı gecədə doğmalarının gəlib onu bu müsibətdən, əzabdan xilas edəcəkləri üçün əllərini göylərə açıb Allahın dərgahına yalvardığını görürmüş…
***
1988-in o qanlı qışından sonra Qərbi Zəngəzurdakı o kəndin yazı, yayı, payızı daha gəlmir...
O qışdan sonra o kənd indiyə kimi elə qış ömrü yaşayır...
***
İndi hər bahar gələndə qışda qışladığımız kəndimizin sığındığı Qızılqaya, dərin dərədən axan Bazarçayı, yayda yayladığımız Şükürbəyli, Kilsəli yaylaqlarının füsunkarlığı, ecazkarlığı gözlərim önünə gəlir. Uşaq olub o sıldırım qayalıqlara dırmaşmaq, o dəli çayın o biri sahilinə keçib növruzgülü yığmaq, Şükürbəylinin, Kilsəlinin mamırlı qayalıqlarında yaşıdlarımla “gizlinpaç” oynamaq istəyim baş qaldırır. Amma o Qızılqaya, oBazarçayı, o Şükürbəyli, o Kilsəli məni maqnit cazibəsilə özünə çəksə də, onları bir daha gedib görmək, ziyarət etmək istəyimin gerçəkləşəcəyinin “görünməz aylara, illərə qaldğını” düşünəndə dəhşətə gəlirəm... Rövşən Atakişiyev Demokrat.az


