Qarabağ

“Ya rus sülhməramlıları öz missiyasını yerinə yetirməli, ya da ərazini tərk etməlidir” — Tural Abbaslı

“Ya rus sülhməramlıları öz missiyasını yerinə yetirməli, ya da ərazini tərk etməlidir” — Tural Abbaslı

“Rusiya sülhməramlıları artıq bir ildir ki, Qarabağda yerləşiblər. Sülhməramlı missiya əvəzinə, onlar yerləşdiyi gündən bu yana ermənilərə dəstək verməkdən başqa heç bir işlə məşğul deyillər”.

Bunu Demokrat.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.

Partiya rəhbəri qeyd edib ki, Rusiya sülhməramlıları üçtərəfli bəyannamənin indiyədək şərtlərini icra etməyiblər: “Hansı ki, orada ilk bəndlərdən biri o idi ki, Rusiya sülhməramlılarının regiona yerləşməsi ilə bərabər erməni silahlı dəstələri oranı tərk etməli idi. Amma bu günün özündə də həmin ərazilərdə kifayət qədər erməni terrorçuları, silahlı birləşmələri var. Onlar əraziləri hələ də tərk eləməyiblər. Məhz elə həmin silahlı birləşmələr, terrorçulardır ki, Azərbaycana qarşı bir il ərzində müxtəlif zamanlarda müxtəlif təxribatlar törədiblər. Müxtəlif provakasiya xarakterli addımlar atıblar. Rusiya sülhməramlıları da bu provakasiyaların qarşısını almaq əvəzinə, əksinə, onlara dəstək verən bir mövqedən çıxış edib. Çox təəssüf ki, hazırda da onu himayə edirlər. Dünyada da, regionda da heç kəsə sirr deyil ki, Azərbaycan Ordusu həmin əraziləri bir gün içində terrorçulardan təmizləmək gücünə malikdir, amma rus qoşunları faktiki o ərazilərdə özlərini işğalçı qoşun kimi aparırlar. Ancaq və ancaq orada yaşayan erməni əhalinin qeydinə qalırlar”.

T.Abbaslı bildirir ki, üçtərəfli bəyannamədə olan bəndlərdən biri də həmin ərazilərə Azərbaycandan olan məcburi köçkünlərin qaytarılmasının təmin edilməsi ilə bağlı idi: “Rus sülhməramlıları yerləşən gündən ərazilərə ancaq ermənilərin gəlməyini təmin edib. Azərbaycanlıların geri qayıtmasından hələ də söhbət getmir. Qeyd edim ki, Xankəndidə Azərbaycandan 15 minə qədər əhalinin qeydiyyatı var. Ancaq heç bir nəfər də Xankəndiyə yerləşdirilməyib. Ona görə də, Azərbaycan hansı addımlar atmalıdır? Azərbaycan Rusiya sülhməramlılarından ya üçtərəfli bəyannamədə nəzərdə tutulan bəndləri icra etməsini tələb etməli, yaxud da rus qoşunlarının Azərbaycan ərazisini tez bir zamanda tərk etməsini tələb etməlidir. Biz Laçın dəhlizinə nəzər yetirsək, ora da rus sülhməramlılarının müvəqqəti nəzarətindədir. Ancaq həmin ərazilərə ilk əvvəl terrorçular, daha sonra müxtəlif ölkə vətəndaşları, təxribatçılar gəldi. Sonra isə Azərbaycanın icazəsi olmadan rus diplomatları, hətta Ermənistandan müxtəlif diplomatlar, müdafiə naziri, Serj Sarkisyan, Robert Köçəryan və adi insanlar da istədikləri vaxt Azərbaycan ərazisinə Azərbaycanla razılaşdırılmadan gəlir. Bunlar qətiyyən yolverilməzdir. Azərbaycan Rusiya tərəfinə qəti tələblər irəli sürməli, ultimatum verməlidir. Ya rus sülhməramlıları öz missiyasını yerinə yetirməli, ya da ərazini tərk etməlidir. Bundan başqa, heç bir addım məqbul deyil! Təbii ki, Azərbaycanın icazəsi olmadan onun ərazisinə daxil olan istənilən qüvvə, şəxs kimliyindən asılı olmayaraq məhv edilməlidir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini qorumalıdır. Biz 44 günlük müharibə aparıb, 3 minə qədər şəhid, 10 minə qədər qazi vermədik ki, bu gün hansısa terrorçular bizim ərazidə istədiklərini etsin və hansısa dövlət gəlsin Azərbaycan ərazisində terrorçu yuvasının inkişaf etdirilməsinə dəstək versin”.

Aynurə Demokrat.az

D
demokrat.az