2020-ci il 10 noyabr tarixi xalqımızın, eləcə də, dünya azərbaycanlılarının yaddaşına əbədi həkk olunub. Məhz həmin gün işğalçı Ermənistan ölkəmiz qarşısında diz çökdü. Yarandığı gündən qonşu dövlətlərin, ilk növbədə, Azərbaycanın torpaqlarına göz dikən, “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən işğalçı ölkə, nəhayət, rəsmən təslim oldu. Hətta işğalçıya havadarlıq edən xarici dövlətlər də onun köməyinə çata bilmədilər. 30 il ərzində danışıqlar prosesində Ermənistan nail olmaq istədiyinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi birdəfəlik tarixin arxivinə atıldı və regionda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
Məhz həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu. Bu bəyanat işğalçı ölkənin təslimçilik aktıdır. Ötən il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun və xalqımızın düşmən üzərində həlledici Qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında əsas amillərdən biri də iqtidar– xalq– ordu birliyinin sarsılmazlığı, siyasi həmrəylik və milli birlik oldu.
Dünyanın super güc dövlətlərinin, nüfuzlu beynəlxalq qurumların, hətta ABŞ, Rusiya və Fransa kimi qüdrətli dövlətlərdən ibarət ATƏT-in Minsk qrupu da Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aciz qaldıqlarını ört-basdır edə bilmədilər. BMT Təhlükəszilik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə 27 il kağız üzərində qaldı. Həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların da Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxması barədə qəbul olunan qətnamələr kağız üzərində qaldı. Dünyada baş alıb gedən ikili standartlar, islamofobiya Ermənistanın beynəlxalq hüquq normalarına hörmətsizliyinin üstünü ört-basdır edirdi. Lakin dövlət başçımızın dediyi kimi, bu işğal əbədi ola bilməzdi.
Tarixi qələbəmizin təməli 2016-cı il Aprel döyüşlərində qoyuldu. Həmin döyüşlərdə böyük itkilər verən düşmən silah-sursatını atıb qaçdı və 27 il işğal altında olan ərazilərimizin təxminən 2 min hektarı, o cümlədən bir sıra strateji əhəmiyyətli yüksəkliklər dörd gün ərzində rəşadətli ordumuzun nəzarətinə keçdi. İki il sonra –2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. Yenə də iki il sonra –2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri bu dəfə Tovuz rayonu ərazisində təxribatlar törətdilər. Bu dəfə də xəbis niyyətlərinə çata bilmədilər. Düşmən qarşısında güclü Azərbaycan Ordusunu gördü və ağır itkilər verərək geri çəkildi.
Sentyabrın 27-də işğalçı ölkə sərhədboyu ərazilərimizi ağır artilleriyadan, həmçinin raketlərdən atəşə tutdu. Bu döyüşlər də Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı və düşmən qüvvələrini xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi, ərazi bütövlüyümüz bərpa olundu.
Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycan Ordusu qarşısında davam gətirə bilmədiyini görüb təslim oldu və kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu razılaşmaya əsasən, Qarabağa heç bir status verilməyəcək, Naxçıvanla Azərbaycanın quru əlaqəsi açılacaq, Naxçıvan blokadadan çıxacaq. Bütün bunlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ölümcül məğlubiyyətidir.
Dövlət başçısı cənab İlham Əliyev bəyanat imzalandıqdan sonra xaqa müraciətində də bu sənədin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.
Bəyantda mühüm məsələlər öz əksini tapıb. Məsələn, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Möhtərəm Prezidentimiz bu məsələni də diqqətə çatdırdı: “Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz – bütün bunlar, ordu quruculuğu, təbii ki, bu qələbəmizi şərtləndirdi”.
Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bir çox hallarda əsassız tənqid söyləyənlər də bu sənədin mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək dövlət başçımızın ətrafında sıx birləşdiklərini bildirdilər. Bu arada ölkədə fəaliyyət göstərən 54 siyasi partiyadan 52-si bəyanat verərək Prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini bəyan etdi.
Bəyanatın əsas məqamlarından biri də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasıdır. Sənəddə bütün kommunikasiyaların, yolların açılması ilə yanaşı, yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması tərəflər qarşısında bir vəzifə kimi qoyulub. Bəyanatın 9-cu bəndində qeyd edilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Dövlət başçısı xalqa müraciətində də bildirdi ki, bu bənd məhz onun təkidi ilə bəyanata salınıb. Çünki birbaşa Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq möhtərəm Prezidentimizin təkidli tələbləri qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirilməsi istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsilmişdi – çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü – faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Məhz ulu öndər Heydər Əliyevin cəsarətli fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları hələ o vaxt alt-üst olmuşdu.
Onu da qeyd edək ki, naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi, fəal iştirak ediblər, torpaqlarımızın azad edilməsində fədakarlıq göstərib, şəhidlər veriblər.
2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat mühüm əhəmiyyət kəsb edir və Cənubi Qafqazda reallıqları dəyişdirmək üçün potensiala malikdir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu bəyanat, əslində, bütün vacib elementləri əhatə edir, həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını göstərir. Prezident İlham Əliyev, həm də müzəffər Ali Baş Komandan kimi qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu yaşamışıq, bizim xalqımız yaşayıb.
Artıq Qarabağda yenidənqurma , tikinti və bərpa işləri geniş vüsət alıb. Bir sıra xarici ölkələrin iri şirkətləri də bu işlərdə yaxından iştirak edirlər. İnanırıq ki, yaxın illərdə Qarabağ gülüstana çevriləcək və soydaşlarımız doğma ata-baba yurdlarına qayıdacaqlar.
Çingiz Qənizadə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Demokrat.az


