Sosial

"Vətən Müharibəsi Azərbaycan ordusunun peşəkarlığını dünyaya sübut etdi"

Vətən Müharibəsi Azərbaycan ordusunun peşəkarlığını dünyaya sübut etdi

Torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan Vətən müharibəsi Azərbaycanın haqq işinin qələbəsi ilə yekunlaşdı. 30 ilə yaxın bir müddətdə diplomatik yolla həlli mümkün olduğu halda həll olunmayan münaqişə 44 gün ərzində həll olundu. Əslində Azərbaycan müharibəyə hər zaman hazır olub, bizi dayandıran amil məsuliyyətli ölkə olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız idi. Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prossesi olkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilməkdədir. İstər ordumuzun maddi texniki bazasının gücləndirilməsi, istərsə də ordumuzun arsenalının zənginləşdirilməsi baxımından atılan mühüm addımlar Vətən müharibəsində praktik cəhətdən öz müsbət nəticələrini verdi.

44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi. Qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi.

Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı. Önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

Vətən müharibəsi zamanı əsas döyüşlərin getdiyi ərazilərdən biri də Füzuli rayonu olmuşdur. Camaatımızın yüksək əhval ruhiyyəsi, ordumuza mənəvi və psixoloji cəhətdən dəstəyi olduqca əhəmiyyətli məqam idi. Rəşadətli ordumuz tərəfindən oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Ümumilikdə Vətən müharibəsi nəticəsində Füzuli şəhəri və 61 kəndimiz düşməndən azad edildi. 30 ilə yaxın həsrətində olduğumuz doğma yurd-yuvamıza qovuşduq. Qazandığımız Zəfər bizi torpaqlarımıza qovuşdurmaqla bərabər düşmənin “məğlubedilməzlik “ mifini də darmadağın etdi. Qəhrəman oğulların vətən sevgisini heç bir “ohanyan səddi” buxovlaya bilməz.

Ordumuzun Xüsusi Təyinatlı Qüvvələri qarşısında rəzil duruma düşən erməni quldurları çarəni yalnız döyüş meydanından qaçmaqda görürdülər. “Bayraktar”lar isə Erməni ordusunun kabusuna çevrilmişdir. İkinci

Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda və bu cür səmərəli şəkildə istifadə edilməyib. Azərbaycan pilotsuz uçuş aparatları almağa 10 il bundan əvvəl başlamışdır. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Daha sonra Azərbaycan İsraildə istehsal edilmiş “SkyStriker” adlı pilotsuz vasitələri almağa başlamışdır. Azərbaycan həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da almışdır. Türkiyə PUA-lar istehsalına başlayan kimi biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Döyüş əməliyyatları zamanı “Bayraktar”larınbir neçəsi daim havada olurdu. “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi.

Bu gün böyük qürur hissi ilə seyr etdiyimiz Hərbi Qənimətlər Parkı, ilk növbədə, bizim Zəfərimizin nümayişidir. Biz düşməni əsla zəif hesab etməməli idik və heç vaxt belə etməmişik, onlar çox yaxşı silahlanmışdı. Təbii ki, həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir. Bütün qənimətlərin və məhv edilmiş hərbi texnikanın tam siyahısı isə mətbuatda var. Buna görə də, ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür. İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, həlak olmuş mülki və hərbi vətəndaşlarımızıunutmamalıyıq. Parkda həm də erməni komandirlərin öz hərbi qulluqçularına qeyri-insani münasibəti azacıq da olsa nümayiş etdirilir. Biz tərk edilmiş səngərlərdə oraya zəncirlə bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük maşınlarında onların sürücülərini tapırdıq. Bu adamlar qaçmamaları üçün zəncirlə sükana bağlanmışdı. Bu, sadəcə, barbarlıqdır və bunu hamı bilməlidir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu Vətən müharibəsində öz şərəfli missiyasını olduqca ləyaqətlə yerinə yetirdi. Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Günahsız insanların qanına susayan, qadın və uşaq qatili olan ermənilər bu dəfə də xislətlərinə uyğun olaraq davrandılar. Gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin göstəricisi budur. Tərtər şəhəri daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qisas almağa çalışırdılar.

Vətən müharibəsi zamanı ermənilər tərəfindən Füzuli rayonunun mülki əhali yaşayan hissəsinə 300-ə yaxın raket atıldı. Hər zaman tədbirli davranan dövlətimiz tərəfindən mülki əhalinin qorunması və onların təhlükəsizliyinin təminatı üçün misilsiz tədbirlər görülmüşdü. Səfərbər olunmuş texniki imkanlar əks-hücum fəaliyyətinin daha səmərəli şəkildə təşkilinə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Rayonumuzun ərazisində müvəqqəti sığınacaqların təşkil edilməsinin və bütün bu görülmüş tədbirlərin nəticəsidir ki, Vətən müharibəsində Füzuli rayonunda dinc əhali arasında itkimiz 4 nəfər oldu. Onu da qeyd etməliyik ki, intensiv döyüşlər həm cəbhədə, həm informasiya məkanında aparılırdı. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-lərə müsahibələr vermişdir. Bu müsahibələrin hər birisi cəbhədə əldə olunan uğurların siyasi cəhətdən bərkidilməsinə və xalqımızın Qələbəsinin dünyada etiraf edilməsinə xidmət etmişdir. Aparılmış uğurlu informasiya siyasətinin nəticəsində ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş tikinti quruculuq işləri aparılır. Təbiidir ki, bu işlər böyük maliyyə vəsaiti tələb edir. Görülən işlərin sürəti və miqyası dövlətimizin iqtisadi gücününün göstəricisidir. Dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrin bir çoxu Füzuli rayonu ərazisində reallaşdırılmaqdadır. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, Füzuli və Şükürbəyli yarımstansiyalarının açılması rayonumuzun strateji əhəmiyyətini daha da artıracaq layihələrdəndir. Hal- hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, Horadiz-Zəngilan, Füzuli-Hadrud, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisi sürətlə davam edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini bərpa edəcək, gələcəkdə Türkiyəyə kimi uzanacaq siyasi və strateji əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam etməkdədir. Əminik ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin, eləcə də rayonumuzun iqtisadiyyatı daha da inkişaf edəcək, camaatımızın rifahı daha da yüksələcəkdir. Qeyd etmək istərdim ki, dövlətimizlə yanaşı Heydər Əliyev Fondu tərəfindən də Füzuli rayonunda mühüm layihələr reallaşdırılmışdır. Rayonumuzda Heydər Əliyev Fondu tərəfindən mühüm layihələrin həyata keçirilməsi bu günə qədər də uğurla davam etməkdədir. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qoleriyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir. Rayonumuzda yeni inşa olunan Əhmədbəyli, Mahmudlu-2, Arayatılı kənd körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür.

''Biz füzulilərə hər zaman diqqət və qayğı göstərdiklərinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.

İlkin Əmirli Füzuli RİH başçısının köməkçisi

D
demokrat.az