Kriminal

Bakıda kişi arvadına azyaşlı uşağının gözləri qarşısında işgəncə verdi — TƏFƏRRÜAT

Bakıda kişi arvadına azyaşlı uşağının gözləri qarşısında işgəncə verdi — TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda Şuşa şəhər sakini, 1983-cü il təvəllüdlü Şahin arvadı Zeynəbə xəsarət yetirib.

Demokrat.az-ın xəbərinə görə, Şahin bu ilin martın 19-da, saat 15:30 radələrində yaşadığı ünvanda həyat yoldaşı Zeynəbin evin qapısını açmaması və telefona cavab verməməsi səbəbindən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Şahin əlləri və ayaqları ilə Zeynəbin bədəninin müxtəlif yerlərinə bir neçə dəfə zərbələr vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Günel Əkbərlinin icraatında araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 8 iyul 2018-ci ildə Zeynəb ilə ailə qurub və birgə nikahdan bir oğlan övladları var: “19 mart 2021-ci ildə saat 14.40-da ailəm ilə birlikdə yaşadığımiz ünvanına gəldim. Qapını döydüm, lakin arvadım qapını açmadı. Evin giriş qapısının açarı olmadığına görə mənzilə daxil ola bilmədim. Bu səbəbdən Zeynəbin mobil telefonuna dəfələrlə zəng etməyinə baxmayaraq telefona da cavab vermədi. Təxminən bir saat qapıda gözlədikdən və bir qədər həyətdə gəzdikdən sonra geri qayıdaraq mənzilin qapısını əli ilə itələdikdə qapının açıq olduğunu gördüm, içəri girdim. Evdə arvadım və azyaşlı oğlumun olduğunu gördüm. Arvadımdan telefona cavab verməməsinin səbəbini soruşdum. Zeynəb cavabında “yaxşı edirəm” dedikdə onun bir az əvvəl qapını açmamasına və telefon zənglərinə cavab verməməsinə görə, məndə qısqanclıq hissi yarandığından əsəbiləşdim. Zeynəbın bədəninin müxtəlif yerlərinə əllərim və ayaqlarım ilə bir neçə dəfə zərbə ilə vurdum. Sonra isə mənzili tərk edərək getdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zeynəb bildirib ki, martın 19-da, saat 14.30-da azyaşlı oğlu Raufu özü ilə birlikdə götürərək alış-veriş etmək üçün Yasamal rayonu ərazisində yerləşən “Bizim market”ə və digər marketlərə gedib: “Mobil telefonunu isə unudaraq evdə qoymuşdum. Həmin gün saat 15.30-da qayıdaraq mənzilə gələndə mobil telefonuna baxdım və ərim Şahinin bir neçə dəfə mənə zəng etdiyini gördüm. Lakin azyaşlı oğlum ilə məşğul olduğumdan ərim Şahinə sonra zəng etməyi düşündüm. Elə bu vaxt Şahin mənzilə daxil oldu, mobil telefonu götürmədiyimə görə mənə irad bildirdi və eyni vaxtda əlləri, ayaqları ilə bədənimin müxtəlif yerlərinə zərbələr vuraraq xəsarətlər yetirdi. Azyaşlı oğlumu da götürərək çölə çıxdım və qonşu mənzildə yerləşən “Addım” Reabilitasiya Mərkəzinə gedərək oradan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim”.

Daha sonra Zeynəb məhkəməyə ərizə təqdim edib. O, ərizəsində əri ilə barışdığını, ona cəza təyin olunmamasını xahiş edib. Məhkəmə yekunda hökm çıxaranda zərərçəkmişin bu ərizəsini nəzərə alıb. Şahinin barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az