Siyasət

Azərbaycanın 30 ildir susan BMT və UNESCO-dan gözləntiləri

Azərbaycanın 30 ildir susan BMT və UNESCO-dan gözləntiləri

Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edərkən, Azərbaycanın gözləntilərini də açıqladı. Dövlət başçısı bildirdi ki, BMT azad olunmuş ərazilərin bərpası prosesində iştirak etməlidir.

Bu, həm də BMT üçün məşhur 4 qətnaməsini icra 28 il icra etməməsinin sığortası ola bilər. Azərbaycan 44 günlük müharibədə bu qətnamələri təkbaşına, heç bir beynəlxalq dəstək olmadan özü icra etdi və bununla həm də BMT-nin işini yerinə yetirmiş oldu.

İndi növbə BMT-dədir və ən azından ərazilərin bərpa edilməsi məsələsində dəstək ola bilər.

Prezident İlham Əliyev bəyan etdi ki, indi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb: “Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik. Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var”.

Dövlət başçısı UNESCO-dan gözləntiləri də açıqladı.

“Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”, - Prezident qeyd etdi.

Təəssüf ki, 30 ilə yaxın işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədiyi kimi, UNESCO da öz missiyasını yerinə yetirmirdi. Bununla bağlı kifayət qədər faktlar mövcuddur.

I Qarabağ müharibəsi və sonra davam edən işğal dövründə Ermənistan Azərbaycanın maddi-mədəni irsinə qarşı əsl vandalizm aktı törətdi. 927 kitabxananı, 60-dan çox məscidi, 44 məbədi, 473 tarixi abidəni, sarayları və muzeyləri məhv edib, 40 mindən çox muzey eksponatını və saydıqca bitməyən sərvətləri taladılar. UNESCO isə bütün bu vandalizmə adekvat reaksiya vermədi.

2007-ci ildə hazırlanan “Azərbaycana qarşı müharibə mədəni irsə hücumdur” adlı kitab UNESCO-ya təqdim edildi. Kitabda işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı yer alır, bu abidələrin məqsədli şəkildə erməniləşdirilməsi və alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi haqqında ətraflı məlumatlar əksini tapır. UNESCO bütün bu faktlara da laqeyd münasibət sərgilədi.

30 il bu vandalizmə susan UNESCO 44 günlük müharibədən sonra “xristian abidlələrinin qorunması” məsələsini qaldırdı. Halbuki, Azərbaycan bütün dinlərin bərabər olduğu mulltikultural ölkədir və bu, bütün dünya tərəfindən təsdiqini tapır. Lakin məscidlərimizdə donuz saxlayan ermənilərə heç nə deməyən UNESCO-nun işğalın başa çatmasından sonra ortaya çıxması ən yumşaq şəkildə desək, səmimi görünmür.

Azərbaycan işğal dövründə dəfələrlə UNESCO-nu bölgəyə dəvət etdi, lakin heç bir səs çıxmadı. İndi danışmağa başlayıblar.

Azərbaycan bu qeyri-səmimi, ikilisandart münasibətə rəğmən UNESCO-nun gəlişinə razıdır. Prezident İlham Əliyev də bunu açıqladı və missiyanın yaradıldığını bildirdi. Lakin yenə etiraz edən, missiyaya mane olan tərəf Ermənistandır.

Azərbaycanın BMT və təsisatlarından əsas gözləntisi ədalətli mövqe sərgiləmək, azad edilmiş ərazilərimizin bərpası prosesinə dəstək vermələridir.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycana ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq: “Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır”.

BMT və UNESCO da daxil olmaqla digər təsisatlarının 30 ildən sonra ədalətli mövqe sərgiləyəcəklərini, humanitar problemlərin həllinə dəstək verəcəklərini gözləyirik.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az