"Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri "Böyük Qayıdış" planının icrasına nəzarətlə bağlıdır. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, yeni infrastruktur layihələri ilə tanış olmaq, həmçinin Ermənistanın son təxribatları konteksində bu səfər olduqca əhəmiyyətli hadisə oldu".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
O, Azərbaycan dövlət başçısının Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı verdiyi mesajların Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq olduğunu qeyd edib:
"Prezident Kəlbəcər və Laçına səfəri zamanı yenə mühüm mesajlar verdi, Ermənistana "Dəmir yumruğ"un yerində olduğunu bildirdi. Ermənistanın sərhəddə və Qarabağdakı təxribatları çox ağır nəticələnə bilər. Prezident həm Ermənistana, həm də proseslərdə iştirak etmək istəyən digər güclərlə bağlı məsələyə xüsusi toxundu. Prezident Ermənistanla yanaşı onun havadarlarına, erməniləri silahla təmin edən qüvvələrə bildirdi ki, Ermənistan müxtəlif güclər tərəfindən təxribatlara təhrik edilə bilər, lakin bunun mütləq nəticələri olacaq. Həmin qüvvələr nə qədər istəsələr də, münaqişəni bərpa edə bilməyəcəklər. Azərbaycanın 44 günlük müharibədə qalib gələn ordusu Vətənin keşiyindədir və ordunun güclənməsi, müasirləşməsi davam etdirilir.
Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan sülh, əmin-amanlıq, əməkdaşlıq tərəfdarıdır. Biz bölgədə daimi sülhü yaratmaq üçün addımlar atırıq. Ermənistan da bu prosesdə öz revanşist iddialarına son qoyaraq üçtərəfli bəyannamədə nəzərdə tutulan bütün öhdəliklərini yerinə yetirməlidir. Çünki sülhün yaradacağı reallıqlar Ermənistanın da maraqlarına uyğundur. Düşünürəm ki, həm Ermənistan, həm də onun havadarları bu xəbərdarlıqdan nəticə çıxaracaq".
Aygül Qarayeva Demokrat.az


