Gündəm

Polkovnik: "Ermənistan tərəfi bilməlidir ki, Azərbaycanla bu cür danışmaq olmaz"

Polkovnik: Ermənistan tərəfi bilməlidir ki, Azərbaycanla bu cür danışmaq olmaz

“İstər dövlət sərhədində, istərsə də sülhməramlıların məsuliyyət zonasında baş verən hadisələr mövcud reallığı dəyişdirmir. Proseslər Azərbaycanın nəzarəti altındadır. Sülhməramlılarla bağlı məsələni Azərbaycan dövləti sülhməramlı qüvvələrin rəhbərliyi ilə müzakirə edəcək və Azərbaycanın maraqlarına uyğun qərar qəbul olunacaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O, sülhməramlıların fəaliyyəti ilə bağlı məsələlərin Azərbaycanın diqtəsi ilə həllini tapacağını bildirib:

“Sülhməramlı qüvvələrin fəaliyyəti daim nəzarə altındadır. Azərbaycan tərəfi də sülhməramlılarla sıx əlaqədə olaraq, onların vasitəsilə həm monitorinq qrupunun imkanlarından istifadə edir, həm də ərazidə yaşayan ermənilərə nəzarət həyata keçirir. Düşünürəm ki, Laçın və Kəlbəcərdə ermənin postlarının qurulması da sülhməramlı qüvvələrin rəhbərliyi ilə görüşdə müzakirə ediləcək və həllini tapacaq. Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ortaya qoyaraq, sülhməramlılara məsələnin həlli ilə bağlı tələblərini bildirəcək. Bu məsələ Azərbaycanın nəzarəti altındadır”.

Hərbi ekspert bu kimi hadisələri mümkün sülh müqaviləsi imzalanmasına süni maneələr kimi dəyərləndirib:

“Hazırkı proseslər sülh müqaviləsinin imzalanması istiqamətində cərəyan edir. İstənilən halda, gec-tez bu müqavilə imzalanacaq. Bu səbəblə müəyyən qüvvələrin vəziyyəti gərginləşdirməyə, prosesə mane olmaq cəhdləri göstərməyə çalışması gözlənilən idi. Düşünürəm ki, son hadisələrin əsas səbəbi də məhz bununla bağlıdır. Bir neçə gün əvvəl Ermənistanın müdafiə nazirinin populist, əsası olmayan çıxışı bir daha göstərir ki, yeni nazir də əvvəlkilərdən seçilmir. Onlar yersiz çıxışlarla, hədə-qorxu ilə gündəmdə olmaq cəhdləri göstərirlər. Bu cür açıqlamalar verən əvvəlki nazir Tonoyanın sonu hər kəsə bəllidir. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycanla bu cür danışmaq olmaz. Azərbaycanın Ali Baş Komandanın tapşırığını yerinə yetirmək üçün kifayət qədər gücü var. Azərbaycan Ordusu zəfər qazanmış, daim döyüş qabiliyyətini artıran ordudur. Son hadisələrin də hansısa fövqəladə vəziyyət yaradacağını düşünmürəm. Bütün proseslər Azərbaycanın nəzarəti altındadır və hər bir məsələ Azərbaycanın maraqlı çərçivəsində həll olunacaq. İstər Ermənistanla dövlət sərhədində, istər daxildə, istərsə də sülhməramlıların nəzarəti altında olan ərazilərdə Azərbaycan güc strukturları vasitəsilə qarşıya qoyulan bütün məsələləri həll etməyə qadirdir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az