"Azərbaycan gənci özünün ən böyük qələbəsini 44 günlük Vətən müharibəsində qazandı. Gənclərimizin bu qələbəsi Azərbaycanı dünyana yüksəltdi. Bu qələbə Azərbaycan xalqına ən böyük qüruru yaşatdı. Bu, torpaqlarımızı işğaldan azad edən qələbə idi".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin Yay Olimpiya Oyunlarındakı qələbələrdən daha önəmli olduğunu vurğulayıb:
“Həm döyüş meydanında, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarında əsas qüvvə gənclər idi. Azərbaycan gəncliyinin keçən müddət ərzində diqqəti əsas olaraq belə qələbələrə - torpaqlarımızın işğaldan azad olunmasına yönəlmişdi. Onlar bu tarixi missiyanı çox uğurla həyata keçirdilər. Digər tərəfdən, idmançılarımızın Olimpiadadakı çıxışına pandemiyanın da təsiri oldu. Pandemiya və mövcud şərtlər idmançıların fiziki hazırlıqlarının daha da artırılmasına mane oldu. Lakin istənilən halda, idman yarışlarındakı uğursuzluqdan daha vacibi gənclərin döyüş meydanındakı şücaəti idi. Ermənilər üzərindəki böyük qələbəni əldə edən də onlar oldu. İdmançılarımız Tokiodan əliboş qayıtmadılar. Yay Oimpiya Oyunlarındakı çıxışımızı qənaətbəxş hesab etmək olar. Növbəti Olimpiadalardan gənclərimizin qızıl medalla qayıdacağına heç bir şübhə yoxdur”.
Aygül Qarayeva Demokrat.az


