“Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin tarixi yüz illərə dayanır. Zamanla inkişaf edən, güclənən bu münasibət hər bir vəziyyətdə qarşılıqlı köməklə bir daha sübut olunur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
Türkiyədə davam edən yanğınlarda Azərbaycanın dəstəyinə toxunan deputat bildirib ki, bu, iki ölkə arasındakı qardaşlıq və müttəfiqlik münasibətlərinin təcəssümü olub:
“Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycanla Türkiyə arasındakı münasibətlər daha da gücləndi və yeni mərhələ başladı. Azərbaycan genişmiqyaslı yanğınlarla mübarizədə ilk günlərdən Türkiyəyə dəstək verdi, qardaş ölkənin yanında olduğunu bildirdi. Prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə bir neçə dəfə yanğınsöndürmə qrupları göndərildi. Azərbaycan ağır günlərdə Türkiyəyə dəstək üçün bütün imkanlarını səfərbər etdi. Azərbaycan dövləti və xalqı bu hadisələr öz torpağında yaşanırmış kimi böyük narahatlıq keçirdi və hər cür dəstəklə Türkiyənin yanında olduğunu göstərdi. Türkiyə də 44 günlük müharibə zamanı Azərbaycanın yanında olduğunu göstərmişdi. Bu, iki dövlət arasında olan münasibətlərin, dostluğun və yüksəl əlaqələrin təcəssümüdür”.
Azərbaycanın dəstəyinin Türkiyə prezidenti və xalqı tərəfindən yüksək dəyərləndirildiyini vurğulayan deputat iki ölkənin bu hadisələrin öhdəsindən birlikdə gələcəyini qeyd edib:
“Azərbaycanın Türkiyəyə dəstəyi bu ölkədə də yüksək qiymətləndirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən dəstək üçün Azərbaycan dövlət başçısına təşəkkür edib. Türkiyəyə göndərilən yanğınsöndürmə heyətin hər bir nümayəndəsi qardaş ölkə üçün əlindən gələni edir. İki dövlət və cəmiyyət arasındakı münasibət eyni kökə malik xalqımızın nümayəndələrini də bərabər işləməyə sövq edir. Azərbaycan və Türkiyə xalqı da bu acını, ağır günləri birlikdə yaşayır. Azərbaycan xalqı Türkiyədə yaşanılan faciəni öz torpağında baş vermiş hadisə kimi qəbul edir. Bu, məhz Şuşa bəyannaməsində də öz əksini tapmışdı. Azərbaycan hər baxımdan qardaş Türkiyənin yanındadır. İnanıram ki, bundan sonra da Azərbaycan və Türkiyə prezidentlərinin liderliklərində bütün istiqamətlərdə birlikdə fəaliyyət həyata keçiriləcək və hər bir vətəndaşımız bu prosesdə iştirak edəcək”.
Aygül Qarayeva Demokrat.az


