Gündəm

Politoloq: "Ermənistan və bu prosesdə iştirak edən qüvvələr bilməlidirlər ki, bizim də səbrimizin bir həddi var"

Politoloq: Ermənistan və bu prosesdə iştirak edən qüvvələr bilməlidirlər ki, bizim də səbrimizin bir həddi var

“Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması son günlərdə mütəmadi hal alıb. Bu onu göstərir ki, baş verənlər təkcə Ermənistan ordusunda olan qarışıqlıqla, “Qarabağ klanı”nın meydan sulaması ilə bağlı deyil. Bu, Ermənistanda “5-ci kolon”un nümayəndələrinin aktivləşməsi kimi izah edilməlidir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Şuşa və Naxçıvan istiqamətində Azərbaycan mövqeyinin ermənilər tərəfindən atəşə tutulması barədə danışan politoloq, bunda Cənubi Qafqaz uğrunda gedən mübarizənin də təsirinin olduğunu deyib:

“Bu təsirlərin içərisində Ermənistanda olan Rusiyatərəf qüvvələr də az deyil. Bu qüvvələr ordunun içərisində daha çoxdur. Generaldan tutmuş orta və aşağı rütbəli zabitlərə qədər hərbçilərin böyük hissəsi Rusiyada təhsil alan, bu səbəblə də Rusiyaya bağlı şəxslərdir. Görünür ki, son zamanlar bəzi dövlətlərin Cənubi Qafqaz uğrunda mübarizəsi dərinləşib. ABŞ dövlət katibi Antoni Blinken Nikol Paşinyana zəng edərək, onu şirnikləndirici vədlərlə öz tərəfinə çəkməyə çalışır. Baş katib bildirir ki, onun ölkəsi həm Qarabağın statusunun müəyyənləşməsinin, həm də Minsk qrupunun fəallaşmasının tərəfdarıdır. Ona görə də, bu məsələdə Ermənistana yaxından köməklik göstərə bilər. Eyni fikirləri və daha artığını Rusiya da bildirir. Demək, Cənubi Qafqaz, xüsusilə Ermənistan üçün ABŞ-la Rusiyanın mübarizəsi gedir. Cənubi Qafqazda, bu mübarizədə Rusiya özünün hərbi bazaları ilə iştirak edir. Nədənsə, tərəflər Türkiyə amilini hesaba qatmırlar. Əslində, Türkiyə amili həm Azərbaycanda, həm də Gürcüstanda kifayət qədər keçərli və həlledici qüvvəyə malikdir. Bu baxımdan düşünürəm ki, yaxın vaxtlarda proseslə bağlı daha real addımlar atılacaq. Bu ərəfədə tərəflərin Azərbaycanı yeni müharibəyə çəkmək cəhdləri də ola bilər. Amma Azərbaycan provakasiyaya getmək fikrində deyil”.

Politoloqun bildirir ki, Azərbaycan ermənilərin bu təxribatlarına təmkinlə yanaşsa da, bu, hər zaman belə olmayacaq:

“Son hadisələr səbəbilə Azərbaycan öz ərazisində - Şuşa, Xankəndi, Laçın dəhlizi ətrafında Ermənistan ordusunun qalıqlarına qarşı anti-terror əməliyyatı keçirə bilər. Bu, hazırda Azərbaycanın qarşısında duran bir nömrəli vəzifədir. Azərbaycan hazırda lokal atışmalarda Ermənistan tərəfinə lazımi cavabı vermir. Azərbaycan hələ ki, təmkinli davranır. Lakin Ermənistan və bu prosesdə iştirak edən qüvvələr bilməlidirlər ki, bizim də səbrimizin bir həddi var. Azərbaycanın səbri bitdikdən sonra öz müttəfiqləri ilə məsləhətləşib hərbi əməliyyatları davam etdirə bilər. Bu əməliyyatlar həm Qarabağda, həm də lazım gəlsə, elə Ermənistanın öz ərazisində gedə bilər”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az