“Ağdamdan sonra Füzuli və Zəngilanın mina xəritələrinin alınması şübhəsiz ki, ölkə prezidentinin diplomatik uğuru kimi qiymətləndirilməlidir. Birinci dəfə ABŞ və Gürcüstan, ikinci dəfə isə Rusiya Federasiyası prosesdə vasitəçilik missiyası yerinə yetirdi. Xəritələrin əldə edilməsinin qarşılığında Azərbaycan növbəti dəfə humanistlik nümayiş etdirərək, Hadrut istiqamətində ölkəyə daxil olan, terror əməliyyatlarında iştirak etməyən erməniləri ölkələrinə qaytardı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O, mina xəritələrinin alınması prosesinin necə davam edəcəyinin zamanla bəlli olacağını bildirib:
“Bu, prezidentin olduqca çətin, mürəkkəb diplomatik proseslərdə əldə etmiş olduğu ciddi uğurlardan biridir. Artıq xəritələr nəzərdən keçirilir, dəqiqliyi yoxlanılır, onların nə dərəcədə reallığı əks etdirdiyi müəyyənləşir. Ümid edirik ki, bu proses müsbət nəticələnəcək. Bütün bunlara baxmayaraq, hər zaman vurğulamışam ki, biz ermənilərin riyakarlığının, hiyləgərliyinin, sözləri ilə əməllərinin fərqli olmasının illər boyu şahidi olmuşuq. Füzulinin mina xəritəsinin alınmasına baxmayaraq, bir neçə gün əvvəl iki nəfər minaya düşdü. Mina xəritələrini əldə etməyimizə baxmayaraq, çox ehtiyatlı olmalıyıq. Son dərəcədə ehtiyat davranmalı, prosesi diqqətlə izləməliyik. Proseslərin davamının necə olacağı isə zamanla bəlli olacaq. Hər şey böyük ölçüdə hazırda əldə etdiyimiz mina xəritələrinin nə dərəcədə doğru olmasından asılı olacaq”.
Deputat bir daha vətəndaşları minalanmış, işğaldan azad edilən ərazilərə getməməyi tövsiyə edib:
“Bu işdə vətəndaşlarımızın da köməyi lazımdır. Vətəndaşlar tövsiyələri, qadağaları nəzərə almalıdırlar. Heç bir ciddi arqument minalı ərazilərə getməyə səbəb ola bilməz. Torpaqların minalardan təmizlənməsi başa çatmadan o ərazilərə getmək təhlükəlidir. Ermənilər ərazilərə torpağa toxum səpirmiş kimi mina basdırıblar. Prosesin davamını gözləməli, ərazilər tam təhlükəsiz olana qədər səbir etməliyik”.
Aygül Qarayeva Demokrat.az


