“Muğamın YUNESKO-ya daxil olmasının on illiyi ilə bağlı bir neçə ölkəyə səfərlərim oldu”.
Demokrat.Azxəbər verir ki,bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov yola salmaqda olduğumuz 2018-ci illə bağlı təəssüratlarını bölüşərkən deyib:
“2018-ci il həm həyatımızda, həm də yaradıcılığımızda çox uğurlu bir il kimi yadda qaldı. Gəncədə, Sumqayıtda, Qəbələdə konsertlərim oldu. Bundan başqa xarici səfərlərimdə İtaliyada, Türkiyədə çıxış etdim. Muğamın YUNESKO-ya daxil olmasının on illiyi ilə bağlı bir neçə ölkəyə səfərlərim də oldu. Sonuncu səfərim Təbriz şəhərinə olub. Elə bu gün ordan qayıtmışam. Təbriz şəhərində çox böyük ustad dərslərimiz oldu”.
Xalq artisti təzə ildə Qarabağımıza qayıdacağına ümid etdiyini bildirib:
“Bildiyiniz kimi Ağdam Muğam Mərkəzi açıldı və biz ilk dəfə orda konsert verdik. 2019-cu ildə dövlətimiz üçün daha böyük uğurlar gözləyirəm. Daha çox gözləntimiz Qarabağımıza dönüş ilinin olmasıdır. Bunu cənab Prezidentimiz də deyib və biz hamımız ümidliyik ki, torpaqlarımıza qayıdacağıq. Ağdam Muğam Mərkəzinin açılışında cənab Prezident dedi ki, “Bu yaxınlarda belə bir Muğam Mərkəzinin ən böyüyünü Ağdamın mərkəzində tikəcəyik”. Bu sözlər bizi çox ruhlandırır və inanırıq ki, 2019-cu il bizim ölkəmizə və millətimizə düşərli olacaq”.


