Aprelin 30-da ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunduğu xəstəxanada vəfat edən gənclər və idman naziri Azad Rəhimov bu gün II Fəxri Xiyabanda torpağa tapşırıldı.
Azad Rəhimov indiyədək Azərbaycanda vəzifə başında dünyasını dəyişən üçüncü nazirdir.
Belə ki, Azərbaycanın sabiq energetika naziri Natiq Əliyevlə, keçmiş müdafiə sənayesi naziri Yavər Camalov da vəfat edərkən vəzifədə olublar. 
İlk olaraq, 2017-ci ilin iyunun 3-də Natiq Əliyev Bakıda ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Qardaş ölkədə “Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev 6 gün sonra beyin insultu keçirmiş və dünyasını dəyişmişdi. 
Natiq Əliyevin vəfatından bir il sonra isə Yavər Camalov müdafiə sənayesi naziri olarkən dünyasını dəyişib. Azad Rəhimov kimi 2006-cı ildə nazir təyin olunan Yavər Camalovun da ölümünə uzun sürən ağır xəstəlik səbəb olub. O da müalicə üçün xaricə - bir neçə dəfə İsrailə getmişdi. 2018-ci ilin iyunun 23-də vəfat edən Y.Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, 2017-ci ildə Türkiyədə özəl xəstəxanaların birində üzləşdiyi xəstəlik səbəbindən vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub. 


