Siyasət

Blinkenin İlham Əliyevə zənginin pərdəarxası məqamları: Danışıqlar bölgədə hansı rolu oynaya bilər? — AÇIQLAMALAR

Blinkenin İlham Əliyevə zənginin pərdəarxası məqamları: Danışıqlar bölgədə hansı rolu oynaya bilər? — AÇIQLAMALAR

Dünən ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng edib. Tərəflər arasında baş tutan telefon danışığı zamanı ikitərəfəli münasibətlərin inkişafı, enerji təhlükəsizliyi, Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyət, ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Telefon görüşü zamanı həmçinin, İlham Əliyev ABŞ prezidentinin erməni “soyqırımı” ilə bağlı bəyanatına toxunub və bu açıqlamanın narahatlıqla qarşılandığını qeyd edib.

ABŞ dövlət katibinin ölkə Prezidentinə zəngi və müzakirə edilən məsələlərlə bağlı politoloq Qabil Hüseynli Demokrat.az-a verdiyi açıqlamada bildirdi ki, artıq regiondakı vəziyyət ABŞ-ın daha yaxından diqqətini çəkir:

“ABŞ bölgə ilə daha ciddi maraqlanmağa başlayıb, amma ABŞ prezidentinin erməni “soyqırımı” ilə bağlı verdiyi birtərəfli bəyanatı regionda əhalinin ABŞ-a olan münasibətini xeyli dərəcədə pisləşdirib. Onlar ABŞ-dan ədalət, düzgünlük gözləyirdilər, amma əvəzində yenə də xristian təəssübkeşliyi, yenə də ermənipərəst mövqe ilə qarşı-qarşıya qaldılar. Ədalət bir tərəfdə qalır, onlar isə hadisələri özlərinə sərf edən şəkildə şərh edirlər. ABŞ dövlət katibinin İlham Əliyevə zəng edərək, Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolu təqdir edib. Azərbaycanın enerji, logistika siyasətini dəyərləndirib. Həmçinin, Qarabağ məsələsi ilə maraqlanıb. Təəccüblü gələn odur ki, Minsk qrupunu yenidən dirçəltmək təşəbbüsləri var. Problemin başa çatdığı bir zamanda, məsələnin yeni formalarının tələb olunduğu halda ABŞ köhnə və özünü doğrultmayan metodlardan istifadəyə can atır. Lakin istənilən halda güman edirəm ki, Blinkenin İlham Əliyevlə telefon danışığı aparması bölgədə müsbət rol oynaya bilər”.

Blinkenin İlham Əliyevə zənginin pərdəarxası məqamları: Danışıqlar bölgədə hansı rolu oynaya bilər? — AÇIQLAMALAR

Politoloq dövlət başçısının “soyqırımı” ifadəsini işlətməsi və Türkiyənin yanında olduğunu bildirməsini bu cür şərh etdi:

“İlham Əliyevin ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsindən narahatlığını bildirməsi vacib addım idi. ABŞ prezidentinin bu addımı olduqca səhvdir. Bayden tarixi bilmədiyi halda, tarixə dair faktları araşdırmadan, erməni lobbisinin təsiri altında tarixə və xalqların yaddaşına çox mənfi yazılacaq bəyanat səsləndirdi və Əliyev də bunu tarixi səhv adlandırdı. Həmin dövrlərdə baş verən hadisələri araşdırarkən bəlli olur ki, ermənilərin tarixi siyasəti, ruslarla birləşib öz vətəndaşı olduqları ölkəyə qarşı vuruşmaları çox ağır nəticələr yaratdı. Osmanlı dövləti də onları cənub bölgəsinə köçürdü. Adi köç siyasətində xəstəlikdən və başqa səbəblərdən insanların ölməsini soyqırımı kimi təqdim etmək və sonradan da bunu siyasi alver mənbəyinə çevirmək müasir dövrün məntiqinə yaraşmayan hərəkətdir. Üstəlik, buna öndə gedən siyasətçilər qoşulubsa, bu, ikiqat əxlaqsızlıqdır. Bu baxımdan, İlham Əliyevin Blinkenlə zəng zamanı söylədiklərini ürəkdən alqışlayıram”.

Milli Məclisin deputatı Elman Nəsirov isə tərəflər arasındakı telefon danışığında diqqət çəkən məqamlara toxundu:

“ABŞ dövlət katibi Entoni Blinkenin İlham Əliyevə zəngi zamanı bir çox məsələlər müzakirə olunub. Görüş zamanı ikitərəfli münasibətlərin perspektivi dəyərləndirilib, Blinken bölgədə sülhün təmin edilməsində Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirib. Dövlət katibi xüsusilə vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır və Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində görülən işləri və əldə edilən nəticələrə böyük dəyər verdiyini diqqətə çatdırıb. ABŞ dövlət katibi bildirib ki, ikitərəfli münasibətlərdə ziddiyyətli məqam var, bu da “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişlə bağlıdır. Bu məsələ ilə bağlı Blinken qeyd edib ki, bu il də onun fəaliyyəti dayandırılır. 2001-ci ildə ABŞ-da baş vermiş 11 sentyabr hadisələrindən sonra Azərbaycan rəsmi Vaşinqtonun formalaşdırdığı antiterror koalisiyasının fəal üzvü olduğundan, həmin vaxtdan hər il 907-ci düzəlişin fəaliyyəti bir il müddətində dayandırılır. O vaxtdan indiyə qədər bu maddə yerinə yetirilmir. Blinken telefon danışığı zamanı vurğulayıb ki, yeni administrasiya da eyni addımı atıb. Söhbət zamanı qeyd olunmuşdur ki, Azərbaycan demokratik proseslər, insan haqlarının qorunması ilə bağlı məsələləri diqqət mərkəzində saxlayıb”.

Blinkenin İlham Əliyevə zənginin pərdəarxası məqamları: Danışıqlar bölgədə hansı rolu oynaya bilər? — AÇIQLAMALAR

Deputat Azərbaycan dövlət başçısının Azərbaycan-Türkiyə münasibətlərinə toxunmasını əhəmiyyətli hesab edir:

“Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulamaqla yanaşı, ABŞ prezidenti Co Baydenin Osmanlı Türkiyəsində baş verən hadisələrlə bağlı səsləndirdiyi fikirlərin narahatlıq və narazılıq yaratdığını vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan və Türkiyə müttəfiqdirlər və biz dost ölkəyik, buna görə də Azərbaycan tərəfinin bu məsələdə narahatlığının motivlərini qarşı tərəf anlamalıdır. Bu telefon danışığı göstərdi ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq münasibətləridir və bu əlaqələri qoruyub-saxlamaq lazımdır. Bu, hər iki tərəfin milli dövlətçilik maraqlarına uyğundur. Həmçinin ikitərəfli münasibətlərə xələl gətirə biləcək hər cür addımdan çəkinmək lazımdır”.

Tərəflər arasındakı telefon görüşü zamanı ATƏT-in Minsk qrupunun gələcək fəaliyyətinin müzakirə olunmasına toxunan Elman Nəsirov bu prosesin qurumun görəcəyi işlərdən asılı olacağını vurğuladı:

“Tərəflər arasındakı telefon danışığı zamanı müzakirə edilən məsələlərdən biri də müharibədən sonrakı vəziyyətlə bağlıdır. Bu zaman İlham Əliyev Azərbaycanın bu prosesdə konkret mövqeyi barədə əsaslandırılmış fikirlər səsləndirdi. Prezident vurğuladı ki, Azərbaycan Ermənistanın da iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının formalaşmasında maraqlıdır, amma təəssüf ki, Ermənistan tərəfindən bu istiqamətdə müsbət siqnallar gəlmir. Prezident həmçinin ABŞ dövlət katibinin ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı qaldırdığı məsələyə mövqeyini bildirdi. Həmin mövqe ondan ibarətdir ki, istənilən fəaliyyət konstruktiv olmalıdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Prezidentin mövqeyi bizim ictimaiyyətə də bəllidir. Bu qurum münaqişənin həlli prosesinə heç bir töhvə vermədi, onların fəaliyyətinin kəmiyyət və keyfiyyət əmsalı sıfıra bərabər olub. Minsk qrupu gərək yeni ideyalar, təkliflərlə çıxış etsin, sülh prosesində real rol oynasın. Regiona səfər edib, qətiyyətsiz bəyanatlar verib, turist davranışı ortaya qoyursa, onda belə fəaliyyət nəyə lazımdır? Otuz il ərazində bu fəaliyyətin hansısa nəticəsi olmayıb. Yəqin ki, prezident bu məsələləri bir daha qarşı tərəfin nəzərinə çatdırıb. Minsk qrupunun real planı varsa, gələcək fəaliyyəti müsbət şəkildə müzakirə edilə bilər, amma sadəcə regiona gələrək, ünvansız bəyanatlar verəcəklərsə, onda bu fəaliyyət nəyə lazımdır? Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir inam qalmayıb və onlar bu inamın bərpası ilə bağlı hələ ki, heç bir əməli addım atmayıblar”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az