Gündəm

Deputat: “İlham Əliyev Blinkenlə danışanda çox cəsarətlə vurğulayıb ki, biz Türkiyənin yanındayıq”

Deputat: “İlham Əliyev Blinkenlə danışanda çox cəsarətlə vurğulayıb ki, biz Türkiyənin yanındayıq”

"Əgər ABŞ artıq günahlarını yumaq niyyətindədirsə, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi ləğv edib, Azərbaycanla normal əməkdaşlıq etsin. Cənab Prezident İlham Əliyev onların özü və onlara oxşar başqaları kimi heç vaxt qeyri-səmimi bəyanat vermir, fikir söyləmir. Belə ki, İlham Əliyev fikrini çox düzgün, real və obyektiv ifadə edərək deyib ki, biz qondarma "erməni soyqırımı" məsələsində Türkiyənin yanındayıq, çünki siz haqlı deyilsiz".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov ABŞ dövlət katibi Entoni Blinken ilə Prezident İlham Əliyevin telefon danışığını şərh edərkən deyib.

Milli Məclisin deputatı bildirib ki, ABŞ-ın dünyanın hər bölgəsində, o cümlədən Cənubi Qafqazda özünün xüsusi strateji maraqları var: "Belə olan halda, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla bağlı da ABŞ-ın plan və maraqları olmamış deyil. Əgər bu planlar əməkdaşlıq çərçivəsində davam edərsə, təbii ki, müsbət nəticələnər və hər iki dövlətin xeyrinə olar. ABŞ dövlət katibinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişlə bağlı fikrinə gəldikdə isə, ümumiyyətlə, həmin dövrdə tətbiq olunan bu məhdudiyyətlər çox ədalətsiz məqamda baş verdi. Baxın, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərində soyqırım törətdilər, bir neçə saatın içində şəhər darmadağın edildi. Bu dövrdə ABŞ ermənilərə heç bir söz demədi, əksinə onları dəstəklədi. Üstəlik bir neçə ay keçəndən sonra Azərbaycan ordusu müəyyən ərazilərimizi işğaldan azad etməyə başlayanda ABŞ bunu bizə irad tutdu və "907"ni Azərbaycana tətbiq etdi. Təbii ki, bu, haqsız mövqe idi".

E.Məmmədov vurğulayıb ki, ABŞ haqlı mövqe sərgiləmək istəyirsə, Xocalı soyqırımına qiymət versin, onun tanınması haqqında fikir söyləsin: "İcazə verin, 1915-ci ildə nə baş verdiyini bilmək üçün tarixçilər işləsin, arxivlər açılsın. Nəticədə məlum olacaq ki, ermənilər bizə qarşı soyqırım törədiblər. Bu, siyasətçilərin, dövlət başçısının işi deyil, tarixi araşdıranların işidir. Prezident telefon danışığında bunları bəyan edib və çox cəsarətlə də vurğulayıb ki, biz bu məsələdə də Türkiyənin yanındayıq. Çünki Türkiyə haqq yolundadır".

Qeyd: Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Demokrat.az

D
demokrat.az