Siyasət

"Ermənilər Zəngəzura kütləvi şəkildə XIX əsrin 30-cu illərindən sonra köçürülüb"

Ermənilər Zəngəzura kütləvi şəkildə XIX əsrin 30-cu illərindən sonra köçürülüb

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngəzurun tarixi Azərbaycan torpağı olması ilə bağlı səsləndirdiyi fikirləri həm XIX-XX əsrlərə aid arxiv sənədləri, həm də daha əvvəlki dövrlərin tarixini əks etdirən mötəbər mənbələrdəki faktlar təsdiqləyir. XII-XVIII əsrlərdə bölgənin tarixi coğrafiyasının tədqiqi göstərir ki, Zəngəzurun taleyi daima Azərbaycan ərazisində yaranmış dövlət və imperiyalarla birbaşa bağlı olub. Hələ Hülakülər dövlətində vəzir vəzifəsində çalışmış Fəzlullah Rəşidəddinin verdiyi məlumatlara görə o zaman Qapan (Qafan) ərazisi (Zəngəzurun bir hissəsi) Naxçıvan tüməninə daxil olub”. Demokrat.azbildirir ki, bu fikirləri Moderator.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib. O, bildirib ki, XVII əsrin ortalarında - Əfşarların idarəçiliyi dövründə Zəngəzur ərazisinə daxil olan ayrı-ayrı ərazilərin adı Naxçıvan ulkasının tərkibində çəkilib: “Mənbələrdə Naxçıvan ulkasının 11 mahalı sırasında Mehri, Qapan, Qarakilsə, Tatefin də adı çəkilir ki, bu mahallar məhz Zəngəzurun hissələridir. Qarabağda doğulmuş Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsərində verdiyi məlumatlardan aydın olur ki, xanlıqlar dövründə bu ərazilərin taleyi iki Azərbaycan xanlığı - Naxçıvan və Qarabağ xanlıqları ilə bağlı olub. Onun verdiyi məlumatlarda göstərilir ki, Əfşarların idarəçiliyi dövründə Naxçıvanın tabeliyində olmuş Qarakilsə (Xristian müəllif onun adını Sisyan kimi qeyd edir.) və Tatef XVIII əsrin 50-ci illərində Qarabağ xanlığına qatılmışdı. Zəngəzurun digər hissələri olan Mehri və Qafan isə 1747-1797-ci illərdə Naxçıvan xanlığının tabeliyində qalmışdı”. Elnur Kəlbizadə deyib ki, ermənilər digər tarixi Azərbaycan torpaqları kimi Zəngəzura da kütləvi şəkildə XIX əsrin 30-cu illərindən sonra köçürülüb məskunlaşdırılıblar. Bütün cəhdlərə baxmayaraq, bölgədə azərbaycanlı əhali uzun müddət özünün etno-demoqrafik tərkibdə üstünlüyünü qoruyub saxlamışdı. Məhz bu səbəbdəndir ki, 1918-ci ilin iyulunda - azərbaycanlılara qarşı soyqırımların törədildiyi dövrdə quldur Andranik Ozanyanın hərbi dəstələrinin əsas hədəflərindən biri məhz Zəngəzur bölgəsi olmuşdu. Bəzi məlumatlara görə, erməni quldur dəstələri tərəfindən bu dövrdə Zəngəzurda 115-dən artıq kənd dağıdılıb, əhalisi soyqırıma və qırğınlara məruz qalıb. Onu sözlərinə görə, sovetləşmədən sonra bu ərazilərin Moskvanın təsiri ilə Sovet Azərbaycanı tərəfindən Sovet Ermənistanına verilməsi barədə təkcə Nəriman Nərimanovun bəyanatı yox, eyni iclasda digər şəxslərin çıxışları da Zəngəzurun Azərbaycana məxsusluğunu göstərir. Məsələn, Orconikidze çıxışında Zəngəzurun verilməsindən danışarkən deyirdi: “Sovet Azərbaycanı artıq yükdən azad olur”. Deməli, Zəngəzur “yükü” həqiqətən də Azərbaycanın olub ki, Orconikidze məsələni bu cür təsvir etmişdi. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük müharibədə qazanılmış böyük zəfərdən sonra imzalanan bəyanata Naxçıvana dəhliz məsələsini saldırması və Zəngəzur dəhlizi məsələsinin ən qısa zamanda həlli üçün addımların atılması ilk növbədə tarixi nöqteyi-nəzərdən əhəmiyyətlidir. Digər tərəfdən bu dəhlizin açılması Türk dünyasının birliyi, iqtisadi və mədəni inteqrasiya proseslərinin güclənməsi baxımından vacibdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi də məhz bu dəhlizin açılması nəticəsində mümkün ola bilər. Birmənalı şəkildə demək olar ki, bundan sonra Naxçıvanın beynəlxalq ticarətdə rolu əhəmiyyətli dərəcədə yüksələcəkdir. Başqa sözlə desək, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi, Naxçıvana Zəngəzur üzərindən dəhlizin açılması həm də tarixi İpək Yolunun ən mühüm marşrutlarından birinin işləkliyinin təmin edilməsidir”, deyə Elnur Kəlbizadə əlavə edib. Demokrat.az

D
demokrat.az