Kriminal

“Ana, arvad-bacı söyüşləri söydü” — Sumqayıtda ustaların qanlı davasının təfərrüatı

“Ana, arvad-bacı söyüşləri söydü” — Sumqayıtda ustaların qanlı davasının təfərrüatı

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Elxan iş yoldaşı, 1983-cü il təvəllüdlü Ramili bıçaqlayaraq öldürməyə cəhd edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elxan fərdi qaydada sifariş qəbul edərək vətəndaşa məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmirinə başladıqdan bir neçə gün sonra hörgü işlərinin görülməsi üçün həmin evə tanışı Ramili fəhlə kimi dəvət edib.

Ramil qeyd olunan ünvana gəlib və hörgü işlərinə başlayıb. Ramil günorta saatlarında Elxan ilə birlikdə yemək yeyərkən spirtli içki qəbul edib.

Daha sonra Ramil ev sahibinə evin çardağının təmir edilməsi üçün başqa ustanı məsləhət görüb və onları həmin ünvana gətirib.

Bunu öyrənən Elxan evin sahibi ilə çardağın da təmir işini özünün görməli olduğunu razılaşdıqlarını bildirib və Elxanla mübahisə etməyə başlayıb. Mübahisə zamanı Ramil onu biədəb sözlərlə təhqir edib və bir dəfə yumruqla sol gözünə zərbə vurub. Onlar orada olan şəxslər tərəfindən aralaşdırılıb

Elxan oradan uzaqlaşdırıldıqdan sonra Ramil ilə mübahisələrini aydınlaşdırmaq üçün telefonda danışıb. Bu zaman Ramil yenə də onun ünvanına biədəb sözlər deyib. Elxan qisas almaq məqsədi ilə Ramil öldürmək qərarına gəlib.

Bu niyyətlə Elxan Ramili həmin gün Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən “Səməd” marketin yaxınlığına çağırıb. Onlar həmin marketin yaxınlığında, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Üzeyir Hacıbəyov küçəsində istifadə olunmayan boş sahəyə gəliblər.

Daha sonra orada aralarında baş vermiş münaqişə ilə əlaqədar dalaşmağa başlayıblar. Dava zamanı Elxan öz niyyətini həyata keçirmək məqsədi ilə Ramil ilə görüşə gələrkən Corat qəsəbəsində təmir etdiyi evdən götürdüyü bıçağı cibindən çıxararaq ona ardıcıl olaraq zərbələr vurub. Ramil vaxtında xəstəxanaya çatdırıldığından və ona tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Münasibətlərimiz hadisəyədək normal olub”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

Elxan ifadəsində qeyd edib ki, 2004-cü ildə ailə qurub: “Bu nikahdan 2005-ci il təvəllüdlü övladım olub. Həbs olunan günədək fərdi qaydada ev təmiri ilə əlaqədar sifarişlər qəbul edərək ustalıqla məşğul olmuşam. Ramil tanışımdır. Ramilin qardaşım Kamran ilə daha yaxın münasibətləri var. Ramil bir neçə dəfə ev təmir edərkən onun yanında fəhləlik etmişdim. Onunla münasibətlərimiz hadisəyədək normal olub. Mahiyyəti üzrə bildirim ki, 2020-ci ilin aprel ayında Corat qəsəbəsində ev təmir edərkən hörgü ilə əlaqədar əlavə köməyə ehtiyac oldu və bununla bağlı qardaşım Kamrandan soruşdum. Tanışı Ramilin bir nəfər şəxslə birgə gələrək kömək edə biləcəyini bildirdi”.

“Qəbul edə bilmədim”

Elxanın sözlərinə görə, Ramil tanışı ilə birgə gələrək işləməyə başlayıblar: “Nahar vaxtı həyətdə kabab bişirildi və ev sahibi Ramil adlı şəxs, zərərçəkmiş Ramil və Ramilin gətirdiyi adını xatırlamadığım usta ilə birlikdə nahar etməyə başladıq. Stolda spirtli içki də vardı. Təxminən 50 qrama yaxın spirtli içki qəbul etdim, yeməyimi yedikdən sonra işimin başına qayıtdım. Ramilgil isə spirtli içki qəbul etməyə davam etdilər. Bir qədər sonra ikinci mərtəbədə tavan işlərini görərkən iki nəfər tanımadığım şəxsin otağa daxil olduqlarını gördüm. Ev sahibindən həmin şəxslərin kim olduğunu soruşdum. Ev sahibi həmin şəxslərin şifer ustası olduqlarını, evin dam örtüyünün navalçasını təmir edəcəklərini, həmin ustaları Ramil tapdığını bildirdi. Əvvəlcədən ev sahibi ilə şiferi təmir etməyi də razılaşdığıma görə həmin işə görə ev sahibinin başqa usta çağırmasına əsəbləşdim. Eyni zamanda Ramili özüm ora fəhlə kimi cəlb etdiyim halda, onun xəbərsiz mənə həvalə olunmuş işə görə başqa ustanı məsləhət görməsini qəbul edə bilmədim. Buna görə əvvəlcə ev sahibinə iradımı bildirdim. Ev sahibi həmin ustaları yola saldı və onlara xəbər edəcəyini bildirdi”.

“Ramilə “səninlə sonra görüşəcəm” dedim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra aşağı düşərək evin həyətində Ramil ilə mübahisə etməyə başlayıb: “Ramilə fəhlə kimi işə cəlb etdiyim halda, evin təmirinə məndən xəbərsiz ev sahibinə başqa usta məsləhət görməsini irad tutdum. Ramil mənə əcəb etdiyini bildirdi.Bu səbəbdən mübahisə etməyə başladıq. Həmin vaxt Ramillə yaxalaşdıq. Ramil üstümə hücum çəkəndə, ev sahibinin oğlu onu tutdu, bizi araladı. Axşam radələrində işimi bitirdim, çıxmağa hazırlaşarkən Ramil zəng etdi. Əlim yaş olduğundan və həmin vaxt əynimi dəyişdiyimə görə yanımda olan oğlum Turaldan telefona cavab verib, selektora qoşmasını istədim. Oğlum telefona cavab verdi və selektoru qoşdu. Bu vaxt Ramil ünvanıma ağır ana, arvad-bacı söyüşləri söydü. Məni görüş üçün Sumqayıt şəhəri, 18-ci mikrorayona, “Elmar” marketin qabağına çağırdı. Ramilə “səninlə sonra görüşəcəm” dedim, telefonu söndürdüm”.

“Ramillə mənim mübahisə etdiyimizi bilməyiblər”

Elxan ifadəsində göstərib ki, Ramil ona yenidən yığıb və onu “Səməd” marketin yanına çağırıb: “Bundan sonra əynimi geyidim, oğlum Turalla birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Səməd” marketin yanına getdim. Sonra qardaşıma zəng edərək getdiyim yeri ona dedim. Ora çatanda Ramilin yanında əvvəllər bir dəfə gördüyüm, lakin münasibətimin olmadığı Amil adlı şəxs və tanımadığım özünü Bilal kimi təqdim edən digər bir nəfər şəxsi gördüm. Bu zaman Ramil məni kənara çəkdi, yenə söyüş söyməyə davam etdi və məni yumruqla zərbə endirdi. Ramil məni ana-bacı söyüşü söyməkdə davam etdiyi üçün üzərimdə olan bıçaqla ona xəsarətlər yetirməyə başladım. Hadisə zamanı gecə qaranlıq vaxtı idi. Ramili neçə dəfə və hansı nahiyələrindən vurmağımı xatırlamasam da, ilk zərbəni qarnından vurduğumu xatırlayıram. Sonra ani məqamda ayağımın büdrəməsini hiss etdim.Özümə gələrək Ramili bıçaqlamağı dayandırdım. Həmin vaxt oğlum, qardaşım və Ramilin yanında gələn şəxslər kənarda dayanmışdı. Onlar Ramillə mənim mübahisə etdiyimizi bilməyiblər”.

“Anamı söydüyünə görə, özümü itirdim”

Elxan bildirib ki, onun Ramili öldürmək niyyəti olmayıb: “Sadəcə Ramil mənim 2 il əvvəl rəhmətə gedən anamı söydüyünə görə, ani olaraq özümü itirdim və bıçaq xəsarətləri yetirdim. Hadisədən sonra evə gəldim və təmir etdiyim evin açarlarını ev sahibinə verdim, polisə könüllü təslim olmaq üçün yola çıxdım. Sumqayıt şəhərində 7 nömrəli avtobusda olarkən mənə polisdən zəng gəldi. Həmin polisin qardaşıma görə zəng etdiyini zənn etdim. Çünki hadisəni törətdikdən sonra internetdə xəbərlərdə göstərildi ki, guya Ramili qardaşım bıçaqlayıb. Polis əməkdaşı mənim harada olmağımı soruşdu və israrla olduğum yerdə avtobusdan düşərək dayanmağımı, onları gözləməyimi bildirdi. Nə qədər polisə könüllü təslim olmağa getdiyimi bildirsəm də, polis əməkdaşı mənə avtobusdan düşməyimi israr etdi. Mən də avtobusdan düşdüm. “Niva” markalı avtomobildə 3 nəfər polis əməkdaşı ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getdim. Könüllü olaraq Ramili bıçaqladığımı etiraf etdim. Hazırda Ramillə barışmışam, ona vurulmuş ziyan, o cümlədən işləmədiyi müddətdə ailəsinə maddi yardım ödəmişəm. Törətdiyim əmələ görə səmimi peşmanam”.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə araşdırılıb.

Elxan 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az