Siyasət

"Azərbaycan dünyada baş verən böhranlara səssiz qalmayacaq" - Prezidentin köməkçisi

Azərbaycan dünyada baş verən böhranlara səssiz qalmayacaq - Prezidentin köməkçisi

"Azərbaycan və Türkiyə arasındakı ticarət-iqtisadi münasibətlər mövcud potensialdan aşağıdır".

Demokrat.Az xəbər verir ki, bu sözləri Türkiyənin “Anadolu” agentliyinə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, ölkələr arasında ticarət həcmi artırılmalı və türk xalqlarının potensialına cavab verməlidir:

“Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq nə qonşu ölkələri, nə də digər ölkələri təhdid edir. Biz sülh və qarşılıqlı rifah naminə bütün dövlətlərə açığıq. Ermənistan hakimiyyəti bu işğalçı siyasət və Türkiyəyə qarşı əsassız iddiaları ilə öz xalqını da təhdid edir. Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan və Türkiyənin həyata keçirdiyi milli və beynəlxalq işlərə qatılmaq istəyirsə, buyursun. İşğal etdiyi torpaqlardan çəkilsin, sülhün və beynəlxalq hüququn tələblərini yerinə yetirsin. Ermənistana qarşı deyilik. Biz Ermənistanı sülh və barışığa dəvət edirik. Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki neft və təbii qaz ehtiyatlarının istismara verilməsi siyasətini başladanda Türkiyəni “iki dövlət, tək millət” anlayışı ilə layihələrimizin tərkibində saxladı. Layihələrin Bakı-Tiflis-Ceyhan boru kəməri üzərindən dünyaya açılacağını elan etdi. Heydər Əliyev qardaş ölkə Türkiyənin də bunlardan faydalanması üçün böyük mübarizə apardı. Biz istəyirik ki, bizi hər zaman dəstəkləyən, çətin günlərimizdə yanımızda olan bir Türkiyə olsun. Buna görə də Türkiyə ilə böyük layihələrimizi “bir millətin iki dövləti” kimi həyata keçiririk. ”Star” neft emalı zavodu, “Petkim”də, həmçinin bundan sonra həyata keçiriləcək layihələrdə Azərbaycanın mövcud zənginliyindən türk xalqının faydalanmasını istəyirik. Türkiyədə iş yerləri açıb, rifah gətirmək istəyirik. Çünki biz eyni şeyləri Türkiyədən də görürük. Türkiyə hər zaman Azərbaycanın yanındadır. İqtisadi, siyasi, təhlükəsizlik və digər məsələlərdə Türkiyə Azərbaycanın yanındadır və bu belə də olmalıdır”.

Əli Həsənov bildirib ki, hər iki dövlətin rəsmilərinin milli vəzifələri var:

“Xalqlarımızın təhlükəsizliyini təmin etmək və yüksək rifah səviyyəsi yolunda səylərini davam etdirmək bunların sırasındadır”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi qardaş ölkənin Suriyada yaşanan humanitar fəlakətə səssiz qalmadığını xatırladıb:

“Türkiyə həmin insanlara yardım etdi. Fələstində yaşananlara Türkiyə və Azərbaycan birlikdə yardım edir. Birlikdə həyata keçirdiyimiz layihələr də milli vəzifəmizin bir hissəsidir. Çünki bu işlər bütün insanların rifahı naminə edilir. Azərbaycan dünyada baş verən böhranlara səssiz qalmayacaq. Sivil dünyanın bir parçası olan Türkiyə və Azərbaycan böhranların yaşanmamasına səy göstərir. Böhran yaradan səbəblər aradan qaldırılmalıdır”.

Demokrat.Az

D
demokrat.az