Hadisə

İrandan narkotik gətirən dəstə üzvlərinə hökm oxundu

İrandan narkotik gətirən dəstə üzvlərinə hökm oxundu

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Azər İsmayılov və Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azər İsmayılov İran İslam Respublikası sakini şəxsiyyəti məlum olmayan Məhəmməd adlı şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəkin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2019-cu ilin mart ayının ortalarında razılığa gəlib.

Azər İsmayılov İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb, evində saxlamaqla Azərbaycan Respublikasına gəldikdən sonra təqdim etməyi qabaqcadan vəd vemb.

Bundan sonra Məhəmməd adlı şəxs müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda – üç ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri 2385 qram, 2755 qram və 2350 qram olmaqla ümumi təmiz çəkisi 7490 qram olan narkotik vasitə – tiryəki məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla keçirməklə Biləsuvar Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonu Səmədabad kəndi ərazisindən keçən hissəsində Bəhrəmtəpə istiqamətində yolun sağ tərəfindən yerləşən elektrik dirəyinin yanına yerləşdirib.

Daha sonra Məhəmməd adlı şəxs bu barədə 26 mart 2019-cu ildə Azər İsmayılova mobil telefon vasitəsilə məlumat verdikdən sonra sonuncu ümumi cinayətkar niyyəti realizə etmək üçün Nadir İsmayılova narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı qrupa cəlb etməklə onunla qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan narkotik vasitənin qoyulduğu yerdən əldə edilməsi, saxlanması və daşınaraq Sabirabad rayonuna gətirilməsi barədə razılığa gəlib.

Bu məqsədlə həmin gün saat 21 radələrində qeyd olunan əraziyə gedərək oradan içərisində külli miqdarda narkotik vasitə tiryək olan müvafiq torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı şöbənin inzibati binasına gətiriliblər.

Şəxsi axtarışa məruz qalarkən Nadir İsmayılovun əlindəki torbanın içərisindən üç ədəd bükümdə olan qeyd olunan çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Azər İsmayılov və Nadir İsmayılovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Nadir İsmayılovun ittiham olundğu Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə bəraət verilib. O, digər iki maddə ilə təqsirli bilinib və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hər iki təqsirləndirilən şəxs hökmdən apelyasiya şikayəti verib. Azər İsmayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nadir İsmayılov isə cəzasının yügülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Azər İsmayılovun şikayəti təmin olunmayıb.

Nadir İsmayılovun şikayəti qismən təmin edilib və onun cəzası 9 ilə endirilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az