Qarabağ

Kapitan Hüseynov və dostları: Əlil zabitin Vətən müharibəsində yazdığı unudulmaz tarix... — FOTOLAR

Kapitan Hüseynov və dostları: Əlil zabitin Vətən müharibəsində yazdığı unudulmaz tarix... — FOTOLAR

Vətən müharibəsində igid hərbçilərimiz heç vaxt unudulmayacaq, tarix kitablarında yazılacaq qəhrəmanlıq salnaməsi göstərdi. Kimisi ön cəbhədə düşməni məhv etdi, kimisi yaralıların yarasını sarıdı, kimisi də əlil olmasına baxmayaraq, döyüşdən çəkinmədi. Bu Azərbaycan tarixinin, həm də tarixin özünün nadir rast gəldiyi salnamədir.

Bu salnamədə iz buraxmış qəhrəmanlarımızdan bir neçəsini sizlərə təqdim edirik. Əlildir, sağlamlığını da döyüş tapşırığını yerinə yetirərkən itirib, lakin Vətən müharibəsi başlayanda ön cəbhəyə getmək üçün dövlət tərəfindən ona ayrılan təqaüddən belə imtina edib.

Anar Hüseynov - Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan kapitanı.

Sağlamlığını Vətən müharibəsindən öncə döyüş əməliyyatını icra edərkən itirən və II qrup əlil dərəcəsi aldıqdan sonra ehtiyyata buraxılan Anar Hüseynov döyüşlər başlayan zaman ön cəbhəyə getmək üçün dəfələrlə müraciət edir, lakin təbii olaraq ona icazə verilmir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən ona bildirirlər ki, II qrup əlil olduğu üçün döyüşlərdə iştirak etməsi mümkün deyil.

O, məqsədindən çəkinmir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əlilliyinə görə ona verilən təqaüdün ləğv edilməsini tələb edib. Çox isrardan sonra onun tələbini nəzərə alaraq, istədiyini edirlər.

Anar Hüseynov istəyinə çatır, lakin ona ön cəbhəyə getməyinə yalnız bir şərtlə icazə verirlər: döyüşən ordumuzun yalnız təchizat və təminat işində iştirak etməlidir.

Ehtiyatda olan kapitanın Vətən müharibəsində iştirakı bununla başlayır.

Anar Hüseynov və dostları - Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Qədir Süleymanov, Qəhrəman Abdullayev və könüllü İlqar Həsənov ön cəbhədə döyüşən birliklərimizin təminatında böyük əməl sərf edirlər. Onlar həyatlarına riskə atır, qızğın döyüşlərin getdiyi, təhlükənin nəfəs qədər yaxın olduğu ön cəbhəyə dayanmadan yardımları çatdırırlar.

44 günlük müharibə dövründə Anar Hüseynov və dostları təqribən 300 min manatlıq yardımı operativ şəkildə döyüşlərin qaynar yerlərində əsgərlərimizə çatdırmağa nail olurlar.

Qeyd olunmalıdır ki, yardımların daşınması işində onları “166 Yükdaşıma və Logistika” şirkətinin rəhbəri Aqil Zeynalov avtomobillərlə təmin edib. Vətənin bu cür dəyərli və xeyrxah iş adamlarının da zəhmətini xalqımız heç zaman unutmayacaq.

Könüllü dostlar Şuşaya qədər gedib çıxa bilirlər. Onlar Xocavəndin Tux kəndi, Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində xüsusi təyinatlılarımızın arxasınca hərəkət edir, hərbiçilərimizin ərzaq və geyim təminatının təşkilini həyata keçirirdilər.

Anar Hüseynov, Qədir Süleymanov, Qəhrəman Abdullayev və İlqar Həsənov. Bu adları yaddaşınıza yazın, onlar Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində öz izlərini qoya biliblər.

Qürurlanmamaq əldə deyil, qələbəmizdə belə igidlərin, bacardığı işlə ordumuza dəstək verənlərin payı da çoxdur. Var olsun igid Azərbaycan oğulları!

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az