Gündəm

TÜRKÜN Zəfəri: Qarabağ tam azad olunur, Naxçıvan blokadadan çıxır

TÜRKÜN Zəfəri: Qarabağ tam azad olunur, Naxçıvan blokadadan çıxır

Bu QƏLƏBƏ yə başqa ad vermək, başqa istiqamətə yozmaq yanlış yanaşmadır

Şuşanın işğaldan azad olunmasından sonra müharibənin çox çəkməyəcəyi, Ermənistanın təslim olacağı gözlənilən idi. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin azadlığa qovuşması ilə “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir” fikrinin nə qədər yerinə düşdüyünün bir daha şahidi olduq. Suşanın azad edilməsinin ardınca, noyabrın 9-da 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edilməsi barədə məlumatın verilməsi heç də təsadüfi deyildi. Və gözlənilən sonun gəlməsi çox çəkmədi, Ermənistan təslim oldu!

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat, ilk növbədə mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Bunu başqa istiqamətlərə yozmaq yanlışdır.

Bəyanatın bəndləri bir daha açıq şəkildə göstərir ki, Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul edib və kapitulyasiya şərtlərinə razılığını verib.

Prezident İlham Əliyev nə demişdi? Bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır. Həmin an gəlib. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Bu o deməkdir ki, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur.

Ən mühüm məqam Türkiyənin bölgəyə gəlməsidir. Belə ki, razılaşmaya əsasən Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Аrtıq qoşunların təmas xətti anlayışıının olmaması ilə əlaqədar olaraq atəşkəs hal-hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.

Bu, Prezident İlham Əliyevin tələblərinin daha birinin gerçəkləşməsidir. Prezident həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Razılaşma onu da göstərir ki, Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Ən vacib digər məqam bu proses çərçivəsində Naxçıvanın da blokadadan azad olunmasıdır. Bu tarixi bir hadisədir.

Bu QƏLƏBƏ dir. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və 30 ilə yaxın həsrətə nöqtə qoyuldu. Buna başqa ad vermək, başqa istiqamətə yozmaq yanlış yanaşmadır. Bu Qələbə addım-addım, düşünülmüş qətiyyətli siyasət, Azərbaycan Əsgərinin qanı-canı hesabına başa gəlib. Bu Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşünün hər günü qələbəyə imza atılıb.

- 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi;

- Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsi, Laçın rayonunun bir sıra kəndləri, Qarabağın açarı olan Şuşa şəhəri işğaldan azad edildi;

- Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi;

- Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq;

- Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu;

- Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi.

Beləliklə, Azərbaycanın əzmi, qətiyyəti, birliyi qarşısında düşmənin ağ bayraq qaldırmaqdan və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.

Azərbaycanın indiki məqamda sülhə razı olması və imzalanan bəyanatda ölkəmizin maraqlarına zidd heç nə yoxdur. Razılaşmadan görünən odur ki, Qarabağa əvvəllər şərt kimi irəli sürülən status verilməyəcək. Bu, Azərbaycanın şərtləri əsasında və ərazi bütövlüyü şərçivəsində birgəyaşayışın mümkünlüyüdür. Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bəyan etmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmasının birgə yaşayışını həmişə dəstəkləmişdi.

Azərbaycan qısa müddətdə tariximizin şanlı səhifəsini yazmağı bacardı. Bu millətimizin birliyinin nəticəsidir. Bu müddətdə Ermənistan və onun havadarlarının hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana qarşı diplomatik və siyasi təzyiqlər göstərsə də, bunlar nəticəsiz oldu. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Ermənistanda isə bundan sonra yaşananları görmək çətin deyil; xaos, anarxiya, çevriliş və s. Tarix həm də bumeranqdır. Bizə yaşatdıqlarını Ermənistan hər mənada yaşayacaq.

Elman Babayev, əməkdar jurnalist Demokrat.az

D
demokrat.az