Siyasət

"ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın da günahı var" — Sərdar Cəlaloğlu

ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın da günahı var — Sərdar Cəlaloğlu

“Biz dərhal bu qətnamə ilə bağlı BMT-yə müraciət etməliyik”.

Bunu KONKRET.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.

O, qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun addım ataraq torpaqlarını işğaldan azad edir:

“ABŞ-ın rəsmi öhdəliyi var ki, beynəlxalq hüquq prinsiplərinə görə Azərbaycanın yanında olub, işğala son qoyulmasında Azərbaycana kömək edərək Ermənistanın cəzalandırılması istiqamətində addımlar atmalıdır. Amma ABŞ beynəlxalq hüquqa zidd olaraq Ermənistanin yanında olub, işğala dəstək olur. Bununla onlar beynəlxalq hüququ pozurlar. ABŞ senatı belə bir qərar qəbul edərsə, biz mütləq beynəlxalq məhkəməyə müraciət edərək, hüququ kobudcasına pozduqlarını müzakirə etməliyik. Yoxsa bəyanat verməklə, “Onu eləməyin” deməklə həmin konqresmenlərə təsir edə bilmərik”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, biz bu müharibəni qəbul olunmuş konvesiyaya uyğun aparırıqsa, torpaqlarımızı işğaldan azad edilməsinə maneə törədən çağırışlar və təzyiqlərlə də beynəlxalq hüquqa uyğun mübarizə aparmalıyıq:

“Bizim işimiz haqq işidir. Bu, ədalətli müharibədir. İşğalla bağlı qəbul olunmuş qətnamələrə uyğun olaraq biz torpaqlarımızın danışıqlar yolu ilə azad olunması üçün 30 il dözmüşük. 30 illik danışığın nəticəsi onu göstərir ki, əslində məqsəd Ermənistanın bizim ərazilərimizi hərbi istehkama çevirmək və mövqelərini gücləndirməkdir. Bunun da günahkarı ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-dır. Bişkek protokoluna görə atəşkəs dövründə tərəflər hər hansı hərbi xarakterli işlər apara bilməzlər və işğal altında olan torpaqlarda ilhaq edilməsi yolverilməzdir. Amma ermənilər ATƏT-in Minsk Qrupunun gözləri önündə torpaqlarımızı ilhaq ediblər, dünyanın hər bir yerindən erməni ailələrini gətirib yerləşdirir, yol çəkir, aeroport tikirdilər. Bunun da məsuliyyətini təkcə Ermənistan deyil, həm də ATƏT-in Minsk Qrupu daşımalıdır. Çünki onlar atəşkəsin tələblərinə əməl edilməsinə nəzarət edə bilməyiblər və Ermənistanı bu yoldan çəkindirməyiblər. Mənə elə gəlir ki, Azərbaycanın düzgün yolu hər hansı təzyiqlərə hüquqi yolla cavab verməkdir. Ayrı-ayrı şəxslərin verdiyi bəyanatların heç bir nəticəsi olmayacaq”.

Demokrat.az

D
demokrat.az