Deputat: “Ermənilərə vaxt vermək qətiyyən olmaz”

MÜSAHİBƏ 27 avq 2020, 08:43

Milli Məclisin deputatı Elman Məmmədov sualları cavablandırıb.

 

Onunla müsahibəni təqdim edirik:

 

- Elman müəllim, Rusiya xarici işlər naziri Sergey Şoyqu Azərbaycana səfərə gəldi. Bu səfəri necə qiymətləndirirsiniz?

 

- Rusiya Federasiyası ilə müxtəlif istiqamətlərdə əməkdaşlığımız və əlaqələrimiz mövcuddur. Amma bizi narahat edən məsələ ondan ibarətdir ki, Tovuz hadisələri və bu provakasiyadan sonrakı dövrlərdə Rusiyadan işğalçı Ermənistana tonlarla silah daşınır. Hətta keçmiş erməni prezident Serj Sərkisyan açıqladı ki, onlar Rusiyadan 50 min tondan artıq pulsuz silah-sursat alıblar. Bu, təbii ki, işğalçını silahlandırmaqla yanaşı qonşuluq prinsiplərinə də ziddir. Ona görə də bu səfər əsnasında bütün məsələlərin açıq şəkildə müzakirə olunaraq konkret fikirlərin açıqlanacağına ümid etmək olar.

 

- Bu günlərdə Goranboy istiqamətində erməni provakasiyasının qarşısı alındı və erməni diversiya komandiri ələ keçirildi. Amma erməni tərəfi bunun ictimailəşməsindən ciddi narahatlıq keçirir...

 

- Ermənistan ombudsmanı da Müdafiə Nazirliyinə qoşularaq sərsəm bəyanatlarla çıxış edir. İlk növbədə onu vurğulamaq lazımdır ki, işğalçı Ermənistanın diversiya qrupu dəvətnamə ilə bizim nəzarətimizdə olan müdafiə məntəqələrimizə gəlməyib. Onlar diversiyaya, kəşfiyyata, səngərlərimizə hücuma keçmişdilər. Amma güclü Azərbaycan Ordusu bunu qarşısını aldı və məhv edilən diversiya qrupunun komandiri də əsir götürüldü. Təbii ki, hərbi əsirlərlə davranışla bağlı beynəlxalq konvensiya mövcuddur. Amma ermənilər əsirlər, girovlarla necə davranmaq haqqında heç bir mənəvi əsasa belə sahib deyillər. Onların belə məsələlərdən danışmağa heç bir hüquqi əsası da yoxdur. Son 30 il ərzində onların dinc azərbaycanlı vətəndaşlarına qarşı terror və soyqırımları ermənilərin bütün iddialarını alt-üst edir. Erməni vandalları məhz bu illər ərzində əsir və girovlarımıza qarşı olmazın işğəncələr verib və bunun bir çox hallarını da məhz beynəlxalq təşkilatların nümayəndələri görüb. Xocalı soyqırımı zamanı erməni vandalları həlak olmuş insanlara, cansız bədənlərə qarşı iyrənc hərəkətlər etmişdilər. Hətta o vaxt əsir düşmüş insanların bir çoxu sağdır və ermənilər tərəfindən başlarına gətirilən bütün müsibətləri sadalayırlar. Amma bütün bunlara baxmayaraq artıq erməni ombudsman riyakarlıqla məşğul olmağa başlayıb. Ona sual vermək lazımdır ki, sən gəlib gözünlə hərbi əsirə qarşı hansısa bir işgəncə faktını görübsən? Eyni zamanda erməni müdafiə nazirinə sual vermək lazımdır ki, sənin diversiya qrupun Azərbaycan ərazisində nə gəzirdi ki, əsir də düşürdü? Sözsüz ki, o hərbi əsirdir. Dindiriləcək və danışdırılacaq, burada onun üçün xüsusi bir şərait yaradası deyil.

 

Ermənilərin 1988-ci ildən bu günə qədər xalqımızın başına açmadıqları oyun qalmayıb, amma utanmaz-utanmaz yenə də insan hüquqlarından danışırlar. Heç bir günahları olmadan Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistanda həbsdədir və onlara qarşı fundamental hüquqa zidd addımlar atılıb.

 

- Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatı və bunun ardınca başlanan qarşılıqlı səfərləri necə dəyərləndirirsiniz?

 

- Son bir neçə il ərzində Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lavrovun verdiyi bəyanatları, səsləndirdiyi fikirləri müqayisə etmək lazımdır. O daha çox vəziyyətdən, münasibətlərdən asılı olaraq hər iki tərəfə meyilli istiqamət xətti aparır. Cənab prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığından sonra Lavrov bəyanat səsləndirdi. Bu danışıqdan əvvəl onun belə bir açıqlamasını heç kəs eşitməmişdi. Azərbaycan dövləti Rusiyaya qarşı hər zaman səmimi olub. Biz qonşuluq prinsiplərini və qarşılıqlı hörməti hər zaman gözləmişik. Amma Rusiyadan hələ ki analoji yanaşmanı görməmişik. Eyni zamanda tarixən ermənilərin müdafiəçisi rolunda məhz Rusiya çıxış edib. XX əsrin sonlarında Azərbaycan torpaqlarının işğal olunmasında, Xocalı soyqırımın törədilməsində 366-cı alay terrorçu ermənilərlə birgə hərəkət edib. Bunlar danılmaz faktlardır. Bu illər ərzində Rusiya heç bir qarşılıq almadan Ermənistana hərbi yardımlar göstərib və bunu yenə də davam etdirir. Rusiya dostluqda, əməkdaşlıqda, qarşılıqlı əlaqələrdə bizə qarşı səmimi deyil. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya məsələlərə tərəfkeş kimi yanaşır. Cənab Prezident də son danışıqlarda məhz bu iradlarını bildirdi ki, işğalçı Ermənistanı silahlandırmaq heç bir qonşuluq siyasətinə belə uyğun gələn addım deyil.

 

- Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarının dəvəti ilə Rusiyada səfərdədir. Bu səfərdən gözləntiləriniz nədir?

 

- Azərbaycan Rusiya ilə qonşu dövlət kimi normal münasibətlərin yaranmasında, əlaqələrin inkişafında maraqlıdır. Həmçinin ölkələr arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Bir neçə il öncə Rusiyadan Avrasiya hərəkatının rəhbəri Aleksandr Duginin rəhbəliyi ilə nümayəndə heyəti gəldi. Biz onlarla Lələtəpəyə də səfər etdik. Orada da müəyyən bəyanatlar oldu və konkret fikirlər üzərində qarşılıqlı anlaşmaya əsaslanan bir görüşlər keçirildi. O vaxt rus mətbuatında bu mövzu tirajlandı ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə etibarlı tərəfdaşıdır. Amma bizim münasibətlərdə səmimi olduğumuz halda qarşı tərəfin də bu məsələdə nə qədər dürüst olması əsas şərtdir. Amma təəssüflər ki, biz belə bir səmimi münasibəti görmürük. Arzu olunan odur ki, Rusiya 20 faizdən çox işğalda qalan ərazilərimizin geri qaytarılması məsələsində konkret mövqe sərgiləsin. Çünki bu gün Rusyanın iradəsi işğalçı Ermənistan tərəfindən qəbul olunur. Rusiya problemin həllinə haqlı mövqedən çıxış edərək yanaşsa, məsələ öz həllini tapa bilər. Xarici işlər nazirinin səfəri fonunda bundan sonrakı münasibtləri isə müşahidə etməklə bir qənaətə gəlmək olar. Bu görüşlərin nəticəsi o ola bilər ki, status-kvo dəyişsin, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə çıxsın.

 

- Paşinyan hakimiyyətə yeni gələndə Azərbaycan tərəfindən vaxt istədi, əvvəlki rəhbərlərdən fərqli siyasət yürüdəcəyi ehtimal olunurdu. Amma əksini müşahidə etdik. Yeri gəlmişkən, bu günlərdə Prezidenti köməkçisi Hikmət Hacıyev "TRT World"a müsahibəsində Paşinyanın vədlərini xatırlatdı...

 

- İşğalçı Ermənistanda Paşinyan və ona qədər hakimiyyətdə olanlar heç vaxt müstəqil siyasət apara bilməyiblər. Onlar hansısa özlərinin tabe olduqları Ermənistandan xaricdə olan qüvvələrdən asılıdırlar. Məhz işğalçı ölkədə hakimiyyətə gələnlər də onların diqtəsi ilə hərəkət edirlər. Paşinyan və ondan öncə Ermənistanda hakimiyyətdə olanlar da Azərbaycandan vaxt istəməklə vəziyyətdən qaçmağa çalışıblar. Onlar bu məsələ ilə bağlı vaxt alaraq başqa ölkələrdən Livandan, Suriyadan işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma ilə məşğul olurlar. Erməni vaxt istəyə-istəyə, vaxtı uzada-uzada öz xeyirlərinə addımlar atmaqla məşğuldurlar. Onlar işğal etdikləri Azərbaycan ərazilərində bütün tarixi dəyərləri məhv etməklə dünyaya bu ərazilərin onlara məxsusluğu ilə bağlı yalan informasiyalar ötürürlər. Ona görə də ermənilərin dediklərinə inanmaq, onlara vaxt vermək qətiyyən olmaz. Məhz bu konteksdən də ATƏT-in xətti ilə mənasız və lüzumsuz danışıqları dayandırmaqla son qərarı vermək lazımdır. Düşməni öz yerində oturtmaq üçün güc tətbiq etməli və işğal olunmuş ərazilərimizi azad etməliyik.(teleqraf.com)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top