Sabiq nazir: “Türkiyə ordusunun Azərbaycanda hərbi təlimlər keçirməsinə xoş baxmayanlar Rusiyaya bağlı adamlardır”

MÜSAHİBƏ 14 avq 2020, 14:22

Azərbaycanın sabiq təhsil naziri, professor Firudin Cəlilovun "Demokrat.az" xəbər portalına müsahibəsi:


— Firudin müəllim, Azərbaycan daima yüksək əlaqələr saxlamağa, münasibətləri qarşılıqlı və bərabər hüquqlu əməkdaşlıq çərçivəsinə salmağa cəhd etdiyi Rusiyanın son Tovuz təxribatından sonra Ermənistana 400 tondan çox hərbi xarakterli yük göndərdiyi ortaya çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. Siz yaranan bu durumu necə qiymətləndirirsiniz?


— Mən daima qeyd etmişəm ki, biz Azərbaycanı sevməyən qonşularla əhatə olunmuşuq. Sözsüz ki, istisnalar hər zaman var. Bu mənada hər zaman təhlükə gözləmək lazımdır. Bizim özümüzdən asılı olmayaraq tarix qonşularımızı müəyyən edib. Bu mənada ehtiyatı hər zaman saxlamalıyıq. 


Tovuz təxribatı başlayanda Rusiyanın Ermənistana silah-sursat göndərməsi təbii hal idi. Çünki Tovuz olayı ermənilərin öz ssenarisi deyildi, onların arxasında duran var idi. Bütün bunları götür-qoy etdikdən sonra ölkəmizdə təlimlərə qoşulması yerində olan hadisədir. Türkiyə ordusunun Azərbaycana gəlib təlim keçməsinə bəziləri xoş baxmır. Bizim öz içimizdə belələri var. Bunlar Rusiyaya bağlı adamlardır. 


Azərbaycan prezidentinin Rusiyadan Ermənistana silah-sursat göndərilməsinə görə, Vladimir Putinə zəng etməsi çox ciddi məsələdir. Prezident başda olmaqla hamımız bilirik ki, nə və niyə baş verir. Sadəcə məsələnin bu həddə gəlib çatması göstərir ki,qarşıdurmalar, fikir fərqliliyi açıq müstəviyə keçə bilər. 


Xüsusilə, qeyd edim ki, Rusiyanın Ermənistana silah verməsi ilk belə hal deyil və həmişə olub. Prezident Yelsin zamanında Ermənistana bir milyard dollar dəyərində silah ötürmüşdü və bu, bizim yadımızdan çıxmayıb. Rusiya silahını od qiymətinə satır, amma Ermənistana ya bağışlayır, ya su qiymətinə, ya da kreditlə satır. Bir sözlə, açıq-aşkar budur ki, Rusiya Ermənistanı silahlandırır. 


Ola bilsin ki, Tovuz təxribatı kimi məsələləri başlamaqda maraqlıdır. Məqsəd odur ki, həm Azərbaycanı, həm də Ermənistanı özündən asılı vəziyyətdə saxlasın, cənub cinahında Türkiyənin qarşısını kəsmək mümkün olsun. Rusiya bilir ki, Türkiyə NATO dövlətidir. Əgər NATO silahı ilə Azərbaycanda təlim olursa, şübhəsiz ki, bu onların narahatlığına səbəb olacaq.


— Bizim Rusiya ilə siyasi, iqtisadi, sosial, humanitar və hərbi məsələlərlə bağlı normal əməkdaşlığımız var. Nədən Moskvada bu amilləri nəzərə almırlar?


— Hər dövlətin öz strategiyası olur. Dövlətlərin forması dəyişsə və hakimiyyətlər bir-birini əvəz etsə də, bu strategiya dəyişmir. Pyotrun dövründən bu yana Rusiyada nə qədər hakimiyyət, hətta dövlət sistemi dəyişib? 


Çar Rusiyasından sovetlərə keçid oldu, sonra kapitalizmə doğru istiqamət aldılar. Amma xarici siyasətləri dəyişmədi. O cümlədən Azərbaycana münasibətdə də dəyişiklik müşahidə olunmadı. Sabah Putin getsin, başqa gəlsin. Yenə eyni siyasət davam edəcək.


— Amma bu hal Rusiya ilə normal dostluq və əməkdaşlıq münasibətlərinə malik olmaq istəyən dövlətlərin incikliyinə səbəb olur...


— Rusiya hər zaman elan edir ki, Azərbaycan və Ermənistanın müharibə aparmasını istəmir, problemin sülh yolu ilə həllini istəyirik. Amma altdan-altdan siyasətini yürüdür. Güney Qafqazda Rusiyanın dayağı və forpostu olan yeganə ölkə Ermənistandır. Ermənistanda Rusiyanın hərbi bazası var və heç vaxt istəməz ki, Ermənistan onun təsir dairəsindən çıxsın. 

 

Eyni zamanda arzilayır ki, Azərbaycanı öz təsir dairəsinə sala bilsin. Bunun üçün Azərbaycan və Ermənistan arasında lazım gələndə döyüşlər çıxarır. 30 ildir  ATƏT-in Minsk Qrupunda vasitəçi olaraq “barışıq, sülh” deyir, amma altdan-altdan erməniləri silahlandırır. Moskvadan-Yerevana birbaşa təyyarə reysi var, amma silah-sursatı üçüncü ölkələr vasitəsilə göndərir. Bu mənada açıq-aşkar bilməliyik ki, bizi özünə düşmən hesab edən tərəflər kimlərdir. 


Bu mənada Azərbaycanda “beşinci kalon” adlandırlan tərəfə göz yuma bilmərik. Biz onları tanıyırıq. Hətta Türkiyənin əleyhinə yazılar verirlər. Məncə, onlara ciddi təpkilər göstərmək lazımdır. Rusiya yaltaqlandıqca ondan asılı vəziyyətə düşürsən. Ortaya təpki qoymaq lazımdır. Prezident son zəngi zamanı izahat istəyib ki, Tovuz təxribatı davam etdiyi halda nədən qarşı tərəfə silah verirsən? Əgər dövlət başçısı belə təpki verirsə ondan aşağı səviyyədə olan dövlət adamları, ziyalılar məsələyə təpki göstərməlidir. Amma parlamentdə olan elə deputat var ki, Rusiya ilə qardaş olmağımızın vacibliyi haqda məqalələr yazır. Mən hesab edirəm ki, Rusiya ilə bağlı siyasətdə xalq, iqtidar və müxalifət yumruğu bir yerə vurmalıdır. Başqa yolu yoxdur.


— Azərbaycan tərəfinin 400 tonluq hərbi təyinatlı yüklərin Ermənistana verilməsi ilə bağlı məsələdə tutduğu mövqe ortadadır. Sizcə, bu gərginlik nə ilə başa çatacaq?


— Xilas yolu var. Türk ordusunun Naxçıvanda hərbi təlimlər keçirməsi elə-belə məsələ deyil. Bu Azərbaycanı sevməyən, bizə qarşı Ermənistanı silahlandıranlara bir mesajdır. Mən arzu edərdim ki, Pakistan ordusu ilə də ortaq təlimlər keçirəcək. Rusiyaya güc göstərməsən üzərinə gələcək. 


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top