Kövrək nəticələr çimərliklərdə suya düşə bilər

GÜNDƏM 09 avq 2020, 17:12

Son 2 gündə çimərliklərdə müşahidə edilən ciddi sıxlıq olduqca təhlükəlidir. Bu sıxlıq koronavirusla mübarizədə əldə olunan müsbət və müsbət olduğu qədər kövrək nəticənin itirilməsinə təkan verə bilər.

 

5 aydan artıqdır ki, Azərbaycan vətəndaşı karantin rejimində yaşayır, bu vəziyyətin çətinliklərinə dözür. Müəyyən mərhələdə bu rejim yumşaldılıb, sonra isə infeksiyaya yoluxma faktlarının artması səbəbindən təkrar sərtləşdirilib. 


İndi yenidən müsbət dinamika əsas götürülərək yumşalmaya gedilir. Amma görünən odur ki, bu 5 aylıq dövr, itkilərimiz müəyyən insanlarımızın təhlükənin ciddiliyini dərk etməsi üçün yetərli olmayıb. Bu gün çimərliklərdə olan sıxlıq nəticə etibarilə yoluxmanın artmasına gətirib çıxara bilər. Belə bir hal baş versə, digər yumşalmaların şahidi olmayacağıq. Ağır bir mərhələyə qədəm qoyacağıq.
 

Nə tələb olunur?


Çimərliklərlə bağlı elan olunan qaydalara uyğun davranmaq. Bu gün çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul edirlər. Eyni zamanda, çimərliklərdə təmizlik təmin olunur, təhlükəsizlik tədbirləri həyata keçirilir. 


İlkin nəticələr göstərir ki, vətəndaşların çimerlik.az saytına müraciət etmədən çimərliklərə getmələri halları mövcuddur və bu fakt çimərliklərdə sıxlıq yaradır. Sıxlıqsa arzu etmədiyimiz vəziyyətin inkişafı üçün real təhlükə yaradır. Hansı ki, hazırda Bakıda vətəndaşların üzünə açılan kifayət qədər çimərlik var. Vətəndaşlarımız sözügedən saytda vəziyyətlə tanış olub, daha az adam olan çimərliklərə gedə və bununla öz təhlükəsizliklərini təmin edə bilərlər.


Unutmayaq, hər birimiz fərd olaraq infeksiya ilə mübarizəyə qoşulmasaq, nəticə arzuolunmaz istiqamətə doğru gedəcək. Kövrək nəticələr elə çimərliklərdə suya düşəcək. İndi elə bir məqamdır ki, hər bir kəs özünü, yaxınlarını qorumalıdır. 


Koronavirusun hər gün evimizin arzuolunmaz qonağına çevrilə biləcəyini dərk edib, buna uyğun davranışlarımızı tənzimləməliyik. Ancaq və ancaq gigiyena qaydalarına əməl etməklə, sıxlıq olan məkanlardan qaçmaqla infeksiyaya yoluxma riskindən də qaça bilərik...


Elman Babayev

Jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top