"Qanunun başına ipi dolayıb bax bu cür yerdə sürüyürlər” - ELDAR SABİROĞLU

SOSİAL 28 sen 2018, 12:49

Son yazılarımın bəzi çevrələrdə böyük hiddət və nifrətlə qarşılangını hiss edirəm və bilirəm. Bu dərəcədə kəskin gözləmirdim. Məni təxribatçılıqda, cəmiyyətə bilərəkdən çaşdırıcı məlumatlar ötürməkdə günahlandırdılar. Deməli, agır bir suça imza atmışam. Qalır əməlimin cəzası…”

 

Bunları Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu “AzPolitika.info”ya açıqlamasında bildirib.

 

Xatırladaq ki, E.Sabiroğlunun bir neçə gün əvvəlki “Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim” açıqlaması ciddi rezonans doğurmuş, o, deputatlar, generallar və digərlərinin hücumuna məruz qalmışdı. Sabiq xidmət rəisi yada salır ki, belə ittihamlarla ilk dəfə deyil ki, üzləşir.

 

“Hətta bəlli bir qrupun restoran müşavirəsində mənim “ermənilərlə həmrəy olduğum halda” müvafiq dövlət orqanlarının nə üçün susduqlarına təəccüblərini ifadə ediblər. Bu cür ittihamla ilk dəfə deyil ki, qarşılaşıram. Vaxtı ilə qələmə aldığım üç hissədən ibarət siyasi hekayətlərimlə əlaqədar da eyni ittihamlarla üzləşdim. Birisi olkənin internet saytlarında və bütün yazılı, elektron mətbuatında dərc etdirdiyi palaz müsahibəsində oxşar ittihamla cıxış edərək, guya Müdafiə Nazirliyində işlərkən ermənilərə gizli informasiyalar ötürdüyümü iddia etdi. Baş Prokurorluğa, keçmiş MTN-ə yazılı müraciət edərək araşdırma aparılmasını xahiş etdim. Necə ola bilər ki, belə bir işlə məşğul olum və bundan xüsusi xidmət orqanları xəbər tutmasınlar? Daşdan səs çıxdı, onlardan səs çıxmadı. Xeyli müddətdən sonra Baş Prokurorluqdan unvanıma göndərilən məktubda təklif edilirdi ki, məhkəməyə verin, bu bizlik deyil. MTN-in mətbuat xidmətinə telefon açıb müraciətimlə maraqlandım, oradan isə qəribə cavab aldım: “Eldar müəllim, əhəmiyyət verməyin. Qeyri-ciddi bir işdir”. Beləliklə, ipini buraxdım. Qanunun başına ipi dolayıb bax bu cür yerdə sürüyürlər”.

 

E.Sabiroğlu deyir ki, bəzi adamların “qəzəb damarlarının” nə üçün gərildiyini başa düşür: “Lakin trollara təhqir etdirmək yol deyil. Daha ağıllı, hədəfə təsir edə biləcək daha ciddi üslub seçin. Bu xəstəlikdən uzaqlaşmanızı tövsiyə edirəm. Prezident 10 milyonluq ölkənin prezidentidir. Ayrı-ayrı qrupların yox! Bəzi yarımçıqfikir sahibləri isə onu özlərinə daha yaxın və daha doğma hesab edirlər. Şəxsən mən də onu özümə ögey saymıram. Baxmayaq ki, ədalətsiz, qəddar münasibətlə üzləşmişəm. Heydər Əliyevin vaxtında da eynən bu cür düşünürdülər. Mənim belə adamlara həqiqətən yazığım gəlir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top