Elman Nəsirov: “Nikol son iki il ərzində eyni zamanda iki stulda əyləşmək siyasətini həyata keçirib"

SİYASƏT 07 avq 2020, 14:10

Ermənistan prezidenti Armen Sarkisyan ölkə ərazisində xarici dövlətlərin, o cümlədən Rusiyanın televiziya kanallarının yayımlanmasını qadağan edən sərəncam imzalayıb. Bildirilir ki, sərəncamın əsas məqsədi ölkə əhalisinin etibarlı və düzgün məlumat almasını təmin etmək, söz və mətbuat azadlığını qorumaqdır. Bir çox siyasətçilər Ermənistan dövlətinin bu addımının Rusiya ilə münasibətləri daha da gərginləşdirəcəyini bildirir. Rusiya-Ermənistan arasında gərginliyin artması Azərbaycana hansı müsbət təsiri olacaq?


Bununla bağlı KONKRET.az-a danışan deputat Elman Nəsirov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan son 2 il ərzində eyni zamanda iki stulda əyləşmək siyasətini həyata keçirib: “Yəni eyni vaxtda Rusiyanın və Qərbin adamı olmaq. Bu siyasəti mümkün qədər həyata keçirməyə çalışıb. Amma onun bu siyasəti getdikcə dalana dirənməkdədir. Bu gün rəsmi Moskva da Paşinyandan birmənalı və aydın siyasət tələb edir. Hiss olunur ki, Nikol Paşinyan Rusiyanın bu təzyiqləri altında iki deyil, bir stulda əyləşməyə çalışır. Amma diqqəti cəlb edən cəhət odur ki, o, Rusiyanın hazırladığı deyil, Qərbin hazırladığı stulda əyləşməyə üstünlük verdiyini gizlədə bilmir. Bu baxımdan təsadüfi deyil ki, iyulun 16-da Emənistan parlamenti xarici, eləcə də Rusiya televizya kanalların fəaliyyətinin məhdudlaşdırılması haqqında qanun qəbul edib. Həmin qanunu da artıq Nikol Paşinyan imzalayıb. Qeyd edim ki, həmin qanun mətbuatda getdikdən 10 gün sonra qüvvəyə minəcək. Söhbət ilk növbədə Rusiyanın Birinci kanalından gedir. Ermənistan televiziya və radio verilişləri Milli Komissiyasının sədri Tiqran Akopyan bəyanat verib ki, təkcə Birinci kanalla yanaşı həm də  “Rossiya 1″ telekanalının fəaliyyəti dayandırılmalıdır. Bu cür tezislər keçən ilin sonundan tez-tez səslənməkdədir. Əsas arqumentləri də odur ki. Rusiya telekanallarının yayımlanması Ermənistan qanunları ilə tənzimlənmir. Bu baxımdan Ermənistan üçün milli və dil təhlükəsizlik baxımından təhdidlər yaradır”.


Deputat qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərində gərginlik yeni mərhələyə daxil olmaqdadır: “Rusiyanın diplomatik qurumları mövqeyini bildirməyə başlayıb. Mövqe də ondan ibarətdir ki, bu davranış heç bir halda Rusiya və Ermənistanın müttəfiq olması ilə bağlı səslənən bəyanatlara uyğun deyil. Ermənistanın müttəfiq dövlət kimi Rusiyanı özünün milli və dil təhlükəsizliyində ittiham etməsi və təhdid mənbəyi hesab etməsi bir çox suallar yaradır. Bu, bir daha onu göstərir ki, Ermənistan sözdə “Rusiyanın dostuyam” deyib əslində Qərbin maraqlarına xidmət edən siyasət həyata keçirir. Prezident İlham Əliyev son çıxışlarında bildirib ki, Ermənistanı Soros Fondunun əyləşdirdiyi insanlar idarə edirlər. Soros fondunun tör-töküntüləri bu gün Ermənistan rəhbərliyində təmsil olunur. Nəzərə alsaq ki, Soros Fondu nə Azərbaycanda, nə də Rusiyada fəaliyyət göstərmir. Onların fəaliyyəti çoxdan dayandırılıb. Çünki bu məsələdə onların Azərbaycan və Rusiya dövlətçiliyi üçün çox ciddi təhlükələr yaratması faktı əsas götürülüb. Məhz ona görə də bu kimi addımlar atılıb. Hesab edirəm ki, indiki vəziyyət Azərbaycan maraqlarına tam uyğundur. Rusiya bir daha görür ki, onlar üçün əslində strateji tərəfdaş əslində kimdir. Ermənistan özünü müttəfiq kimi təqdim etsə də, reallıqda anti-müttəfiqə çevrilib. Azərbaycan isə strateji müttəfiqdir. Bir çox fundamental məsələlərdə Azərbaycanla Rusiyanın mövqeyi üst-üstə düşür. Rusiya rəhbərliyi yaxşı bilir ki, Prezident İlham Əliyevin sözü ilə əməli eyni gücə malikdir. Belə olan təqdirdə Rusiya rəhbərliyi özü üçün nəticələr çıxarmalıdır. Nikol Paşinyanın son davranışı, Rusiyanı milli, dil və informasiya təhlükəsizliyi məsələlərində ittiham etməsi hesab edirəm ki, rəsmi Moskvanı artıq Ermənistanla münasibətdə adekvat addımlar atmağa məcbur etməlidir. Qarşıdakı zaman kəsiyində biz Rusiya ilə Ermənistan arasında münasibətlərin artan xətt üzrə daha da gərginləşməsinin şahidi ola biləcəyik”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top