Ermənistan rəhbərliyinin yegənə uğur qazandığı siyasət xalqını aldatmaqdır. Ermənistanın indiki rəhbərliyinin yalanlarına beynəlxalq ictimaiyyət inanmır. Tovuz rayonu istiqamətində baş verən döyüşlər bunu bir daha göstərdi və toqquşma zamanı Ermənistan faşist mahiyyətini ortaya qoydu.
Demokrat.az-ın məlumatına görə, bunu millət vəkili, politoloq Rasim Musabəyov ölkə başçısının ötən gün Balakəndə ''Asan Xidmət''in açılışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun maliyyə dəstəyi ilə hakimiyyətə gəlib və bunu beynəlxalq ictimaiyyət çox yaxşı bilir. Paşinyanın partiyası Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən çıxarmağı təklif etdiyi halda, ölkə çətin vəziyyətə düşən kimi Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istədi. Amma təbii olaraq cavab müsbət olmadı.
Politoloq bildirir ki, Paşinyanın hakimiyyətə gəlmək üçün etdiyi hərəkətləri heç kim unutmayıb və onun əsl simasını ortaya qoyub.
Rasim Musabəyov Ermənistanın xarici siyasətdə ard-arda böyük səhvlərə yol verdiyini və bu hərəkətlərin dövləti uçuruma apardığını bildirib. Azərbaycanın isə bu münaqişənin həlli ilə bağlı olan şərti dəyişməzdir. Erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar! (Xezerxeber.az)


