
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin vəzifəli işçiləri Lənkəran şəhəri, Liman qəsəbəsində vətəndaş Bəxtiyar Abbas oğlu Bağırova qansuz olaraq cərimə yazıblar.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi tərəfindən tərtib edilib.
Akta əsasən Bəxtiyar Bağırovun işlətmədiyi halda 640 manat borc yazılıb.
Bəxtiyar Bağırov Lənkəran rayon Məhkəməsinə müraciət edib. O, həmin məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
İddiaçı iddia tələbini onunla əsaslandırıb ki, Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi ev 55 ünvanında yaşayır.
Onun sözlərinə görə, 15 mart 2018-ci il tarixdə qonşuda yaşayan Saleh adlı şəxsdə qaz xəttinə qanunsuz qoşulma halı müəyyən edilib:
“Bir ay sonra qaz bildirişində 640 manat borcu olduğunu gördüm. Qaz İdarəsinə getdim, orada mənə səhv borc yazıldığı bildirildilər. Şikayətlərimdən sonra martın 15-də 0142175 saylı aktın surəti mənim ünvanıma göndərildi. Qonşuda olan qaz xəttinə qanunsuz qoşulmanı mənim üzərimə yazmışdılar. Lənkəran regional qaz istismarı idarəsinin 15 mart 2018-ci il tarixli 0142175 saylı aktı ilə razılaşmıram. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm”.
Lənkəran rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baş tutan iclasda borcun siliməsi barədə qətnamə çıxarılıb.
Bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nizami İsmayılov apelyasiya şikayəti verib. Cavabdeh şikayətini belə əsasladırıb ki, Lənkəranr rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Buna səbəb mühüm əhəmiyyət kəsb edən faktlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayıb.
Cavabdehin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Zəki Babayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda “Azəriqaz” İstehsalat Birliyinin şikayəti təmin edilib.
Lənkəran rayon Məhkəməsinin iddiaçının xeyrinə çıxardığı qətanamə ləğv edilib, Bəxtiyar Bağırovun iddiası təmin olunmayıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Demokrat.az-a bildirilib ki, Bəxtiyar Bağırovun təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyənləşib:
"Bildirmək istərdik ki, deyilənlərin heç bir əsası yoxdur. Çünki ərazidən vaxtilə çəkilmiş foto şəkillər, eləcə də tərtib olunan akt tam sübut edir ki, Bəxtiyar Bağırov açıq-aşkar təbii qazdan qeyri-qanuni istifadə edib. Şirvan Apelyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Birliyin qaldırdığı məsələ tam təsdiqlənib. Belə ki, 15 mart 2018-ci il tarixdə Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi ev 55 ünvanında yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı Bağırov Bəxtiyar Abbas oğlunun evinin yanından keçən aşağı təzyiqli küçə qaz xəttinə dayağın içindən keçməklə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Bununla da, Bağırov Bəxtiyar Abbas oğlu “Azəriqaz” İstehsalat Birliyi ilə 31 oktyabr 2011-ci il tarixdə qazın alqı-satqısı barədə bağladığı müqavilənin tələblərini kobud şəkildə pozub. Odur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilib cəmi 2.669 kubmetr olmaqla 533,80 manat dəymiş ziyan hesablanıb".
“Azəriqaz”ın məsələ ilə bağlı açıqlamasında deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsi Bağırov Bəxtiyar Abbas oğlunun borcun silinməsi tələbi barədə iddiasını təmin etməyib. Bu qətnamədən kassasiya şikayəti də verilə bilməz.
Onu da qeyd edək ki, hazırda Bəxtiyar Bağırovun kod hesabında qalan real borcu 405.60 AZN təşkil edir.