Gürcüstanda koronavirusu qabaqlayan “ÜÇ MUŞKETYOR”

GÜNDƏM 07 iyl 2020, 18:08

Gürcüstan, Avropa Birliyinin koronavirusun yayılmasında təhlükəsiz hesab etdiyi və onun vətəndaşları üçün sərhədlərini açdığı 15 dövlətin siyahısına daxil edilmiş yeganə postsovet ölkəsidir. Gürcüstanın 3,7 milyon əhalisindən 1000-dən az insan xəstələndi və onlardan 15-i vəfat etdi.  Gürcüstan hakimiyyəti bu nəticəni necə əldə etdi?

 

Demokrat.az-ın xəbərinə görə, BBC-nin rus xidməti Gürcüstan hökumətinin uğurundan bəhs edən araşdırma aparıb.

 

Müqayisə üçün, təqribən eyni əhalisi olan qonşu Ermənistanda hər gün yüzlərlə yeni yoluxma qeydə alınır, ümumi yoluxanların sayı 26 mini ötüb və demək olar ki, 500 nəfər dünyasını dəyişib. 

 

Vəziyyət necə inkişaf etdi?

 

Gürcüstanda Covid-19-a ilk yoluxma fevralın sonunda qeydə alındı. Hökumət buna tez reaksiya verdi.

 

Martın ortalarına qədər bütün məktəblər, universitetlər və müəssisələr, həyatı əhəmiyyəti olmayan müəssisələr bağlandı, ictimai nəqliyyatın hərəkəti dayandırıldı.

 

Martın 21-də fövqəladə vəziyyət rejimi tətbiq olundu, kütləvi tədbirlər və şəhərdən şəhərə gedişlər qadağan edildi. Gecələr komendant saatı fəaliyyətə başladı.

Gürcüstanda əsas dini bayram 19 Aprel Pravoslav Pasxa bayramı zamanı hökumət  şəxsi nəqliyyat vasitələrinin istifadəsini və qəbiristanlıqlara ziyarətləri qadağan etdi.

 

“İlk təsdiqlənmiş yoluxmadan bir ay əvvəl pandemiya ilə bağlı təhdid barədə düşündük” – BBC-nin elektron poçtuna Gürcüstanın Baş naziri Georgi Qaxariya yazıb. Ölkəmizin xüsusiyyətlərini, xüsusən də yerini və kiçik ölçüsünü nəzərə alaraq, biz başqalarının təcrübəsindən istifadə edə bilməzdik. 

 

Milli Sağlamlıq və Xəstəliklərə Nəzarət Mərkəzinin aparıcı alimləri hökumətə tövsiyələrin hazırlanmasını, təbliğat aparmaq və vətəndaşlara Covid-19 ilə bağlı vəziyyət barədə mütəmadi məlumat vermək öhdəliyini götürdülər. 

 

Bu mərkəzə tabe olan Luqar Laboratoriyası (Riçard Lüqar - mərhum amerikalı senator, postsovet ölkələrinə kütləvi qırğın silahlarının aradan qaldırılmasında yardım etmək üçün Nann-Luqar proqramının həmmüəllifi) 2017-ci ildə Rusiya dezinformasiya kampaniyasının hədəfinə çevrildi. Sonradan təkzib olunan materialların müəllifləri, ABŞ-ın maraqları naminə bioloji silahlar üzərində gizli araşdırma apardıqlarını təsdiqlədilər.

 

Gürcüstanın koronavirusla mübarizəsinə məhz onların ekspertləri rəhbərlik etdilər. 

 

Kimə muşketyor deyirdilər?

 

Gürcüstan əhalisi pandemiya ilə mübarizədə uğurlu taktika seçdiyinə görə, "üç müşketyor" kimi tanınan üç elm adamına təşəkkür edirlər.

 

Üçlüyün heyətinə Milli Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, Luqar Laboratoriyasının rəhbəri, Gürcüstanın baş viroloqu Paata İmnadze və Tbilisi Yoluxucu Xəstəliklər, QİÇS və İmmunologiya Mərkəzinin direktoru Tengiz Tsertçvadze daxildir. Qrupda həmçinin Dartanyan da var – gündəlik brifinqlər keçirməkdə davam edən, Tiflisdəki ilk universitet xəstəxanasının direktoru Levan Ratiani.

 

Digər məşhur şəxs, koronavirusa qarşı kampaniyanın ictimai simasına çevrilən Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Marina Ezuqbaya.

Bu mütəxəssislər Gürcüstanda əsl qəhrəman oldu və tövsiyələri diqqətlə yerinə yetirildi. İyunun 30-da Amiran Qamkrelidze əldə edilənlərdən danışdı: "Hər milyon sakin üçün təxminən 30 min test keçirdik. Xəstələrin 86 faizi sağaldı. Təəssüf ki, 15 nəfər vəfat etdi. Ölüm səviyyəsi 1,6% təşkil edir ki, bu da dünya standartlarından çox azdır".

 

İndi Gürcüstanda Covid-19 testi üçün 19 laboratoriya var. 

 

Tədbirlər niyə nəticə verdi?

 

Gürcüstan hökuməti tövsiyələrə ciddi əməl etdiklərinə görə ictimaiyyətə təşəkkür etdi.

 

Karantin qaydalarını pozduğuna görə təyin olunan ciddi cərimələr də buna səbəb oldu: fiziki şəxslər üçün 1000 dollar və sahibkarlar üçün 3000 dollardan artıq. 

Avtobus dayanacaqlarında "Evdə qalın" xəbərdarlığı ilə elektron lövhələr yerləşdirildi. Mobil operatorlar bunu müştərilərin telefonlarına köçürdülər.

 

Gürcüstan cəmiyyətində siyasi məsələlərdə çox dərin təzadlar olsa da, insanlar pandemiya xəstəliyinə qarşı mübarizədə birləşdilər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top