Prezidentin apardığı siyasi islahatlar: nəticələr və perspektivlər

GÜNDƏM 02 iyl 2020, 16:40

Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəsi sayəsində ölkədə son bir neçə ildə hər birimizin şahidi olduğu islahatlar həyata keçirilməkdədir.


Bəli, “güclü iradəsi” ifadəsini işlətməkdə haqlıyıq. Çünki islahat aparmaq, onu sona çatdırmaq elə də asan məsələ deyil. Bu yolda hər cür məhrumiyyətlər vardır. Əslində biz 2003-cü ildən bu islahatlara şahidlik etməkdəyik. Amma son bir neçə ildə islahatlar daha da sürətlənib və hərtərəfli xarakter alıb. Bu da bəzi antiazərbaycan mərkəzlərini və onların Azərbaycandakı nökərlərini narahat etməkdədir. Misal olaraq beşinci kolonun ölkə daxilində hərəkətə gətirilməsini, onların pozucu fəaliyyətlərini göstərə bilərik. Görünən isə budur ki, islahatların (mən bu prsesi “Ağ İnqilab” kimi xarakterizə edirəm) alternativi yoxdur və qətiyyətlə davam etdirilir. Sosial sahədə başlayan islahatlar struktur, kadr və digər bütün sahələri əhatə etməklə yanaşı, sosial-iqtisadi, ictimai-siyasi sahədə də müsbət dəyişikliklərə gətirib çıxarıb. Dövlət başçısının özünün də dediyi kimi "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir".


Siyasi sahədə həyata keçirilən islahatlar da aparılan ümumi prosesin içərisində mühüm yer tutur. Məhz bu prosesin tərkib hissəsi olaraq Prezident Administrasiyasında məxsusi bir strukturun - Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin yaradılmasını qeyd edə bilərik.


Müasir dövrdə demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsası çoxpartiyalılığın formalaşması və inkişafından keçir. Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəmlənməsi, siyasi düşərgəsindən asılı olmayaraq dövlətçiliyə və milli maraqlara xidmət edən partiyaların hakimiyyətin idarə olunmasında, inkişafında, qurulmasında, möhkəmlənməsində aktiv yer alması, aparılan müsbət proseslərin bariz nümunəsidir. Belə ki, bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Çünki ölkə başçısı xüsusi vurğulamışdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.


Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsi, ardınca Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyevlə partiya rəhbərləri arasında müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və onun komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin daha da təkmilləşdirilməsinə xidmət edir.


Siyasi sahədə islahatların sözdə deyil əməldə reallaşdırılmasını sübut edən məqamlardan biri də qeydiyyat problemindən əziyyət çəkən siyasi təşkilatların qeydiyyata alınmasıdır. Bir neçə ay bundan əvvəl Ədliyyə Nazirliyində Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının, 30 iyunda isə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyanın qeydiyyata alınması aparılan siyasi islahatların bariz nəticəsidir. Qeydiyyatdan sonra adı çəkilən partiyaların sədrləri ilə Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyətilə iş şöbəsində baş tutan görüşdə də bu məqam xüsusi vurğulanmışdır. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə etmiş və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.


Bu ardıcıllığa REAL partiyasının sədri İlqar Məmmədovla PA rəsmisi Ədalət Vəliyev arasında baş tutan növbəti görüşü də əlavə edə bilərik. Görüşdə REAL partiyasının qurultayının keçirilməsi məsələsinin ciddi müzakirə olunduğu bildirilir. Görünən budur ki, partiyanın qurultayından sonra REAL da dövlət qeydiyyatına alınacaqdır. Bütün bunlar onu göstərir ki, dövlət pandemiya ilə bağlı qayğı və problemlərə baxmayaraq siyasi mühitin inkişafına öz dəstəyini əsirgəmir. Bu da gələcəkdə Azərbaycan dövlətinin inkişafında, problemlərin birgə həllində və ən əsası Qarabağ düyününün çözülməsində dövlətin güclənməsinə öz töhfəsini verəcəkdir.


Arzuman Abdulkərimov,
AVP sədrinin müavini (musavat.com)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top