İspaniyada COVID-19 xəstələrinin müalicəsinə başlayan pulmonoloq Əlizamin Sadıqovla MÜSAHİBƏ

MÜSAHİBƏ 25 iyn 2020, 14:04

Azərbaycanda tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov düşdüyü vəziyyət üzündən ölkə üçün çətin zamanda koronavirusa qarşı mübarizədə öz vətəndaşlarına kömək edə bilmir və bununla bağlı özünü günahlandırır. Həkim artıq dörd aydır ki, İspaniyadadır, oradan da koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması səbəbindən gələ bilmir. İspaniyanın Valensiya bölgəsində yaşayan ailəsini ziyarət etmək üçün Novruz tətilinə getdikdən sonra iki dəfə bilet almağa çalışsa da, vətənə qayıda bilməyib. Bütün aprel ayı ərzində - xəstəliyin pik dövründə həkim ispaniyalı xəstələrə yerli universitet klinikalarında könüllü kimi xidmət göstərərək, onları müalicə edib.


Qeyd edək ki, Əlizamin Sadıqov Azərbaycan Tibb Universitetinin, İ.P.Pavlov adına Sankt-Peterburq Birinci Dövlət Tibb Universitetinin və ABŞ-dakı Atlantik Beynəlxalq Universitetinin məzunu olmaqla yanaşı, Amerika Döş qəfəsi Xəstəlikləri üzrə Mütəxəssislər Kollegiyasının və Amerika Torakal Cəmiyyətinin ekspert üzvüdür. “Web of Science”da elmi pulmonologiyaya dair ən çox elmi məqalənin müəllifidir.


Media.Az pulmonoloqla onun qlobal pandemiya ilə bağlı fikirləri barəsində söhbət edib.


- Azərbaycandakı vəziyyəti izləyirsiniz?

 

- Əlbəttə. Bilirəm ki, ölkəmizdə pandemiya pik həddə çatıb və xəstəxanalarda yer yoxdur. Bir neçə gün əvvəl Cəlilabaddan bir dostumla telefonla danışdım, o, yerli pandemiya xəstəxanasında bütün palataların dolu olduğunu dedi.


Pandemiya xəstəxanalarına yerləşdirilən xəstələrin 94%-i ürək-damar xəstəlikləri, onkologiya, şəkərli diabet və immun çatışmazlığı xəstəlikləri daxil olmaqla, immunitet sistemini zəiflədən yoluxucu xəstəlikləri olan yaşlı insanlardır. Bu xəstəlik, demək olar ki, 20 yaşdan kiçik şəxslərdə özünü göstərmir. Bu, gənclərin deyil, yaşlıların xəstəliyidir, buna görə də, həmişə deyirik ki, həmin kateqoriyadan olan vətəndaşlar koronavirusa yoluxmamalıdırlar, çünki onlar üçün bu xəstəlik ölümcüldür.


İndi Azərbaycanda olmaq, insanlara kömək etmək, təcrübəmi bölüşmək istəyirəm. Ancaq təəssüf ki, bunu edə bilmirəm, çünki sərhədlər bağlıdır. Səmimi desəm, mən xalqımın qarşısında özümü günahkar hiss edirəm...


- Çox vaxt, o cümlədən Azərbaycanda xəstədə koronavirus infeksiyasının bütün klassik əlamətləri olsa da, test mənfi nəticə verir. Bu niyə baş verir?


- Bəzən eşidirsən ki, testlər köhnə olduğuna görə düzgün diaqnoz qoyulmur. Bu məlumatlar, təbii ki, doğru deyil. Problem başqadır. Fakt budur ki, testlərin özləri virusa aşağı həssaslıq səbəbindən az informativdir. Azərbaycanda koronavirus üçün PCR testlərindən istifadə olunur, bu zaman xəstədən götürülən yaxma əkilmək üçün laboratoriyaya göndərilir. Nəticə iki-üç gün ərzində hazır olur. Bu testin koronavirusa həssaslıq səviyyəsi cəmi 30-60%-dir. Yəni, koronavirus olan 100 xəstədən yalnız 30-60-da test virusun varlığını təsdiqləyəcək. Buna görə də, testin bütün klinik simptomlarına baxmayaraq, mənfi nəticə göstərməsi də mümkündür. Bununla yanaşı, PCR testi mövcud testlər arasında ən effektivi sayılır. Daha böyük effektivlik üçün təkrar test verilməlidir. Bir PCR test dəqiq diaqnoz qoyulması üçün yetərli deyil.


Bu patologiyanın diaqnozu üçün ən təsirli metoddan danışırıqsa, ağciyərlərin kompüter tomoqrafiyası 98% həqiqəti əks etdirir. Hər kəsə səslənmək istəyirəm: əgər yüksək hərarət, öskürək, nəfəs darlığı, burun tıxanıqlığı, boğaz ağrısı, qoxu itkisi, mədə-bağırsaq traktının narahatlığı kimi xırda simptomlarınız varsa, mütləq, təcili olaraq ağciyərlərin KT (kompüter tomoqrafiyası) müayinəsindən keçin.


KT müayinəsi xəstəliyi asimptomatik keçənlərdə belə göstərir. Bunun səbəbi virusun dərhal ağciyərlərə hücum etməsidir - o, ağciyərlərin qan damarlarını, toxumalarını, alveolları zədələyir. KT metodu yalnız koronavirusun diaqnozu üçün deyil, həm də xəstəliyin gedişatının şiddətini təyin etmək üçün istifadə olunur, nəticədə, xəstənin, ümumiyyətlə, yaşayıb-yaşamayacağı məlum olur.


- Sizcə pandemiyanın geri çəkilməsini nə vaxta gözləməliyik?


- Bu yaxınlarda ÜST COVID-19 üzərində qələbə barədə danışmağın hələ tez olduğunu bildirdi. Həqiqətən, hələ də dünya statistikasına hər gün təsdiqlənmiş 150 min yoluxma daxil olur. Pandemiyanın sonrakı dalğalarına da hazır olmağımızın lazım olduğu elan edilib. Düşünmürəm ki, yaxın gələcəkdə, yəni bir il ərzində koronavirus geri çəkilsin. Çox güman ki, infeksiya daha bir neçə il özünü xatırladacaq. Bunu beynəlxalq ekspertlər yekdilliklə təsdiqləyir, başqa ssenari yoxdur.


- Səbəb nədir?


- Anlamaq lazımdır ki, koronavirus infeksiyasının məkrliliyi adi qriplə müqayisə olunmayan yoluxma dərəcəsindədir. Qripə yoluxmuş şəxs, məsələn, poliklinikaya gələrək, ən çox iki nəfəri yoluxdura bilər. Belə vəziyyətdə koronavirus xəstəsi 10-dan çox insanı yoluxdurur. COVID-19-un virulentliyi çox yüksəkdir.


- COVID-19 koronavirusunun başqa nədə məkrli olması özünü büruzə verir? Onu ölüm nisbəti yüksək olan virus adlandırmaq olar?


- Koronaviruslar böyük virus ailəsidir. Bunlar yüzlərlə virusdur, əksəriyyəti insanlar üçün nəinki ölümcül, patogen belə deyil. Ancaq bəziləri, əksinə, nəinki xəstəlik yaradır, həm də insanları öldürür. Tarixdə təhlükəli koronavirusların iki qorxulu nümunəsinə rast gəlinib. Allaha şükür, bu, Azərbaycana təsir etməyib. Atipik pnevmoniya epidemiyası olan SARS-ın 2003-cü ildə baş verdiyini xatırlayırıq, o zaman ölüm nisbəti 40% idi. 2012-ci ildə baş vermiş ikinci epizod Orta Şərq tənəffüs sindromunun səbəbi olaraq təyin olunan, ölüm nisbəti 10%-ə bərabər MERS koronavirusu ilə bağlı idi.


Söhbət COVID-19-dan gedirsə, 192 ölkəni əhatə edir. Bir çox ölkələrdə statistik xətalar səbəbindən COVID-19-dan real ölüm səviyyəsini anlamaq çətindir. Mən bu sahədə böyük təhlilçiyəm. Məsələn, sual yaranır, niyə İtaliya və İspaniya kimi inkişaf etmiş ölkələrdə virus infeksiyasının pik həddində ölüm nisbəti yüksək göstərici hesab olunan 18%-ə çatdı? Eyni zamanda, Rusiyada bütün yoluxanlarla müqayisədə ölüm faizi bu qədər azdır...


Dünyada doqquz milyondan çox insanın virusa yoluxduğu elan edilir. Statistik səhvlər səbəbindən bu rəqəm real vəziyyəti əks etdirmir. Əsl rəqəmin neçə olduğunu bilirsinizmi? Fikrimcə, haradasa 20 milyona yaxın insan bu xəstəliyə yoluxub. Axı, Afrikanın bir çox ölkəsində diaqnoz qoyulmur, yoluxma halları rəsmi olaraq qeydə alınmır, hətta koronavirus testləri də yoxdur. Onlarda Azərbaycanda olduğu kimi hər klinikada KT aparatı yoxdur.


Əgər yeni koronavirusla bağlı qısa nəticəyə gəlsək, deyə bilərik ki, o, çox yoluxucudur və ölüm nisbətinin yüksək olması ilə fərqlənir.


- COVID-19-un mənşəyi ilə bağlı hələ də mübahisələr var. Bu barədə nə düşünürsünüz?


- Məni düzgün başa düşün, mən siyasətçi deyiləm, adi həkiməm. Etiraf edim ki, bu, Çində laboratoriya səhvi idi, çünki infeksiya oradan qaynaqlanır. Dəlil olmadığına görə, heç bir şey deyə bilmərəm. Simvolik olaraq deyə bilərəm ki, bu, bəşəriyyətin insana “hədiyyə”si oldu. Bir vaxtlar virusun gəmiricilərdən, ilanlardan, yarasalardan keçdiyinə inandırmağa çalışdılar... Bu təsdiqlənmədi. Onlar 100 il əvvəl də mövcud idilər, lakin bu virus yox idi.


- Koronavirus xəstələrinin müalicəsi barədə nə deyə bilərsiniz? Müalicə olunan xəstələrin qan plazmasından istifadə üsulu nə dərəcədə effektivdir?


- Bu üsul özünü doğrultmur! Onun effektivliyini sübut edən heç bir tədqiqat yoxdur. Nə Çində, nə Ştatlarda, nə də Kanadada terapiya müsbət nəticələr verməyib.


Xəstənin plazmasının köçürülməsində məntiq var, çünki həqiqətən bu insanların qanı xəstəliyin immun yaddaşını antikor şəklində saxlayır. Xəstələnən insan yenidən yoluxsa, ya xəstələnmir, ya da infeksiyanı yüngül keçirir. Problem burasındadır ki, yoluxmuş xəstəyə sağalmış şəxsin plazmasının köçürülməsi nəzərəçarpan nəticələr verməyib. Daha təsirli və səmərəli üsullar axtarmalıyıq.


“Tocilizumab” adlı bahalı dərman var. Ondan İtaliya, İspaniya, Fransa, Almaniya və Kanadada kritik xəstələrin müalicəsində fəal istifadə edilib. Dərman ağciyər toxumasına daha çox ziyanın vurulmasının qarşısını alır və insanı xilas edir. Hələ ki, bu araşdırmalar davam edir. Ancaq praktikada dərman artıq effektivliyini göstərib.


Amerika Döş qəfəsi Mütəxəssisləri Kollegiyasının mütəxəssisi olduğum üçün hər üç gündə bir dəfə mənə koronavirus xəstələrinin müalicəsi ilə bağlı ən son məlumatları göndərirlər. Hazırda “Deksametazon”un bu hallarda çox yaxşı kömək etdiyi sübut edilib. Tənəffüs çatışmazlığı olan insanlarda bu dərmanın kiçik dozalarda (gündə altı milliqram) istifadəsi ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Bu barədə informasiyaları yaymaq lazımdır ki, həkimlərimiz də istifadə edə bilsin.


Problem ondadır ki, bu gün koronavirus xəstələrinin müalicəsi üçün xüsusi bir protokol mövcud deyil. Mövcud bütün protokollar tövsiyə xarakteri daşıyır, çünki araşdırmalar davam edir və bu vəziyyətdə sübut edilmiş tibb haqqında danışa bilmərik. Kritik vəziyyətlərdə mümkün qədər çox insanın sağ qalması üçün digər üsullarla müqayisədə ən böyük effektivliyi göstərən terapiyanı seçməliyik.


Azərbaycanda həkimlərimizin antikoaqulyant terapiyadan istifadə etdiyi barədə məlumatım var. Bu da kömək edir, çünki xəstəlik qan damarlarından başlayır. Ağciyərlərdə olan buzlu şüşə sindromu alveolları deyil, ağciyərlərin damarlarını zədələyir. Alveollara xəstəliyin başlanğıcından sonra yeddinci gündə inkişaf edən ümumi sətəlcəm təsir göstərir, buzlu şüşə sindromu isə xəstəliyin erkən mərhələsidir. Buna görə də, antikoaqulyant terapiyanın köməyi ilə tənəffüs çatışmazlığının inkişafının qarşısını almaq olar.


- Oxucularımıza nə tövsiyə edirsiniz?

 

- Profilaktik gigiyena standartlarına əməl etsinlər. İnanmayanlara isə qohumlarının deyil, mütəxəssislərin məsləhətlərinə qulaq asmağı məsləhət görürəm.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top