Bakı-Naxçıvan aviareysi üzrə bilet alan vətəndaşlar səfərlərini yerinə yetirə bilmirlər.
Əllərində biletləri olan vətəndaşlar vəziyyətlə bağlı hər gün "Azərbaycan Hava Yolları"nın (AZAL) baş ofisinin qarşısına toplaşırlar.
Burda hər gün cavab gözləyən Naxçıvan sakinləri uçuşlar ləğv edilərkən biletlərini geri qaytarmayaraq növbəti uçuş üçün saxlayıblar. 11 iyunda satışa çıxarılan biletlərin heç birini isə almaq mümkün olmayıb.
Vətəndaşlar deyir ki, biletləri aktiv olduğundan ilk reyslə məhz onlar göndərilməli idi. Əksəriyyəti işini həmin tarixlərə görə planlaşdırıb. Onlar biletlərinin yenilənməsini və Naxçıvana uçuşlarının təmin edilməsini istəyirlər.
Qeyd edək ki, əlində bileti olanlarla yanaşı, bilet almaq istəyənlərin də sayı kifayət qədərdir.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən isə "Xəzər Xəbər"ə bildirdilər ki, uçuşlar yalnız gələn ayın 7- də baş tutacaq. Əllərində bileti olan vətəndaşların səfəri isə növbəti uçuşlara dəyişdiriləcək. Bununla yanaşı, Naxçıvandan Bakıya gələcək sərnişinlər üçün yeni xidmət istifadəyə verilib. Elektron xidmət vasitəsilə aviabilet sahibləri COVID-19 testi üçün müayinə vaxtını onlayn təyin edə biləcəklər.
Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində "E-xidmətlər" bölməsində yaradılan "Sərnişinlər üçün onlayn növbə (COVID-19)" adlı altbölməyə keçid edərək açılan pəncərədə bilet nömrəsini daxil etməli və "Bileti yoxla" düyməsini seçməlidirlər. Bilet təsdiqini tapdıqdan sonra müayinə vaxtını təyin etmək üçün vətəndaş ona uyğun olan tarix və saatın yazıldığı "Randevu al" xanasını seçməlidir. Bu zaman ekranda görünən bildirişdə vətəndaşın müraciət edəcəyi tibb müəssisəsinin adı, ünvanı, eləcə də müayinə tarixi və saatı qeyd ediləcək. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir.


