Dövlətin çıxartmalı olduğu dərslər
Hökumət adına Operativ Qərargah adlanan, tərkibi və alınan qərarların alqoritmi bəlli olmayan qurum düşünülməmiş, heç bir hesablamalara əsaslanmayan 48 saatlıq sərt karantin tədbirlərindən dərs çıxartmalı, səhvlərini təkrar etməməlidir:
1) Qərargah qərar verdi ki, hətta dişi, başı, mədəsi ağrıyan insanlar da 48 saat ərzində ancaq təcili yardıma zəng etməli idilər ki, dərman, və ya kömək alsınlar. Cənablar, Təcili Yardım indiki pandemiya şəraitində qızıla bərabər aktivdir, onları nədən boş işlərə zaman ayırmağına məcbur edirsiniz?! Elə bilin ki, məşhur bir futbol klubu Messini alıb onu oynatmır, qapı arxasında top daşıtdırır – məntiq varmı burda?! Hər məhəllədə sovetdənqalma poliklinikalar var – onları 24 saatlıq iş rejiminə keçirin, işçilərə yüksək maaş verin, qoyun xırda məsələlərlə onlar məşğul olsunlar,
2) Koronavirusdan başqa da xəstəliklər var, 48 saat ağına-bozuna baxmadan evə qapadılan dializ, şəkər xəstələri necə yardım alsınlar, necə bayıra çıxsınlar? Kimyəvi terapiya alanlar nə etsinlər? Necə xəstəxanalara, və ya həkim yardımına əlləri çatsın?! Düşünə bilirsiniz heç?!
3) 48 saat çörək və ərzaq satışını, aptekləri nədən bağladınız?! Nədir bunun məntiqi?! 4-cü, 5-ci gün yaratdığınız ajiotaja görə onminlərlə insanı marketlərə axın etməyə məcbur edəndə, maskasız, fiziki məsafə gözləmədən onminlərlə insanı mağazalara dolduranda, güya, doğru iş gördünüz?! Bəlkə də virusun ən çox bulaşdığı günlər məhz həmin 2 gün oldu, heç ağlınıza gəlmədimi bu?
4) Ölkənin böyük əksəriyyətində smartsayğaclardır, 48 saat sayğacında pulu bitən, və ya sayğacı bloka düşən vətəndaşları heç düşünmədinizmi?!
5) Siz 31 mayda Malların, qeyri-ərzaq dükanlarının, qapalı məkanlarda işləyən kafe-restoranların qapılarını açanda kiminlə məsləhətləşmişdiz?! Kim verdi o qərarı?! Məsuliyyətini kim daşıyır?!
6) Polis nədən öz vətəndaşları ilə işğalçı kimi davranır?! Kim onlara bu səlahiyyəti və əmri verib?! Qaydaları pozanın cəzası 100 manatdısa, normal cəza kəsin, məhkəməyə verin, daha nədən vətəndaşla qaçdı-tutdu oynayırsınız ki?! Dünyanın sivil ölkələrində istənilən normal vətəndaş polisin kimisə təqib etdiyini, arxası ilə qaçdığını görəndə məhz polisə yardım etməyi düşünür – çünki, polisin haqlı olduğu ehtimalı çox böyükdür, yəni, öncədən polisin yanında yer alır. Bizim toplum isə polisdən qaçana azarkeşlik edir – çünki, vətəndaşın daha haqlı olduğunu düşünür. Bu mənzərə sizə heç nə demirmi?! Nədən bunu analiz etmirsiniz?! Niyə bu vəziyyətin dövlətçilik üçün təhlükə olduğunu anlamırsınız?! Pis olarmı ki, indi rəhbər şəxslər olub-bitənlərə görə çıxıb cəmiyyətlə danışsın, üzr istəsin – axı bu polisin hörmətini ancaq artıra bilər!
Vətəndaşın məsuliyyəti: Əziz xalq, sevgili millət, virusa inansan da, inanmasan da, bu mərəz var və çox təhlükəlidir! İnansan da, inanmasan da çox az etməli olduğun məsələlər var – qapalı məkanlarda maska və əlcək tax, fiziki məsafəni qoru, əl ilə görüşmə, görüşəndə öpüşmə, əllərini tez-tez yu, dizinfeksiya elə, özünü və yaxınlarını belə qorumağa çalış – et də bunu, sizdən nə gedir axı?!
Nəticə: Operativ Qəragah bu həftə sonu eyni səhvləri təkrar etməməli, nəticələr çıxartmalıdır. Belə sərt karantin tədbirləri məqbul və rassional deyil, heç effektiv də deyil. Bu həftəsonu 3 gün Malları, qeyri-ərzaq dükanlarını, qapalı məkanlarda xidmət göstərən kafe-restoranları qapatmaq olar, bu məqbuldur (bir şərtlə ki, kiçik-orta sahibkarlara yeni dəstək paketi hazırlansın). Amma insanları 35 dərəcə isti olacaq günlərdə evə qapatmaq olmaz, yanlış və zərərlidir. Vətəndaşlar məsuliyyətli şəkildə açıq havada qrup halında olmadan gəzməli, ərzaq və dərman ala, zibilini ata, sayğacına pul vura bilməlidir. Bu şərtlər çərçivəsində məsuliyyətli olmayan vətəndaşları cərimələyin – buna sözüm yoxdur. Amma cəzaları da mədəni şəkildə etmək lazımdır, çünki, cəzanın məqsədi PUL ALMAQ deyil, VİRUSUN YAYILMASININ qarşısını ALMAQDIR...
Natiq Cəfərli
Ekspert


