Ermənistan kəşfiyyatının başına 29 yaşlı şəxs gətirilir — Atasının kim olduğu bilinmir

DÜNYA 08 iyn 2020, 15:55

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan tutduğu vəzifədən istefa verib.


Demokrat.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.


Məlumatda qeyd olunur ki, Milli Təhlükəsizlik Xidmətinin direktor vəzifəsinə bu quruma yeni təyin olunan direktor müavin Argişti Karamyan gətirəcək.


Bildirək ki, Argişti Karamyan ötən ayın əvvəlində prezident Armen Sarkisyanın sərəncamı ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin olunub. Bir gün əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyanın əmiri ilə Ermənistanın İstintaq Komitəsi rəhbərinin müavini təyin olunub və cəmi bir sutka sonra vəzifəsindən azad olunub. Eyni zamanda İstintaq Komitəsinin əsasnaməsində dəyişiklik edərək müavinlərin sayını 4-dən 5-ə yüksəldiblər.


Mətbuatda yer alan məlumatlara görə, dəyişiklikdə məqsəd Argişti Karamyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin olunmasını təmin etmək olub. Ermənistan qanunlarına görə Milli Təhlükəsizlik Xidmətinin işçiləri  mütləq İstintaq Komitəsində işləməlidirlər. Buna görə də Paşinyan Argişti Karamyanı cəmi bir gün müddətində İstintaq Komitəsinə direktor müavini təyin edib.


Rəsmi tərcümeyi-halında qeyd olunur ki, Argişti Karamyan 22 may 1991-ci il tarixində Geğarkunik rayonunun Eranos kəndində anadan olub. Yerevan Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 


2015-ci ildə Ədliyyə Nazirliyinin Akademiyasında prokurorluğa namizədlər üçün peşə hazırlığı kursunu bitirib. 2013-cü ildən 2017-ci ilə qədər İrəvanın Kanaker-Zeytun rayonunun Polis İdarəsində İstintaq Şöbəsində işləyib. 2016-cı ildə Şirak rayon prokurorluğunda prokuror vəzifəsində çalışıb.


2016-cı ildən 2018-ci ilə qədər İrəvan şəhər prokurorluğunda prokuror vəzifəsində çalışıb.


2018-ci ildən Ermənistan Respublikası Dövlət Gəlirlər Komitəsinin istintaq şöbəsinin müdiri, daha sonra istintaq və əməliyyat istintaq şöbəsində şöbə müdirinin müavini vəzifələrində çalışıb. 1 mart 2019-cu ildən Dövlət Nəzarət Xidməti rəhbərinin müavini vəzifəsində işləyib. 2018-ci ildə vergi xidmətinin podpolkovnik xüsusi rütbəsinə layiq görülüb.


Məlumat üçün bildirək ki, Dövlət Nəzarət Xidmətinin rəsmi veb-səhifəsində yerləşdirilən tərcümeyi-halında Argişti Karamyanın atasının adı göstərilməyib. Bir qədər əvvəl jurnalistlər Argişti Karamyandan atasının kim olduğunu soruşublar. Lakin, Argişti Karamyan bu suala cavab verməyib və bildirib ki, ailəsilə bağlı sualları cavablandırmaq istəmir.


Lakin mətbuatda yayılan məlumatlara görə Argişti Karamyanın atası Erməni Apostol Kilsəsinin Kotayk yeparxiyasının başçısı, arxiyepiskop Arakel Karamyandır. Əsl adı Elbek olan arxiyepiskop isə bildirib ki, Argişti Karamyan onun oğlu deyil, uzaq qohumudur. Arxiyepiskop deyib ki, bir ruhani lider kimi onun övladının olması mümkün deyil.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top