Son günlər sosial şəbəkələrdə "Azərbaycanlı Vandam" kimi məşhurlaşan Ruslan İsmayılov "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Ruslan, öncə özünüz barədə məlumat verərdiniz...
- Zaqatalanın Çobankol kəndindənəm, 31 yaşım var. Vandam kimi mərd oğlan olmaq istəyirəm. Onun kimi idmançı olmaq və sözün düzünü desəm, bir az çörək qazanmaq istəyirəm. Çörəyi də sənətlə qazanmaq istəyirəm.
- Uşaq vaxtı idmanla məşğul olmusunuzmu?
- Bir az trenajorla məşğul olmuşam. İstəyirəm ki, efirə çıxana qədər bir az da idman edim. Qabağa getmək istəyirəm.
- Videoları çəkmək ideyası necə yarandı?
- Özüm tanınmaq istədim. Əfəndi Şabanov adlı bir oğlan var, videolarımı o çəkir, mənədəstək olur.
- Videolardan sonra sizə təkliflər gəlirmi?
- Bəli, çox zənglər gəlir, evdə otura bilmirəm. Deyirlər ki, bomba kimi videolar çəkirsən, biz də səni qabağa çəkəcəyik.
- Tanınmış sənətçilərdən kimlərin klipinə çəkilmək istərdiniz?
- Bakıdan zənglər gəlir, çağırırlar.
- Videoların birində Səbinə adlı xanıma ismarış göndərirsiniz...
- O qız Səbinə Katanovadır, mənə dəstək olub. Vayner Ruzi Ələkbərovun da mənə dəstəyi var. Kim dəstək olursa, Allah hamısının canını sağ eləsin.
- Hansı aktyorumuzla eyni filmdə çəkilmək istərdin?
- Kənan M.M-lə çəkilmək istərdim.
- Şəxsən tanışsız?
- Tanış deyilik, amma istərdim tanış olaq. Onun həm filmlərini, həm də hərəkətlərini bəyənirəm. Amerikada Vandama, Azərbaycanda Kənan M.M-ə azarkeşlik edirəm. Azərbaycan xalqını da çox sevirəm.
- Bəs dinlədiyin sənətçilər kimlərdir?
- Xatirə İslamla Manaf Ağayevin ifasını xoşlayıram.
- Hazırda iş yeriniz varmı?
- Düzünü deyim ki, iş yerim yoxdur. İş olanda fəhlə işləyirəm, yaxud gedib metal yığırıq. Kasıb adamam, açıq danışmaq lazımdır.
- Eşitdiyimə görə videolara görə sizi hədələyiblər.
- Elə şey olmayıb. Zəng edib təşəkkür ediblər. Mən də demişəm ki, çörək qazanmaq istəyirəm.


