Tarix yenidən yazılır — Ali Baş Komandandan cəbhə bölgəsində işğalçıya MESAJ

TƏHLİL 05 iyn 2020, 13:00

Prezident İlham Əliyevin Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açlışında çıxışı zamanı verdiyi tarixi mesajlar diqqət çəkdi. Xüsusilə dövlət başçısının bu mesajları cəbhə bölgəsindən verməsi təsadüfi deyildi.


Azərbaycan tarixi torpaqlarında ikinci “erməni dövləti”nin yaradılması ilə barışmayacaq, əksinə qədim torpaqlarımızda yaradılan Ermənista dövlətindən tarixi şəhərlərimiz alınacaq. Dövlət başçısının mesajlarının ümumi tezisi belədir.


Terror dövləti olan işğalçı Ermənistan


Prezident işğalçı Ermənistanın terror dövləti olduğunu, terrorçuluğu təbliğ etdiyini müxtəlif beynəlxalq platformalarda bəyan edib. Cəbhə bölgəsində bunu yenidən dilə gətirməsi işğalçı ölkənin əsl mahiyyətinin yenidən gündəmə gətrilməsi idi.

 


Dövlət başçısı bildirib ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər.


Ermənistanın dövlət idealogiyasının terror üzərində qurulduğu bəlli məsələdir. Hələ ötən əsrin əvvəlində azərbaycanlılara və qeyri-ermənilərə qarşı törədilən soyqırımı aktları, əsrin ikinci yarısında ASALA və digər erməni terror təşkilatlarının “ümumi erməni məsələsi uğrunda” dünyanın müxtəlif yerlərində törətdiyi terror aktları, əsrin sonunda Dağlıq Qarabağda törətdikləri cinayətlər bu ölkənin xəmirinin terrorla yoğrulmasından qaynaqlanır. Hətta bu ölkədə öz rəhbərlərinə qarşı terror aktları törədilib. 1999-cu ildə Ermənistan parlamentinin gülləboran edilməsi bunun bariz nümunəsidir.

 

Ermənistanın Azərbaycana qarşı tarix boyu törətdiyi terrorun müxtəlif formaları bu gün də davam edir. Azərbaycanın dövlət büdcəsi hesabına inşa edilən Sərsəng su anbarını işğal altına almaları və Azərbaycanın suyunu kəsmələri ekoloji terrordur. Avropa Şurası Parlament Assambleyası (AŞPA) da 2015-ci ildə Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə qəbul edib. Qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilir, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır. Bu qətnamənim qəbulu Ermənistanın növbəti dəfə işğalçı ölkə olduğunun təsdiqi idi.


Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunu çox gözəl şərh edib.


“Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır”, - dövlət başçısı bildirib və bununla həm də Ermənistanda faşizmin qəhrəmanlaşdırılması faktını yenidən gündəmə gətirmiş oldu.

 


Faşizm ölkəsi


Ermənistanın faşizmi təbliğ etdiyi, nasistlərə xidmət etmiş caniləri “qəhrəmanlaşdırdığı” sirr deyil. II Dünya müharibəsində Hitlerin ordusunda “erməni legionu” yaradan və SSRİ-yə qarşı mübarizə aparan Qaregin Njdenin bütləşdirilməsi Ermənistanın faşizm mahiyyətinin bariz nümunəsidir.

 

Azərbaycan Prezidenti hələ ötən il MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında bu məsələni gündəmə gətirmiş və işğalçı olan Ermənistanın həm də faşizmə xüsusi rəğbət bəslədiyi faktını Nikol Paşinyanın üzünə çırpmışdı. Ondan sonra MDB məkanında Q.Njdenin qəhrəmanlaşdırılmasına qarşı etiraz prosesi başlandı.


Keçmiş daşnak, Njde ləqəbli Qaregin Ter-Arutyunyan Üçüncü Reyxin əsas adamlarından olub və Nasistlər tərəfindən yaradılan Cəza legionlarından birinə rəhbərlik edib. 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu ilə Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. 

 


Tarixi məlumatlara görə, bu legion təkcə Krımda 20 min insanı məhv edib. Rusiya Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: 


“Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir həbsxanasında ölüb. SSRİ dövründə Njde cani olaraq qəbul olunurdusa, Ermənistan müstəqil olandan sonra onun qəhrəmanlaşdırılması prosesi başlandı.


2001-ci ildə Ermənistan rəhbərliyinin təşəbbüsü ilə Njdenin 115 illiyi dövlət səviyyəsində qeyd olundu, həmçinin, əsərlərinin ikicildiyi dərc edildi və Ermənistanın Mərkəzi Bankı yubiley sikkəsi olaraq “Qaregin Njde” adına 100 dramı buraxdı. Ermənistan zabitlərinin, gizirlərinin və xüsusi xidmət orqanları əməkdaşlarının mükafatlandırılması üçün Njdenin adına dövlət hərbi mükafatı da təsis olundu. 


2003-cü ildə Syunik rayonu ərazisindəki Xustup dağının ətəyində Njdeyə abidə ucaldıldı. 2013-cü ildə Ermənistan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə rejissor Qraçya Keşişyan “Qaregin Njde” adlı film çəkdi. 2016-cı ilin 28 mayında Njdenin 130 illiyi münasibətilə İrəvanın mərkəzində ona 6 metrlik abidə ucaldıldı. 


O vaxt prezident olan Serj Sarkisyanın da iştirakı ilə abidənin təntənəli açılışı keçirildi. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyi faşizmi qəhrəmanlaşdırdığı üçün Ermənistana rəsmi etiraz etdi. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan da Njdenin timsalında faşizmi qəhrəmanlaşdırmaqdan əl çəkmir və bu günlərdə “İravunk” qəzetində Paşinyanın adını daşıdığı babasının da Njdenin legionunda nasistlər tərəfndən döyüşməsi faktının ortaya çıxması bunun təsadüfi olmadığını, ümumiyyətlə faşizmin Ermənistan dövlətinin mayasında olduğunu sübut edir.

 


Bu fakta toxunan Prezident İlham Əliyev deyir: “Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir”.


Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Tərtər şəhərini, Ağdamın kəndlərini bombalaması faşizmin təzahürüdür.


Azərbaycan torpaqlarını azad edəcək...


Dövlət başçısı cəbhə bölgəsində bununla bağlı açıq mesaj verdi. Qeyd etdi ki, Dağlıq Qarabağla münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların və bir çox ölkələrin mövqeyi Azərbaycanın mövqeyini gücləndirir: 


“Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Azərbaycanın səyləri nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir”.


Bu gün BMT də daxil olmaqla beynəlxalq təşkilatların və dövlətlərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatından tutmuş, Avropa strukturlarında bununla bağlı dəfələrlə bəyanatlar verib. Bu, Azərbaycanın xarici siyasətinin, birbaşa dövlət başçısının həyata keçirdiyi strategiyanın nəticəsidir.


Bu mənzərə Azərbaycanın işğal altındakı torpaqlarını tezliklə azad edəcəyini, öz ərazilərində ikinci “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyini deməyə əsas verir.

 


Gerçək tarix...


Prezident İlham Əliyevin Azərbaycanın qədim şəhəri İrəvanla bağlı dedikləri isə tarixi torpaqlarımızda yaradılan Ermənistan dövlətinə “Nəinki işğal etdiyiniz Dağlıq Qarabağ və ətraf rayonları, hətta sizə bağışlanan və bununla bağışlanmaz səhvə imza atılan qədim torpaqlarımızı da azad edəcəyik” mesajı idi.


“İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrgöstərir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənilər Azərbaycan torpaqlarına, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər. 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. İrəvan qədim Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Bunu unutmaq və bağışlamaq da olmaz. Guya bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Azərbaycanın qədim diyarı Zəngəzur da Ermənistana verildi və bununla da böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimizin Ermənistana verilməsi düzgün addım olub?”, dövlət başçısı bəyan edib.


Prezident bununla İrəvanın ermənilərə paytaxt kimi bağışlanmasının tarixi səhv olduğunu, bu şəhərin Azərbaycanın qədim torpağı olduğunu və torpaqlarımızın son qarışına qədər azad etmək üçün mübarizə aparacağımızın mesajını verdi. Bu mesaj həm işğalçı Ermənistana, həm də tarixin səhv yazılmasına və bunun acı nəticələrinə göz yumanlara idi. 


Prezident İlham Əliyev bununla tarixi həqiqətləri dilə gətirdi və Azərbaycanı qələbəyə aparan gerçək tarixinə imza atdı.


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top