Koronavirus pandemiyası uzun illərlə yığılıb qalmış bir çox iqtisadi, siyasi və s. problemlərlə yanaşı, bəşəriyyətin sözün əsl mənasında insanlıq probleminin olduğunu üzə çıxardı. Dünyanın ən aparıcı, varlı dövlətləri olduqca utancverici, hətta rəzalət hesab olunacaq davranışları ilə yadda qaldı.
İş o yerə çatdı ki, böyük dövlətlər utanmadan öz aralarında didişməyə, biri-birinin ölkəyə gətirmək istədikləri tibbi maskalara və koronavirus xəstələri üçün nəzərdə tutulan tibbi avadanlıqlara əl qoymağa başladılar. Bir çox belə ölkələr qapanmağa, yalnız öz mənafelərini güdməyə və az qala ümumbəşəri dəyərlərdən belə üz döndərməyə üstünlük verdilər. Təəssüflər olsun ki, qlobal əməkdaşlığa böyük ehtiyac duyulduğu bir şəraitdə aparıcı dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəylik nümayiş etdirə bilmədilər.
Ancaq bu proseslərin fonunda məsələn, qardaş Türkiyə kimi elə dövlətlər də oldu ki, öz problemləri, çətinliklərinə rəğmən, pandemiyanın amansız şəkildə tüğyan etdiyi ölkələrə əl tutmaqdan çəkinmədilər, aktiv beynəlxalq siyasət yürütməyə çalışdılar. Və Azərbaycanın da belə ölkələr sırasında olması olduqca əhəmiyyətli və təqdirəlayiq haldır.
Xüsusilə mayın 4-də məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsi dünyanın ən böhranlı situasiyalar yaşadığı dönəmlərdə belə ölkəmizin tarazlığını itirməməsinin və aktiv beynəlxalq oyunçu qismində çıxış edə bilməsinin göstəricisidir.
Nə qədər bu tədbirin əhəmiyyətini kiçiltmək istəyənlər olsa da, videokonfransın formatı, orada iştirak edən ölkə liderlərinin sayı və xüsusilə də onun belə ağır bir dönəmdə təşkili ölkəmizin həm yerləşdiyi regionda, həm də dünya çapında nüfuzuna olduqca müsbət çalarlar qatdığı, onun çəkisini artırdığı şübhəsizdir.
Xatırladaq ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin ona sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin, tanınmasının parlaq nümunəsi hesab oluna bilər. Xüsusilə qeyd olunmalıdır ki, hazırda qlobal liderliyə, həmrəyliyə, əməkdaşlığa ehtiyac duyulduğu bir şəraitdə məhz Azərbaycanın ölkə başçısı təşəbbüs irəli sürüb və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək, dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu, dünyada hazırda mövcud olan yadlaşma, uzaqlaşma meyllərinə meydan oxumaq anlamı daşıyır və kifayət qədər yerində irəli sürülmüş beynəlxalq təşəbbüsdür. Çünki bu pandemiya nə zamansa bitəcək, amma ondan sonrakı beynəlxalq münasibətlər sistemində məhz həmin pandemiya dövründə hansı dövlətin özünü necə göstərməsi mühüm faktor kimi çıxış edəcək.
Xatırladaq ki, zirvə görüşündə Pakistan, Hindistan, Misir, Səudiyyə Ərəbistanı, İran, İndoneziya, Əlcəzair, Əfqanıstan, Kuba, Nigeriya, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış ediblər. Habelə, çıxış edənlər sırasında BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru da olub. Eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının vitse-prezidentinin videomüraciətləri səsləndirilib.
Zirvə görüşünün formatı, orada çıxış edən ölkə liderlərinin fikirləri əyani şəkildə göstərdi ki, Qoşulmama Hərəkatı fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün kifayət qədər səmərəli platformaya çevrilib. Həmçinin, bu görüş göstərdi ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və siyasi təcrübəsinin göstəricisi sayıla bilər. Bunu sözügedən zirvə görüşünün qəbul etdiyi bəyənnamədən də görmək olar. Həmin bəyənnamədə Azərbaycan Prezidentinə vaxtında irəli sürülmüş dəyərli təşəbbüsə görə təşəkkür edilir.
Dünyanın siyasi tarixi və təcrübə göstərir ki, istənilən ölkənin xarici siyasət, qlobal beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar daxili siyasi mübarizənin elementinə çevrilməməlidir. Əksinə, bütün siyasi qüvvələr beynəlxalq əməkdaşlıq və ölkənin siyasi nüfuzunun artırılmasında maraqlı olmalıdır. Bu baxımdan siyasi mövqeyindən, dünya görüşündən və kimliyindən asılı olmayaraq, ölkənin strateji maraqlarını, vətəninin beynəlxalq arenada nüfuzunun artmasının vacibliyini anlayan hər kəs bu tip tədbirlərin Azərbaycan üçün önəmini dərk etməyə bilməz.(azpolitika.info)



