"Yaxın aylarda düşmən ciddi şəkildə cəzalandırılacaq" — Hərbi ekspert

SİYASƏT 29 apr 2020, 22:09

“Son vaxtlar Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində xeyli sayda özbaşınalıqlar həyata keçirirlər və bu da təbii ki, haqlı olaraq vətəndaşlarımızın narazılıqlarına, narahatçılıqlarına səbəb olur. Maraqlıdır, bu adamlar bilirlər ki, Azərbaycan heç vaxt o ərazilərdən vaz keçməyəcək və nəyin bahasına olursa-olsun o əraziləri öz yurisdiksiyasına mütləq qaytaracaq, o zaman da yaxınlaşır, amma yenə də mənfur niyyətlərindən əl çəkmirlər”. 


Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri işğalçı Ermənistanın hətta koronavirus pandemiyasının gətirdiyi peroblemlərlə üz-üzə qaldığı bu günlərdə də torpaqlarımızın əbədi ilhaqı istiqamətində çeşidli təxribatlara, alçaq əməllərə əl atmasından bəhs edərkən söylədi. 


Qeyd edək ki, son günlər davamlı şəkildə İranın Ermənistana dəstəyi, hətta Qarabağ separatçılarına İran markalı yük maşınlarının yardım aparmaları barədə hətta ermənilərin özlərinin yaydığı videofaktlar tirajlanmaqdadır. Məsələ bundan ibarətdir ki, İrana məxsus TIR-lar Xankəndinə Ermənistan ərazisindən keçib getmir. O maşınların İran-Azərbaycan sərhədini “yararaq”, Araz çayı üzərindən salınmış körpülər üzərindən keçərək işğal olunmuş ərazilərimizə qanunsuz olaraq daxil olduğunu təsdiqləyən məlumatlar var. Hələlik İran tərəfi bu məlumatları sükutla qarşılayır. Amma əgər erməni separatçıları özləri də İrana məxsus yardım maşınlarının gəlməsindən bəhs edirsə, hətta buna “koronavirusu yaydıqlarına görə” narazılıqlarını ifadə edirlərsə, deməli, təkzibə yer qalmır. Bu mənada fikirlər var ki, Azərbaycan İranla işğalçı ölkə və separatçı qurum arasındakı bu əlaqələr barədə beynəlxalq aləmi məlumatlandırmalı, BMT Təhülkəsizlik Şurasının təcili toplantısının çağırılması təşəbbüsünü qaldırmalı, eyni zamanda beynəlxalq hüquqa istinad edib qanunsuz əlaqələrə imkan yaradan körpüləri, həmçinin yük maşınlarını məhv etməlidir.  


Polkovnik naziri ittiham etdi: "Sahil Babayev ölkədə böyük ...


Hərbi ekspert Ü.Cəfərov hesab edir ki, işğaldakı torpaqlarımızın azadlığı zərurətdir: “Məsələnin həm hüquqi, həm də mənəvi tərəfi artıq bunu bizdən tələb edir. Baxmayaraq ki, biz uzun illər bivec ATƏT-in Minsk Qrupunun danışıqlar yolu ilə məsələnin həllinə nail olacağını düşünürdük. Görünən odur ki, işğalçı Ermənistan heç bir halda işğalda saxladığı əraziləri boşaltmaq istəmir və hətta həyasızlıq yoluna da qədəm qoyub. İşğal altında olan Azərbaycan əraziləri- həm Dağlıq Qarabağda, həm də ətraf rayonlarda bədnam qonşularımız bəzi tikinti abadlıq işləri həyata keçirirlər”. Hərbi ekspert qeyd etdi ki, son aylar davamlı olaraq Dağlıq Qarabağda və ətraf ərazilərdə ermənilərin bir sıra tiknti işlərinin apardıqlarını sübut edən faktlar foto və videogörüntülər də diqqətimizi cəlb edir: “Haqlı olaraq vətəndaşlarımız da sorusurlar ki, biz nədən heç bir təsirli addımlar atmırıq və ya lazımı ölçüləri götürmürük? İşğalçılar həmin salınan yollarla ərazilərimizə silah, narkotik və terrorçu qruplaşmalarını daşıya və istənilən yükləri istədikləri istiqamətdə apara bilərlər”.

 


Ü.Cəfərovun sözlərinə görə, düşmənin bu cinayətlərinin qarşısını almağa qadirik: “Ordumuzun maddi-texniki imkanları kifayət qədərdir ki, biz düşmənin bütün yerləşdiyi ərazilərdə istənilən əməliyyatı PUA-lar və digər HHM və HHQ-nin avadanlıqları vasitəsiylə lazım olanı edək. Sadəcə, ölkəmizin hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı ola biləcək basqı və tənələrinin olmaması səbəbindən hələ ki, susur, səbr və dözüm nümayiş etdirir”. 


Yeri gəlmişkən, işğalçılıar Azərbaycanın Kəlbəcər rayonu ərazisində də yeni su elektrik stansiyasınn tikintisini davam etdirirlər. Bu qanunsuz əməllər isə “Dağlıq Qarabağın ətraf əraziləri ilkin mərhələdə qaytarılmalıdır” nağıllarının səsləndirilməsi fonunda baş verir. Təbii ki, ermənilər ianə hesabına tikdiklərini Azərbaycana bağışlamaq niyyətində deyillər. Deməli, status-kvo ermənilər üçün vaxt qazanmaq fürsətidir. 


Ü.Cəfərov da bu fikirləri bölüşür: “Şəxsi qənaətimə görə, biz yaxın vaxtlarda düşmənin analoji təxribatlarından birinin qarşısını mütləq almalıyıq ki, onlar həm özlərini yığışdırsınlar, həm də ciddi düşünsünlər. Biz onların hərəkətlərinə seyrçi mövqe sərgilədikcə, düşmən sözün hər mənasında “qudurur”. Biz mütləq işğalçının sakitləşməsi üçün hərbi imkanlarımızdan uzaqdan-uzağa da olsa, istifadə etməliyik ki, Ermənistanın siyasi-hərbi işğalçı rəhbərliyi Azərbaycanın Qarabağ məsələsində qətiyyətli mövqedə dayandığını nəhayət, anlasın. Bütün proseslər ona doğru gedir və mən düşünürəm ki, yaxın aylarda, düşmən ciddi şəkildə cəzalandırılacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top