Siyasət

“Ermənistan rəhbərliyi başını itirib” — “Diplomatiya tarixində nadir rast gəlinən bu kütbeyinlik...”

“Ermənistan rəhbərliyi başını itirib” — “Diplomatiya tarixində nadir rast gəlinən bu kütbeyinlik...”

“Siyasi və iqtisadi böhran məngənəsində boğulan Ermənistan və onun bədnam rəhbərliyi, görünür, dünyada cərəyan edən geosiyasi prosesləri ya anlamır, ya da anlamaq istəmir. Həyasızlıq, ikiüzlülük və işğalçılıq kimi neqativ kateqoriyaları özünün rəsmi imici və siyasəti olaraq dəfələrlə təsdiqləyən Ermənistan, sonunun yetişdiyinin fərqinə varmayacaq dərəcədə başını itirib”.

Demokrat.az xəbər verir ki, bu sözləri Ermənistanın hazırda sərgilədiyi xarici siyasətə münasibət bildirən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Ermənistanda reallaşan “məxməri inqilab” və nəticədə diletant Nikol Paşinyanın hakimiyyətə “oturdulması”, bəlkə də bu başabəla dövlətin tarixində ən rüsvayçı və uğursuz səhifələrdən biridir: “Bunu təkcə biz demirik, dünyanın analitik düşüncə mərkəzlərinin, strateji planlaşdırma və təhlil qruplarının və nəhayət, çox nüfuzlu politoloqlarının rəylərində də bu qənaət öz əksini tapır”.

K.Qafarov qeyd edib ki, martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində dünyanın heç bir ölkəsinin, hətta Ermənistanın belə tanımadığı qondarma “DQR”-də “prezident seçkiləri”nin keçirilməsi, eləcə də bugünlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın beynəlxalq ictimaiyyəti, hətta yaxın müttəfiqi sayılan Rusiyanı belə təəccübləndirən sərsəm bəyanatı Moskvanın vassalının ağlını itirməsinin göstəricisidir: “BMT-nin, Avropa Birliyinin, ABŞ-ın, Türkiyənin, Gürcüstanın, Ukraynanın, ATƏT-in Minsk Qrupunun üzvlərinin, həmçinin bir sıra beynəlxalq qurumların və ölkələrin qondarma “DQR”-də “prezidenti seçkilərini” birmənalı şəkildə tanımadıqlarını bəyan etməsi, Ermənistanın xəyallarını artıq neçənci dəfə suya düşürdü”.

Millət vəkilinin fikrincə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskursunun və danışıqların növbəti raundu üçün müəyyən strateji konturlar bəyan etməsinin ardınca, rəsmi Yerevanın illərdir davam edən danışıqlar prosesi tarixini tamamilə inkar edən həyasız bəyanatı hamını təəccübləndirib: “Diplomatiya tarixində nadir hallarda təsadüf edilən bu kütbeyinlik və dayazlıq, hətta Moskvada da narazılıqla qarşılandı. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı erməni tərəfinə kəskin şəkildə etirazını bildirdi və bunu destruktiv hərəkət kimi qəti şəkildə pislədi. Erməni lobbisi həmişəki kimi, bu dəfə də hadisələri öz maraqlarına uyğun şəkildə təqdim etmək üçün ATƏT-ə, eləcə də ABŞ-ın ermənipərəst konqresmenlərinə üz tutdu. Lakin onların bu cəhdinə də tutarlı cavab verildi. Azərbaycan Respublikası Milli Məclisi ATƏT-ə məktub göndərərək, qondarma “DQR prezident seçkiləri”nə münasibət bildirmədiyinə, bu tipli separatizm meyllərini pisləyən bəyanat vermədiyinə görə öz etiraz və narazılığını bildirdi. Dağlıq Qarabağın Azərbaycan icmasının sədri, millət vəkili Tural Gəncəliyev isə ABŞ-ın Nümayəndələr Palatasına göndərdiyi məktubda konqresmenlər F.Pallone, J.Spayer, Q.İlirakis və A.Şiffin Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərməsini qınadı”.

K.Qafarov onu da qeyd edib ki, Münhendə Nikol Paşinyanın İlham Əliyev tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılması, onun maskasının cırılaraq bütün dünya qarşısında rəzil edilməsindən sonra istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyəti bir daha əmin oldu ki, Ermənistanı koronavirus, iqtisadiyyatın tənəzzülü yox, məhz sərsəm destruktivizm məhv edəcək.(azpolitika.info)

D
demokrat.az