Məlum olduğu kimi, Azərbaycanda koronavirusla əlaqədar xüsusi karantin rejimi may ayının 4-dək uzadılıb. Artıq aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi icazə ilə hərəkət edilir.
Bundan əvvəl karantin rejimi aprelin 20-nə nəzərdə tutulurdu. Lakin pandemiya artan səviyyədə davam etdiyi üçün müddətin uzadılması qərarı verildi. Beləliklə, hər kəs səbrlə mayın 4-nün gəlib çatmasını gözləyir.
Karantin rejiminə davam edən Gəncə...
Musavat.com-un əməkdaşı olaraq karantin rejiminə davam edən Gəncənin bugünki halını müşahidə etməyə çalışdıq. Xatırladım ki, xüsusi karantin rejiminin tətbiq edildiyi 5 aprel tarixində də reportaj hazırlamışdıq. Həmin gün ölkənin ikinci böyük şəhəri Gəncənin küçələri demək olar ki, tamamilə boş, insanlarsız qalmışdı.
Lakin paxytaxt Bakı və digər bölgələrdə olduğu kimi, artıq bir nüçə gündür ki, Gəncənin də həyatında bir qədər canlanma müşahidə olunmaqdadır. Küçələrdə tək-tək insanlara rast gəlinsə də, nəqliyyatda sıxlığı görməmək mümkün deyil. Yol kənarlarında tez-tez taksilərə də rast gəlinir.
Eləcə də ictimai nəqliyyatdan istifadə edənlərin sayı da az deyil. Əlbəttə ki, bütün bunlar mühafizə orqanlarının diqqətindən yayınmayıb. Bunun üçün şəhərin “Azərittifaq” deyilən 4 yol ayrıcında polis hər avtobusu və maşını saxlayaraq, bütün sərnişinlərin və sürücülərin sənədlərini, evdən çıxarkən icazə mesajını göndərib-göndərmədiyini yoxlayır.
Market və bazarlar...
Market və bazarlarda da canlanma hiss olunur. İri marketlərin yerlərində “məsafə saxla” qeydləri var. Buna riayət edənlər qədər, etməyənlər də var.
Marketlərdə ərzaqların qiymətlərində artım olmasa da, bazarda meyvə və tərəvəzlərin qiymətinda bahalaşma hiss olunur. Məsələn, Gəncədə ən ucuz bazar hesab olunan “Sərçə bazarı”nda ən ucuz alma 1,50 manatdan, xiyar 2, pomidor 1,70 manatdan başlayaraq satılır. Bununla belə təzə soğanı 50 qəpikdən almaq mümkündür.
Apteklərdə maska qıtlığı aradan qalxıb
Bundan əvvəl digər bölgələrdə olduğu kimi Gəncədə də tibbi maska qıtlığı yaşanırdı. Lakin artıq bu həftənin əvvəlindən başlayaraq apteklərdə maska qıtlığı aradan qaldırılıb. İstənilən aptekdə 2-5 sayda 30 qəpiyə tibbi maska almaq mümkündür. Həmçinin bütün apteklərdə 70 qəpikdən tibbi spirt, 20 qəpikdən isə tibbi əlcəklər satılır.
Beləliklə, xüsusi karantinə davam edən Gəncədən bu günü əks etdirən fotoları təqdim edirik: (musavat.com)


