Koronavirus pandemiyasının yayılması bütün dünyanın karantin rejiminə keçməsinə səbəb oldu. Hazırda ABŞ başda olmaqla ən böyük dövlətlər virus qarşısında məğlubiyyətlərini rəsmən elan ediblər. Bu ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət normal hesab oluna bilər. Təbii ki, son günlər virusa yoluxma halları artır, amma hökumət yoluxmanın minimallaşması üçün əlindən gələni edir.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, aprelin 5-dən 20-nə qədər vətəndaşların zərurət olmadığı halda küçəyə çıxmasının məhdudlaşdırılması da bu məqsədə xidmət edir. Vətəndaşların sərgilədiyi həmrəylik də alqışa layiqdir. Çox az istisnalar olsa da, boşalan küçələr insanların "evdə qal" çağırışına əməl etdiyini göstərir. Amma...
Əksər işimizdə olduğu kimi, burada da əmmalar olmamış deyil.
Vətəndaşların küçələrə çıxışının məhdudlaşdırıldığı bu karantin rejimində əsas narazılıq polislərin davranışları ilə bağlıdır. Sosial şəbəkələrdə əks olunan narazılıqlar polislərin (təbii ki, hamısına şamil edilmir) özlərini bəzən qeyri-etik, küçələrin “hakimi” kimi apardığını, xəbərdarlığı kobud şəkildə etdiyi haqda təəssürat yaradır. Koronavirusla mübarizə aparan hökumət məgər bunu istəyirmi?! Əlbəttə ki, xeyr!
Hökumət ilk gündən virusla mübarizədə effektiv addımlar atdı. Sərhədlərin bağlanması, təhsil müəssisələrində tədrisin dayandırılması, karantin zonalarının yaradılması, xüsusi laboratoriyaların qurulması, xüsusi karantin rejiminin tətbiqi və sairə. Karantin dövründə sahibkarlara dəyən ziyandan tutmuş, günəmuzd işləyən vətəndaşların əmək haqlarının ödənməsinə qədər hər şeyi hökumət üzərinə götürüb. Prezident lham Əliyevin Sərəncamı ilə bu məqsədlə 1 milyard manat vəsait ayrıldı.
Gecə-gündüz aparılan bu mübarizədə hökumətin həyata keçirdiyi işlərə adi davranış qaydalarının kölgə salması həqiqətən üzücüdür.
Azərbaycan polisi bu çətin günlərdə ictimai asayişin qorunması üçün çalışır. Buna heç kimin şübhəsi yoxdur, amma etiraf edilməlidir ki, öz missiyasına uyğun davranmayan, verilmiş səlahiyyəti “burda mənəm, Bağdadda kor xəlifə” zənn edən polislərimiz də var.
Bunun günahkarı da belə polisləri təlimatlandıranlardır. Vətəndaşı qoyulan tələblərə əməl etməyin iki yolu var:
Birincisi, etik çərçivədə: “Vətəndaş, xahiş edirik, qaydalara əməl edin, özünüzün və doğmalarınız sağlamlığı üçün evdə qalın!”.
İkincisi, qeyri-etik formada: “Əəə, sənə deyilməyib, evdən çıxma, davay getdin!”.
Hər ikisi qoyulan tələblərin yerinə yetirilməsi, nəticədə vətəndaşın sağlamlığı üçündür, amma ikinci müraciət forması bütün bu mübarizənin, həyata keçirilən işlərin içinə tüpürməkdir.
Təəssüf ki, ümumi işə tüpürənlərimiz də mövcuddur. Polislərlə yanaşı, karantin rejiminin tətbiqini həyata keçirən əsgərlərimiz də var. Küçələrdə Daxili Qoşunların əsgərləri də dövriyyə gəzirlər. Əsgərlərimiz başımızın tacıdır, amma sıravi əsgərə belə məsuliyyət yükləmək nə qədər doğrudur?! Yaxud bu əsgərin vətəndaşla doğru davranmamasının hansı nəticələrə səbəb ola biləcəyini heç düşündünüzmü?!
Belə həssas dövrdə vətəndaşa qarşı istənilən kobud davranış etiraza, həm də hökumətin effektiv fəaliyyətinə kölgə düşməyinə səbəb ola bilər. Çünki karantində yaşamaq insanların psixologiyasına ciddi təsir edir və adətən kütlə hər şeydə günahkar axtarışına çıxır. Hökumət yuxarıda qeyd etdiyimiz ikinci davranış formasının təhlükəli olduğunu unutmamalı və polislərin, eləcə də əsgərlərin təlimatlandırılması düzgün aparılmalıdır...
P.S. Gərək vətəndaşlarda polislərimizinüzərinə düşən vəzifələrinin nə qədər çətin və məsuliyyətli olduğunuanlayaraq, onlarla davranışlarına diqqət yetirsinlər!
Zaur Hacılı Demokrat.az


