“Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Milli Məclisin ən aparcı komitələrindən biridir. Əvvəlki illərdə Milli Məclisdə hüquqşünasların sayı kifayət qədər olmayıb. Bu baxımdan biz siyasi mənsubiyyətindən asılı olmayaraq, hüquqşünasların Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təmsil olunmasında maraqlıyıq. Amma mən komitə sədri kimi hüquqşünas millət vəkillərinə, o cümlədən Erkin Qədirliyə də tövsiyə edərdim ki, Parlamentdəki fəaliyyətə başlamamışdan əvvəl normayaratma işimizin əsasını təşkil edən qanunlarla o cümlədən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müddəalarında daha diqqətli olsunlar”.
Demokrat.az bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin I vitse-spikeri Əli Hüseynli deyib.
““Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48-ci maddəsinə görə qanun layihəsi normayaratma orqanına təqdim edilərkən aktın qəbul edilməsi zərurəti əsaslandırılmalıdır. 48.3-cü maddə normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına hansı məlumatların daxil edildiyi göstərilir. Amma Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş layihələrlə bağlı istisna mövcuddur. Belə ki, 48.6-cı maddəyə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur. Bu baxımından Erkin Qədirlinin bu iradının heç bir əsası yoxdur. Onu da bildirmək istəyirəm ki, 46.6-cı maddəyə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur. Bununla yanaşı qeyd etmək istəyirəm ki, baxmayaraq ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda ümumiyyətlə normativ hüquqi aktların əsaslandırmanın yazılı olması ilə bağlı birbaşa tələb yoxdur, Milli Məclisin işini daha effektiv və asan etmək məqsədi ilə qanun layihələrinə ehtiyac bilindikdə müqayisəli arayış və izahat da əlavə edilir. Həmçinin, Milli Məclisin komitə sədrlərinin və ümumiyyətlə məruzəçilərinin şifahi təqdimatı da qanun layihəsinin əsaslandırılmasına xidmət edir və onun bir elementi kimi qəbul edilməlidir” – Ə.Hüseynli qeyd edib.


