Peruda Silahlı Qüvvələrə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 hərbçi həlak olub. Qəzadan yalnız pilot sağ çıxıb.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Peru Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə ölkənin cənubundakı Ayakuço bölgəsinin Sanabamba kəndi yaxınlığında baş verib. Helikopter xidmət uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin qalıqları və göyərtədəki 9 hərbçinin yeri müəyyən edilib. Onlardan 8-nin öldüyü, pilotun isə sağ qaldığı bildirilib. Yaralı pilot tibbi yardım göstərilməsi üçün ərazidən təxliyə olunub.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzanın baş verdiyi VRAEM bölgəsi Peru And dağlarının cənub-şərqində yerləşən geniş dağlıq və meşəlik ərazidir. Narkotik qaçaqmalçılığı və silahlı qruplaşmaların fəaliyyəti səbəbindən bu ərazi ölkənin təhlükəsizlik qüvvələrinin əsas əməliyyat zonalarından biri hesab olunur.



