Balıqla qatıq yeməyin zəhərlənməyə səbəb olduğu, yemək zamanı su içməyin çəki artırdığı və limonlu suyun arıqlatdığı kimi inanımlar cəmiyyətdə geniş yayılıb. Lakin bu fikirlərin bir çoxu həqiqəti əks etdirmir.
Demokrat.az xəbər verir ki, balıq təzə olduğu halda onu qatıqla birlikdə yemək zəhərlənməyə səbəb olmur. Belə hallarda zəhərlənmə riski balığın düzgün saxlanılmaması və tərkibində histaminin yaranması ilə əlaqəli ola bilər.
Yemək zamanı su içməyin çəki artırdığı fikri də yanlış hesab olunur. Əksinə, su içmək iştahın tənzimlənməsinə kömək edə bilər. Eyni zamanda, limonlu və ya sirkəli suyun acqarına içilməsi arıqlamağa səbəb olmur. Bu içkilər müəyyən faydalar versə də, birbaşa çəki itkisi yaratmır.
Məqalədə digər yanlış inanımlara da toxunulub. Belə ki, çörəyi qızartmaq onun kalorisini azaltmır. Zeytun yağı digər yağlardan daha faydalı hesab edilsə də, həddindən artıq istifadə edildikdə o da çəki artımına səbəb ola bilər. Həmçinin, yeməkdən sonra meyvə yeməyin kökəltdiyi fikri də doğru deyil.
Qidalanma ilə bağlı bu kimi inanımlar insanların gündəlik seçimlərinə təsir etsə də, hər bir məhsulun faydası və zərəri onun miqdarından, tərkibindən və qəbul qaydasından asılıdır.



