Bu gün Bakının Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən tarixi binanın qapısının dəyişdirilməsi müzakirələrə səbəb olub. Belə ki, binanın naxışlı taxta qapısı sökülərək yerinə şüşə konstruksiya quraşdırılıb. Maraqlısı isə odur ki, yeni qapının üzərinə əvvəlki tarixi qapının təsviri yapışdırılıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında novator memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, tarixi binanın orijinal qapısının sökülərək yerinə sadəcə onun təsvirinin yapışdırılması peşəkar konservasiya və bərpa prinsiplərinə uyğun deyil.

Onun sözlərinə görə, tarixi binada qapı, pəncərə, balkon, ornament və digər detallar sadəcə dekorativ elementlər deyil, həmin abidənin autentikliyinin və memarlıq dəyərinin ayrılmaz hissəsidir:
"Tarixi binanın memarlıq xüsusiyyətlərinin qorunması olduqca vacibdir. Mülkiyyət hüququ ilə yanaşı, belə tikililərin tarixi və memarlıq dəyərinin qorunması da nəzərə alınmalıdır.
Mülkiyyət hüququ var, amma həmin binanın tarixi siması artıq ictimai və milli mədəni irsin bir hissəsidir. Memarlıq mühiti yalnız funksional obyekt kimi deyil, insanın yaddaşı, şəhərin kimliyi və məkanın bütövlüyü ilə birlikdə qiymətləndirilməlidir. Tarixi elementin orijinalını dəyişib onun görüntüsünü saxlamaq bu bütövlüyü qorumur. Tarixi qapının şəklini yerləşdirməklə tarixi qorumuruq. Əksinə, orijinalı itirib onun dekorativ surətini saxlamış oluruq".



